Atilla” Sumqayıtda səhnəyə çıxacaq

 

 

   Sumqayıt Dövlət Dram Teatrında bu mövsümün daha bir tamaşasının məşqləri başa çatıb. Kollektiv tarixi mövzuya üstünlük verərək, qocaman yazıçı Əfqanın yaradıcılığına müraciət edib. Əsasən kənd həyatından və Böyük Vətən müharibəsindən bəhs edən roman və pyesləri ilə tanınmış yazıçı artıq neçə illərdir ki, tarixi mövzuda yazır.

   Sumqayıt teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov yazıçı-dramaturqun «Xaqan» pyesi əsasında «Atilla» adlı tamaşaya quruluş verib. Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Telman Qəniyevdir.

   Bu günlərdə teatrda keçirilən tamaşaya daxili baxışda müəllif də iştirak edib.

   Müəllif, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov, baxışa dəvət edilmiş ziyalılar tamaşa barədə öz fikirlərini bölüşüblər.

   Qədim türk-hun tarixinin ən möhtəşəm simalarından olan Atilla obrazı Əməkdar artist Cəlal Məmmədova həvalə edilib. Digər rollarda Əməkdar artist Rauf Ağakişiyev, aktyorlar Habil Xanlarov, Yalçın Səlimov, Vəfa Qurbanova və Rövşən Əsgərov çıxış edirlər. «Atilla» dramının gələn il tamaşaçılara təqdim edilməsi planlaşdırılır.

  

   G.Mirməmməd

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.7.