Kamança dünyanın mədəni xəzinəsində
Dekabrın 15-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Kamançanın hazırlanması və ifaçılıq sənəti UNESCO-nun siyahısında” adlı tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq kamançanın ifaçılıq sənətimizdə tutduğu yerdən danışdı. Diqqətə çatdırdı ki, bu yaxınlarda Koreya Respublikasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Qeyd olundu ki, kamançanın bu təşkilatın siyahısında yer alması milli musiqi sənətimizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfədir.
Muzeyin şöbə müdiri Təranə Zeynalova arxiv materialları əsasında hazırlanan videoçarxın müşayiəti ilə məruzə etdi. Bildirdi ki, “kaman” sözü farsca “yay, qövs” deməkdir. Alət farslara türklərdən keçib. Sözün türkcə qarşılığı “qişek”dir. “Kamança” adı ilə tanınan bu musiqi aləti Azərbaycanda, İranda, Qafqazda geniş yayılıb. Misirdə ona “kamanqa”, Orta Asiyada “qişek”, Türkiyədə “ikiliq” deyilir... Bu musiqi aləti həm də Orta əsr klassik ədiblərinin əsərlərində geniş təsvir olunub. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “Musiqi məclisi” rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilib. Əbdülqadir Marağayi əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da haqqında geniş məlumat verib.
Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev tədbirin əhəmiyyətindən danışdılar. Bildirildi ki, Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümunəsi kamançadır. Kamança muğamlarımızın ifasında əsas olan trioya (tar, kamança, qaval) daxildir. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayıb. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması da güman edilir.
Sonra tədbir konsert proqramı ilə davam etdi. Konsert çərçivəsində
muzeyin Qədim musiqi alətləri ansamblı, Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında
bir-birindən maraqlı
ifalar təqdim edildi.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.10.