Türk dünyası coğrafiyasında tarixi-mədəni irs: Qarabağ abidələri

 

 

   Dekabrın 16-da Ankarada Türkiyə Baş Nazirliyi yanında Tanıtma Fondunun dəstəyi və Türkiyə Anıtlar Dərnəyinin təşəbbüsü ilə “Türk dünyası coğrafiyasında tarixi-mədəni irs: Qarabağ abidələri” mövzusunda simpozium keçirildi. Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Türkiyə, Azərbaycan və Almaniyadan elm və mədəniyyət xadimləri, millət vəkilləri, media təmsilçiləri iştirak edirdi.

   Öncə Qarabağ abidələrinin rəsmlərindən ibarət sərgiyə baxış keçirildi. Simpoziumda açılış nitqi ilə çıxış edən Türkiyə Anıtlar Dərnəyinin sədri Səlcuq Önal iştirakçıları salamlayaraq türk dünyasının məsələlərinə hər zaman diqqət göstərən, bu layihəyə dəstək olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçuya minnətdarlığını bildirdi. Sonra o, dərnəyin fəaliyyətindən bəhs edərək bildirdi ki, 1946-cı ildə qurulan dərnək tarixi mirasımızın, yüzlərlə abidənin qorunub gələcək nəsillərə ötürülməsində fəal rol oynayıb. Qarabağdakı abidələr barədə danışan S.Önal bildirdi ki, Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi və mədəni irsin dağıdılması, saxtalaşdırılması UNESCO-nun Dünya mədəni və təbii mirasının qorunması haqqında konvensiyasının pozulmasıdır: “Ermənistan işğal etdiyi torpaqlardakı irsi özününküləşdirmək siyasəti yürüdür. Bu torpaqlarda Azərbaycanın 40 mindən çox eksponatı olmuş 22 muzeyi talan edilib, xalqın tarixi və mədəniyyətini əks etdirən sənət nümunələri məhv edilib”.

   Tədbirdə çıxış edən Ankaradakı Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Cəmil Ünal Qarabağ torpaqlarına ermənilərin məqsədli şəkildə yerləşdirildiyindən bəhs etdi. Bildirdi ki, 1828-ci il Türkmənçay (Rusiya-İran) və 1829-cu il Ədirnə (Rusiya-Osmanlı) müqavilələrindən sonra İrandan və Türkiyədən minlərlə erməni Qarabağa köçürüldü. O, çıxışında bu gün erməni işğalçılarının Qarabağda törətdikləri əməllərdən danışdı, bu həqiqətlərin dünyaya yayılmasında Azərbaycan Mədəniyyət Dərnəyinin də səy göstərdiyini dedi.

   Açılış nitqlərindən sonra panel toplantıları başlandı. Birinci panelQarabağda türk və müsəlman izlərini əks etdirən tarixi və mədəni abidələrdən dünyanın Qarabağa baxışı”, ikinci panel isə “Qarabağın işğalından sonra yox edilən tarixi və mədəni miras ilə işğal altındakı bölgələrin gələcəyinə ümumi baxış” adlanırdı.

   Panellərdə professor Aygün Attar, Azərbaycan Milli Məclisinin üzvü Fərəc Quliyev, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu, Ramazan Öz, Əziz Ələkbərov, Seyfəddin Altaylı, Rza Heyət və başqa elm adamları mövzular ətrafında maraqlı məruzələr etdi. Çıxışlarda Qarabağda məhv edilən tarixi mirasımız, vaxtilə torpaqlarımızın ermənilərə verilmə səbəbləri, Cənubi Qafqazdakı strateji oyunlars. mövzulara toxundular.

   Çıxışlardan sonra iştirakçılara təşəkkür plaketləri təqdim edildi.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.10.