Cəfakeş alim, el ağsaqqalı

 

 

   Filologiya elmləri doktoru, professor İmamverdi Əbilov təkcə ədəbiyyatşünas alim, pedaqoq kimi yaddaşlarda qalmayıb. O, həmçinin milli təəssübkeş ziyalı kimi tanınıb.

   İmamverdi Xankişi oğlu Əbilov 19 dekabr 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə işləsə də, ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə həsr edib.

   Ədəbi fəaliyyətə əsrin 40-cı illərindən başlayan İ.Əbilovun ilk şeiri 1944-cü ildə “Bolşevik” qəzetində dərc edilir. Sonrakı yaradıcılığında ədəbi tənqidə üstünlük verir. Mətbuatda məqalələrlə çıxışlar edir. Ədəbi mühitdə yeni fikirləri, tənqidi yanaşmaları ilə tanınır. Rəsul Rza haqqında ilk kitabı 1960-cı ildə kütləvi tirajla çap olunur. O, 1970-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Respublikanın “Qabaqcıl maarif xadimi” adına layiq görülür. Ənənə və novatorluq, şeirimizdə forma axtarışları, epik janrın imkanları, ədəbiyyat və tərbiyə haqqındakı sanballı əsərləri ilə geniş oxucu marağını cəlb edən İ.Əbilov çağdaş Azərbaycan ədəbiyyatının bütün görkəmli nümayəndələrinin yaradıcılığı haqqında dəyərli elmi məqalələr çap etdirir. Publisistik əsərlərindən bəzi nümunələr orta məktəbdə tədris olunan “Ailə” dərsliyinə daxil edilir.

   1985-ci ildə “SSRİ maarif əlaçısı”, 1990-cı ildə isə Krupskaya adına Ümumittifaq pedaqoji mükafatının laureatı adına layiq görülür. Moskva, Tehran, Bağdad və digər şəhərlərdə keçirilən elmi simpoziumkonfranslarda fəal iştirak edir. 1998-ci ildə Tehranda və Təbrizdə keçirilən Şəhriyar simpoziumları üçün hazırladığı məruzə kitab halında nəfis şəkildə çap olunur.

   Yeni dərsliklərin yaradılması üzrə respublika komissiyasının üzvü olan İ.Əbilovun elmi, ədəbi, nəzəri, pedaqoji məsələlərdən bəhs edən 700-dən artıq məqalə və resenziyası işıq üzü görüb. Onun “Rəsul Rza”, “Azərbaycan ədəbiyyatında yeni insan”, “Könül dünyamıza səyahət”, “Xatirələr işığında”, “Uzaq keçmişimizdən uzaq gələcəyə”, “Şəhidlər mehrabı... Rəhmət duası...”, “Ömrün anları”, “Əsrlər... Nəsillər... Əməllər...”, “Ağsaqqal ləyaqəti”, “Ömrün dan qızartısından qürub şəfəqlərinədək...”, Xalqla xidmət el məhəbbətinə körpüdür” və s. kitabları maraqla qarşılanıb. İ.Əbilov AMEA-nın dəstəyi ilə Neftçalada keçirilən “Yeni dövr və ziyalı mövqeyi”, “Ziyalı və zaman”, “Füzuli-500”, “Dədə Qorqud-1300” və s. mövzularına həsr olunan elmi-nəzəri konfransların təşəbbüskarı olub. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2000-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülür.

   İ.Əbilov mülayim, xoşrəftar olduğu qədər də prinsipial və qətiyyətli ziyalı kimi tanınıb. Mərhum akademik Bəkir Nəbiyev “El ağsaqqalı, elm fədaisi” kitabında yazır: “1972-ci ildə Yazıçılar İttifaqının Salyanda keçirilən səyyar plenumunda çıxış edən İmamverdi Əbilov Azərbaycanda uzun illərdən sonra Əli bəy Hüseynzadə barədə danışan ilk ziyalılardandır... Rəsmi bir iclasda İmamverdi müəllim Əli bəy Hüseynzadənin adını böyük ehtiramla xatırlatdı, bu sahədə ilk mərdanə addım atdı”.

   Həmin plenumda iştirak edən Xalq şairi Söhrab Tahir “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Mən sənə Təbrizdən baxıram” məqaləsində həmin çıxışla bağlı xatirələrində yazır: “...O vaxta qədər Əli bəy Hüseynzadəni cəmiyyətdə turançı kimi, Türkiyəyə mühacirət etmiş bir ideoloq kimi tanıdırdılar. Akademiyada elmi işçilər vaxtaşırı olaraq onun əleyhinə yazırdılar... Plenumda o vaxt nisbətən gənc olan İmamverdi Əbilova söz verildi. İlk cümləsini olduğu kimi xatırlayıram: “Mənim əzizlərim, - dedi, - siz Əli bəy Hüseynzadənin vətəninə xoş gəlmisiniz!” Onun bu ilk cümləsinə hamı məəttəl qaldı. Mən də heyrətlənmişdim... Hamı altdan-altdan bir-birinə baxırdı ki, kim bu nitqin cavabını verəcək. Salona qəribə bir sükut çökmüşdü və qəfil elə bil partlayış oldu. Uzun sürən alqış başlandı. Salyanlılar uzun illərdən sonra ilk dəfəydi ki, Əli bəyin adının belə ehtiramla çəkilməsini alqışlayırdılar. Mən həmin gündən İmamverdi müəllimin ayıq milli şüuruna hörmət etməyə başladım”.

   İ.Əbilov 2013-cü ildə BMT tərəfindən ədəbiyyat sahəsində böyük xidmətlərinə görə “İmaninama görə” ordeni ilə təltif edilib.

   Müdrik el ağsaqqalı, cəfakeş alim, professor İmamverdi Əbilov 9 aprel 2016-cı ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.11.