Milli kinomuzda əcnəbi
musiqilər
(İkinci yazı)
Kinonun yarandığı vaxtdan bədii məzmunun, qəhrəmanların yaşantılarının, münasibətlərinin xarakterinin açılmasında musiqi önəmli vasitə olub. Azərbaycan kinematoqrafiyasında milli musiqimizlə yanaşı əcnəbi melodiyalar da nəzərəçarpacaq yer tutur. Bu kontekstdə son onilliklərin filmlərindən söz açacağıq. Xatırladaq ki, milli kinoda dövrün tanınmış, populyar əcnəbi musiqiləri 1960-cı illərdən dəbə düşüb.
“Siz bir bu musiqini
dinləyin, fantastikadır...”
1978-ci ildə rejissor Yuli Qusman “Bir
ailəlik bağ evi” filmini lentə
alır. Filmdə “Rio Rita” mahnısı səslənir.
1927-ci ildə ispan əsilli müğənni Enriki Santeuxininin ifasında səslənən bu musiqi Brodvey müziklləri üçün
yazılmışdı. Mahnı o qədər məşhurlaşır
ki, bütün Avropada bu ad altında gecə klubları açılır.
Keçmiş SSRİ-də 1937-ci ildən populyarlaşmağa
başlayan mahnının
ilk variantı instrumental olsa
da, müğənni sonradan ona sözlər
əlavə edir.
İfaçı Donna Samerin “Love to love baby” mahnısı həmin dövrdə bütün disko dünyasında tüğyan edir. Bu kompozisiya adıçəkilən
filmdə Xalq artisti Rasim Balayevin
yaratdığı qəhrəmanın
zövqündən xəbər
verir. O, bağa gələn qonaqlarına
“Siz bir bu musiqini dinləyin,
fantastikadır”, - deyir.
Filmlərimizdə əcnəbi musiqi
mövzusunu araşdırarkən
maraqlı faktlarla rastlaşırıq. XIX əsrin
sonu - XX əsrin əvvəllərində Bakının
hazırda Hacı Zeynalabdin Tağıyevin adını daşıyan
köhnə küçələrindən
birində çexiyalı
iş adamı İndrijix İndrijişek
yaşamışdır. O, musiqi valları və musiqi alətlərinin satışı
ilə məşğul
idi. Bu həmin
İndrijix idi ki, şəhərdə bir neçə mağazası vardı və elektron fonoqrafı da Bakıya məhz o gətirmişdi. Bu faktı vurğulamaqda məqsədimiz var. Ehtimal
ki, onun satdığı vallar içərisində öz
həmyerlisi Antonin Dvorjakın da valları olub. Onun bəstələri Avropanın
ən çox dinlənilən əsərlərindən
idi. Bəstəkarın 1860-cı ildə yazdığı “Melodiya”
adlı əsər Azərbaycan filmlərinin birində özünə
yer alır. 1979-cu ildə lentə
alınan “Dvorjakın
melodiyası” adlı
film mərhum rejissor Nazim Abbas tərəfindən
çəkilib. Filmdə İkinci
Dünya müharibəsi
illərində əsir
düşmüş yaralı
azərbaycanlı əsgərin
başına gələn
hadisələrdən söhbət
açılır.
Əcnəbi musiqilərin “İstintaq”ı...
Tanınmış rejissor Rasim
Ocaqov 1979-cu ildə “İstintaq” filmini çəkir. Filmdə Murad
(Həsən Məmmədov)
oğlu ilə keçirdiyi xoşbəxt
anları xatırlayır.
Bu zaman səslənən
musiqi məşhur
“Sympathy” kompozisiyasıdır. 1970-ci ildə fransız
bəstəkar Paul Morianın
orkestrinin yazdırdığı
bu musiqi onların albomunda 1975-ci ildə yer alır.
Kompozisiyanın müəllifi isə
İngiltərənin “Rare Bird” rok qrupu idi.
Onlar musiqini ilk dəfə 70-ci
ilin əvvəlində
ifa etmişdilər.
P.Morianın ustalığı onda idi ki,
o, çox populyar əsərləri özünəməxsus
şəkildə aranjiman
edərək təqdim
etməyi bacarırdı.
Məhz bu musiqi “İstintaq”
filmində xoşbəxt
günlərin nostalgiyasını
ifadədə çox
yerinə düşür.
“Vyana meşəsinin nağılı”
- bu əsər 1868-ci
ildə Avstriya bəstəkarı, dirijor
İohan Ştraus
tərəfindən yazılıb.
1938-ci ildə Hollivud bu əsərin
yaranma tarixini “Böyük vals” bədii filmində əyani olaraq göstərir. R.Ocaqov 1981-ci ildə lentə aldığı “Bağlı
qapı” filmində bu musiqiyə yer verir. Ekran əsərində baş verən hadisələrin fonunda bu musiqidən
məharətlə istifadə
olunub.
“Bu lüstr qırılıb düşə
bunun təpəsinə...”
Bunu biz demirik a, Cənnət
xala deyir. Xalqımızın çox
sevdiyi “Qayınana”
(1978) filminin artıq dillər əzbərinə
çevrilən bu qəbildən ifadələrini
və Xalq artisti Tofiq Quliyevin
şedevr bəstələrini
kim unudar...
Hüseyn Seyidzadənin çəkdiyi
ekran əsərində
ən maraqlı epizodlardan biri də gəlin Afətin “Boney M” qrupunun məşhur “Sunny” mahnısının
sədaları altında
rəqs etməsidir.
Mahnını qrupdan əvvəl
Bobi Heb, Marvin Gaye, Stiv
Vonder, Tom Cons və
Ella Fitscerald kimi müğənnilər ifa
etmişdilər. Amma ən
uğurlu ifa
1976-cı ildə “Boney M” qrupu
tərəfindən oldu
və geniş şöhrət qazandı.
Afətin şıdırğı rəqsi bu gün
də filmə baxanlarda qəribə bir əhval, nostalgiya yaradır.
“Qayınana”
filmində səslənən
daha bir əcnəbi musiqi isə 1956-cı ildə Amerika müğənnisi Littel Richrad tərəfindən ifa edilən “Good golly, miss molly” mahnısıdır.
1968-ci ildə mahnını Amerikanın
məşhur "Creedence
Clearwater Revival” qrupu yenidən
oxuyur və bu mahnı məşhur
filmimizdə də yer alır. Yəqin ki, dəlixana, yanğınsöndürənlər səhnəsini gözəl
xatırlayırsınız. Afət gecənin bir aləmi “Hamlet” tamaşasından
kiçik bir monoloq söylədikdən
sonra dəlilər kimi məhz bu mahnının sədaları altında rəqs edir.
“...Ağazəkidə
olan vallar heç filarmoniyada da yoxdur”
Dünya şöhrətli Avstriya bəstəkarı
Motsartın 1788-ci ildə
yazdığı məşhur
“40-cı simfoniya” təxminən
iki əsr sonra vətənindən uzaqlarda - Azərbaycanda lentə alınan filmdə səslənir.
1984-cü ildə Xalq
artisti, rejissor Eldar Quliyevin lentə aldığı
“Gümüşgöl əfsanəsi”
bədii filmində dükançı Ağazəki
(Həsən Turabov) intellektual insan kimi təqdim edilir. Mağazada işləməsinə baxmayaraq, həmişə
dünya bəstəkarlarının
əsərlərini dinləyir.
Onun sevdiyi əsərlərdən
biri də məhz “40-cı simfoniya”dır.
Filmdə Ağazəkinin radioda dinlədiyi musiqilər sırasında Bethovenin
“Ay sonatası” əsəri
də var. Ekran işində maraqlı süjet, aktyor oyunu ilə yanaşı, bir anlıq ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin
vacibliyi də vurğulanır. Bu kontekstdə dövrün gənclərinin həyat tərzi də öz əksini tapır. Filmdə Maykl Ceksonun
ifasında məşhur
“Thriller” mahnısından da
istifadə edilib.
“Kişi sözü”, “Bəxt üzüyü” və “Təhminə”nin əcnəbi melodiyaları
Rejissor Cahangir Mehdiyevin 1987-ci ildə
çəkdiyi “Kişi sözü”
filmində əcnəbi musiqilərdən yetərincə
istifadə olunub. 1973-cü ildə
İngiltərənin “Pink Floyd” adlı məşhur rok qrupunun “The dark side of
the moon” mahnısı bu
filmdə səslənir.
Qasımın dükana gəlib
rəqibi ilə rastlaşdığı kadrlarda
biz bu musiqinin sədalarını eşidirik.
1980-ci ildə İngiltərədə
yaranmış “Shakatak”
qrupunun musiqisinin də bu filmdə
yer alması təsadüfi deyil. Həmin dövrdə bu qrup Bakıda da çox sevilirdi.
Qrupun
“Holding on” mahnısı filmdə
özünə rəğbət
qazandıra bilir.
Aktyor və rejissor Ramiz Əzizbəylinin ekranlaşdırdığı “Bəxt üzüyü”
(1991) filmində o dövrün
dəbdə olan avtomobil modelində gəzən Rasim Qasanoviçin (Rafael Dadaşov)
maşınının siqnalı
“Xaç atası” filmində səslənən
Nino Rotanın əsəridir.
Bununla rejissor obraza olan ironiyasını ortaya qoyur. Filmdə kiçik insanların böyüklük iddiaları
önə çəkilir.
Maşında isə Rasim
Amerika müğənnisi
Maykl Boltonun mahnılarını dinləyir.
“Love is wonderful thing” mahnısı
filmdə obrazın özü ilə düz mütənasiblik təşkil edir.
Rasim Ocaqovun 1993-cü ildə Xalq yazıçısı Anarın
ssenarisi əsasında
lentə aldığı
“Təhminə” filmi də rəngarəng musiqiləri ilə seçilir. Filmdə F.Şopenin
“20-ci noktürn”ü səslənir
və məhəbbəti
simvolizə edir.
Azərbaycan filmlərində səslənən əcnəbi
musiqilər mövzusunda
geniş araşdırma
aparsaq, bir-birindən daha maraqlı faktlar rastımıza çıxar. Kino və musiqi var olduqca rejissorların
maraqlı tapıntı
və düşüncələri
fonunda bu sintez bizi heyrətləndirməkdə
davam edəcək.
* * *
Yazını bitirdiyim məqamda
ani olaraq rejissor Şamil Mahmudbəyovun “Şərikli
çörək” filmi
(1969) yadıma düşdü.
Xatırlayırsınız, Vaqifin çörək
kartoçkaları tapılır
və o, qaçaraq çörək köşkünə
gəlir. Bu zaman
çörəkçi radionu
açır və oradan deyilir: “Radio dinləyicilərinin sifarişi
ilə konsertimizə başlayırıq”. Dinləyici istəyi
ilə verilən konsert proqramında İ.S.Baxın “Toccata and fugue in d Minor” əsəri səslənir.
Ən maraqlı məqam isə bir cənublunun
müharibə şəraitində
həmin musiqiyə olan münasibətinin çörəkçinin simasında
öz əksini tapmasıdır.
(Birinci yazı qəzetin 1 dekabr sayında dərc olunub)
Lalə Azəri
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.13.