Bəşəri ovqat DAHİsi

 

 

   Tək elə adı dünyəvi “xoşəhvallıq” anlayışına adekvat Çarli...

  

   “Təbəssüm”, “gülüş”, “şaqqanaq”, “məzhəkə”, “məsxərə”, “komediya”, “konsert”, “pozitiv”, “ləzzət” anlamlı sözlərin hamısına sinonim Çaplin...

   Fitri istedad aləmi, ruhsal-işgüzar energetikası fiziksəl həcm və çəkisindən dəfə-dəfə böyük, qat-qat artıq canlı sənət mücəssəməsi - fenomenal ABŞ və İngiltərə rejissoru, komedist-aktyoru, ssenaristi, bəstəkarı Çarlz Spenser Çarli Çaplin.

   Öz avtotəqdimatında (qızına yazdığı məktubda) isə: “Sənin bəzi tamaşaçıların qışqırışacaqlar: “Bu qızı görürsüz?! Bu, qoca təlxəyin - Çarlinin qızıdır!..”

  

   Dünyaca məşhur tamaşaçılar isə tamam başqa sözlər söylədilər, ancaq (təəssüf ki), bu nəhəng, çoxtərəfli sənətkarla bağlı bu yazıda onlardan ikisinə yer (və yeri) var. Həm də ona görə ki, onun, sonda tanış olacağınız (onsuz da ağrıya-ağrıya ixtisar etdiyim) misilsiz-müdrik məktubunun yeri çox da daralmasın.

   Beləliklə, onun filmlərini daim çox lirik məftunluqla izləmiş dahi fizik Albert Eynşteyn: “Mister Çaplin, Sizin filmləri bütün dünya anlayır və mən əminəm ki, Siz tezliklə dahi çağırılacaqsız” (Maraqlıdır ki, o vaxt hələ dahi “olmayan”ın cavabı dahiyanə olub: “Mister Eynşteyn, mən Sizinlə daha çox fəxr edirəm; “nisbilik” nəzəriyyənizi heç kəs anlamasa da, Siz artıq dahisiniz”).

   İkinci “deyim” bəndənizə məxsus. Belə ki, bildiyimə görə, doğum tarixçələrində 4 gün fərq olan bu bəşəri ovqat dahisi ilə bəşəri “şər dahisi” Adolf Hitler uşaqlıqda eyni “skaut”da (uşaq istiraət düşərgəsi) olublar və xeyli maraqlı deyilmi ki, sonralar onlardan biri bütün dünyanı güldürdü, o biri isə ağlatdı...

   Yer üzünə “dünya möcüzəsi” kimi zühur edən KİNOda çalışmasının elə ilk illərində ifa etdiyi “avara” obrazıyla bütün dünya tamaşaçıları tərəfindən “büt”ləşdirilən, 1910 - 20-lərdə “Planetin ən məşhur, ən tanınmış siması” hesab edilən bu “bapbalaca nəhəng”in 1967-yə qədər yaratdığı (statistikləri belə “çaş-baş” salan sayda!) filmləri, küll-tamaşaçını heyran qoyan rolları haqda geniş danışmaq - “görünən kəndə bələdçilik” kimi bir şey. Belədə, daha maraqlısı, bu total-fenomenal kinoçunun -

  

   “Kadrarxası” aləmindən fraqmentlər

  

   Londonda Çarlz və Hanna Çaplinlər ailəsində dünyaya gəlmiş bu canlı “atom”un bütün həyat-yaşam “qəlpə”ləri bənzərsiz...

   Valideynlərinin hər ikisi musiqiçi. O, anadan olandan bir az sonra ayrılırlar, ata alkoqoldan vəfat edir, ana psixi problemli olduğundan Çarli ögey qardaşıyla birgə internatda böyüməli olur. Kino karyerasına 5 yaşında ikən teatrda (çox uğurla oynadığı “küçə uşağı” roluyla) başlayır. İlk “böyük rol” arzusunasa 12 yaşında (1901) yetir. 1913-də ABŞ-a səfəri zamanı Keystoun film-studiyasının çəkilişlərində iştirak edir, az sonra aktyor yoldaşlarından bir cüt ayaqqabı, bir şalvar-pencək və yalançı (lakin məşhur!) bığ götürüb yaratdığı iki obrazla dünya şöhrəti “şose”sinə düşür, növbəti filmin ssenari və rejissorluğunu öz üzərinə götürmək cəsarətinə gəlir. Həmin filmin uğurundan sonra isə... təklif-dəvətlərdən can qurtara bilmir. 1915-də “Essanye Mutual Korporeyşn”ə (çox yüksək qonorara) işləməyə gedir və burada - ömürboyu ailə quracağı (hələ vurulduqları və vurulanları demirik) qadınlardan Edna Pörvienslə tanış olur. Daha sonra o, “First National”a keçir və burada tarixə “ilk milyon” müqaviləsi imzalayan ulduz aktyor kimi də düşür. Getdikcə filmlərinin ssenarisini özü yazır və özü istehsal edir. 1921-də dövrün ən uzun (51 dəq.) və süjetli kino işi olan “Uşaq” filmini çəkir.

   1918-ci ildə 29 yaşlı bu vunderkin 16 yaşlı aktrisa M.Harrislə evlənir, növbəti il doğulan oğulları ölür və o, 1920-də bu xanımdan da ayrılır.

   “First National”la müqavilə başa çatdıqdan sonra həmkarlarıyla birgə yaratdığı “United Artists” studiyasında “Qızıl hərisliyi” filminin çəkilişi zamanı vurulub-evləndiyi tərəf-müqabili 16 yaşlı Lita Qreydən bir uşağı olur. Lakin bu nikah da uğursuz; aralarında baş verən mübahisə səbəbilə ayrılırlar.

   1936-cı ildə ekranlara çıxan (zəmanənin inkişafını hər şeyin səbəbkarı kimi aksentləşdirən) “Yeni zamanlar” filmi öz müəllifilə birgə Amerikanın ideya-siyasi “buynuz”u ilə qarşılaşır. Mövcud sistem, ümumən kapitalizm əleyhinə çəkilmiş hesab edilən bu film silsilə tənqidlərə məruz qalır.

   Bu “azmış kimi”, 1940-cı ildə o, “Böyük diktator”u ekranlaşdırır və bu film, elə əvvəlcədən ehtimal olunduğu kimi, Amerika senzurasından keçmir. Nədən ki, Amerika konservatorları hələ Adolf Hitleri Avropada “bolşevizm və kommunizmə qarşı hərbi güc” hesab edir, alqışlayır, böyük siyasətçi adlandırırdılar. Hətta bu filmdən sonra nasionalistlər Çaplinə “yəhudi” damğası da vururlar.

   1936-da evləndiyi aktrisa Polett Qoddar ilə boşandıqdan sonra məşhur dramaturq Yucin O'Nilin qızı Una O'Nilə qovuşur və... öz xoşbəxtliyini tapmış olur. 1943-də evləndiyi bu xanımdan doğulan səkkiz uşağın birincisi - onun, aşağıda, təkrar edirəm, bənzərsiz bir məktub yazdığı Ceraldina idi.

   Müharibədən sonrakı illərdə tez-tez “dövlət məmurlarına qarşı” motivində sorğu-suala tutulur, FTB şefi Edqar Huve isə onu Amerikada yaşamaq hüququndan məhrum etmək istəyir. 1947-də qəzetlərdən birində “Mən Hollivuda müharibə elan edirəm!” adlı məqalə çap etdirməsi, böyük nailiyyətlərə Amerikada çatmasına baxmayaraq, “Mən dünya vətəndaşıyam” bəyanatıyla Britaniya vətəndaşlığını saxlaması, liberal və pasifist siyasi cərəyanlara qulluq etməsi (və şəriksiz film ulduzu olması!) ilə o, problemlərinin sayını çoxaltmışdı.

   1952-ci ildə təzə çəkdiyi filmin nümayişi məqsədilə İngiltərəyə qısa səfərə çıxır, bundan xəbər tutan FTB-çi Huver onun Amerikaya qayıdışının qarşısını alır. Buna görə Avropada qalmaq qərarına gələn Çaplin elə həmin il İsveçrəyə köçür, Cenevrə gölü ətrafında yaşamağa başlayır və onunçün yaradılmış bu süni “emiqrant”lıq problemini 1957-ci ildə başa çatdırdığı “Nyu-Yorkda bir şah” filmində ifşa edir.

   Və onun bu “zorənistirahət” məkanındakı qələm qənimətlərindən: “Qadın istənilən kişi milyarderi milyonçu edə bilər”, “Ayna mənim ən yaxşı dostumdur; mən ağlayanda o, əsla gülməz”, “Bir adamı öldürsən qatil, milyonlarla adamı öldürsən - qəhrəmansan”, “Dünya hər kəsə çatacaq böyüklükdədir; başqasının yerini qapmaqdansa, çalışaraq gerçək yerinizi tapın”, “Yağışda yeriməyi həmişə sevmişəm - heç kim ağladığımı görə bilmir deyə...”, “Zaman ən yaxşı yazardır; hər zaman mükəmməl sonu yazar”...

   “Honkonqlu qrafinya” filminin çəkilişləri zamanı tez-tez səhhət problemlərilə üzləşən Çaplinin yaradıcılıq fəallığı da zəifləyir. 1972-ci ildə “Fəxri Oskar” mükafatını almaqçün sonuncu dəfə ABŞ-a - onu şöhrət zirvəsinə qaldırdığı kimi, dərbədərlik girdabına da saldıran ölkəyə gedir. Həmin səfərdən sonrakı beşillik “sükut”unda (habelə bu gün 40 ili tamam olan cismani yoxluğunda) da dünyanı bənzərsiz sənət silkəmində saxlayan bu dahi 25 dekabr 1977-ci ildə İsveçrənin Veve şəhərində vəfat edir.

   Və bu yazı uzunu tez-tez vurğuladığım həmin o dahiyanə, səssiz filmlərindən də “səsli” -

   

   Məktub

  

   “Qızım mənim!

   Bu gün Milad gecəsidir. Anan, qardaşın, bacın - hamı otaqlarımızda yatışıb. Sənsə məndən nə qədər uzaqdasan! Portretin masam üstündə, surətin daim gözlərim qarşısında, qəlbimdə, özünsə nağıllar diyarı Parisdə - möhtəşəm səhnədə rəqs edirsən. Mən gecənin bu qaranlığında sənin bayram səhnəciyində tatar xanına aşiq olmuş fars gözəli rolunu necə ifa etdiyini görürəm. Daim ulduz ol və parılda! Lakin əgər tamaşaçıların alqış coşğusu, qucaq-qucaq gülləri səni sərxoş edəcəksə, bir küncə çəkil və mənim bu məktubumu oxu.

   Mən sənin atanam, Ceraldina! Sən körpəykən yatağın başında “yatmış gözəl”, əjdaha haqda nağıllar danışarkən gözündən tökülən yuxuya: “Çıx get! Mənim ən şirin yuxum bax, bu gözəl qızımın arzularıdır!” - demiş Çarliyəm...

   Mən sənin arzularını görürdüm, Ceraldina! Hətta bəzi tamaşaçıların deyəcəyi: “Bu qızı görürsüz?! Bu, qoca təlxəyin - Çarlinin qızıdır!” - sözlərini də eşidirdim...

   İndi zaman sənindir, qızım...

   Mən köhnə cırıq şalvarda rəqs edirdim, sənsə şahzadələrə yaraşan ipək libaslarda! Bu rəqslər və alqışlar səni bəzən göyə qalxızacaq. Uç! Lakin hərdən yerə də en! Soyuqdan və aclıqdan tir-tir əsən küçə rəqqaslarının da həyatını gör. Mən də onlar kimi olmuşam. Sənin yatdığın sehrli gecələrdə mən küçələrdə olur, nəsə qazanıb evə dönürkən sənin mələk simana baxır və özümdən soruşurdum: “Çarli, nə vaxtsa səni bu balaca pişik də tanıyacaqmı?”

   Sən məni tanımırsan, qızım. Mən sənə çox nağıl danışmışam, öz nağılımı isə...

   Bu nağıl da maraqlıdır, Ceraldina! Londonun kasıb məhəllələrində dayanmadan oxuyub-rəqs edən, sonra da sədəqə yığan təlxək haqda olan bu nağılın baş qəhrəmanı aclığın, başı üstdə adi bir dam olmamasının və ələsalınmanın nə olduğunu çox yaxşı bilir, Ceraldina...

   Mən qırx ildən çoxdur səhnələrdə insanları güldürürəm. Özümsə onların güldüyündən dəfələrlə artıq ağlamışam...

   Unutma ki, sənin yaşadığın aləm yalnız musiqi və rəqslərdən ibarət deyil. Sən gecəyarısı böyük zaldan çıxarkən öz pərəstişkarlarını unuda bilərsən, lakin səni evə aparan taksi sürücüsündən onun xanımı haqda maraqlanmağı unutma. Əgər onun xanımı hamilədirsə və ya uşaq bezi almağa pulları yoxdursa, onun cibinə əlavə pul qoymağı yaddan çıxarma. Narahat olma, bütün xərclərin mənim bankdakı hesabımdan ödəniləcək. Hərdən metro və ya avtobusdan da istifadə et ki, insanlara diqqət yetirə biləsən. Heç olmasa gündə bir dəfə özünə de: “Mən də onlar kimiyəm”. Bəli, qızım, sən onlardan birisən! Əgər bir gün sən özünü camaatdan üstün tutduğunu anlasan, dərhal səhnədən uzaqlaş və rastına çıxan ilk taksi ilə Paris kəndlərindən birinə get. Orada özün kimi gözəl, hətta səndən daha zərif olan çox rəqqas görəcəksən. Orada teatr projektorlarının gözqamaşdırıcı işıqları olmayacaq. Onların projektoru Aydır...

   Razılaş və etiraf et ki, hər zaman daha yaxşı rəqs edən biri tapılacaq! Və yadında saxla ki, Çarli ailəsində hələ heç vaxt fəhləni ələ salan, yoxsula lağ edən kəs olmayıb. Sənin heç zaman kasıblığın nə olduğunu bilməyini istəmirəm. Məktubla birgə göndərdiyim qəbzdəki məbləği istədiyin kimi xərcləyə bilərsən. Lakin iki frank xərclədiyin zaman üçüncü frankın sənin olmadığını unutma. O, ona ehtiyacı olan kəsindir. Ehtiyacı olan insanı tapmaq çox asandır. Mən sənə - iblis gücünə yaxşı bələd olduğum puldan danışıram; sirkdə keçirdiyim vaxtlarda həmin bu “iblis” naminə kəndir üstündə çox təhlükəli gəzintilər edən biçarələrə görə həmişə narahat olurdum. Lakin deyim ki, insanlar düz yerdə daha çox yıxılırlar. Ola bilsin ki, dəvət aldığın tədbirlərin birində hər hansısa bir brilyantın parıltısı sənin gözlərini qamaşdırsın. Həmin gündən etibarən sən təhlükəli kəndir üzərində gəzirmiş kimi olacaq və tez-gec yıxılacaqsan. Öz ürəyini qızıllara və qiymətli əşyalara satma. Ən böyük brilyant Günəşdir ki, hər kəsə işıq saçır. Nə vaxtsa kimisə sevsən, onu bütün qəlbinlə sev.

   Sənin bədənini yalnız ipək örtür. İncəsənət naminə səhnəyə çılpaq da çıxmaq olar, lakin oradan nəinki geyinilmiş halda, həm də pak qayıtmalısan. Mənim bu sözlərim sənə gülməli gələ bilər, ancaq sənin bədənin sənin ruhunu sevən kəsə məxsus olmalıdır.

   Bu məktub üzərinə göz yaşlarım axmayana qədər bu Milad gecəsinin möcüzəvi gecə olduğuna inanmaq, sənin, demək istədiklərimi başa düşməyini istəyirəm...

   Artıq Çarli qocalıb, Ceraldina. Gec ya tez, bir gün sən ağ səhnə paltarı əvəzinə, yas libası geyinəcəksən. İndi mən səni üzmək istəmirəm. Lakin hərdən güzgüdəki əksinə diqqətlə bax. Orada mənim cizgilərimi görəcəksən. Sənin damarlarında mənim qanım axır...

   Mən heç bir zaman mələk olmamışam, lakin daim insan olmağa çalışmışam. Sən də buna çalış, Ceraldina...

   Öpürəm səni!

   Sənin Çarlin.

   Dekabr 1965-ci il”.

   

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.15.