Özbəkistandakı Azərbaycan Mədəniyyət
Mərkəzi uşaq xeyriyyə
festivalında
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı - “Türküstan”da uşaq xeyriyyə festivalı keçirilib.
Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər. Azərbaycan tərəfi builki xeyriyyə festivalında iştirakını Azərbaycanın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edib.
Tədbirdə çıxış edən Daşkənd Şəhər Hakimiyyəti başçısının köməkçisi Omon Topilov ənənəvi olaraq hər ilin sonunda Daşkənddə internat evləri üçün keçirilən xeyriyyə festivalına təşkilatçılıq edən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyini yüksək qiymətləndirib.
Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillər olan uşaqların rolunu qeyd edib.
Festivalda Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı konsert təqdim olunub. Mərkəzin nəzdindəki “Azərbaycan qızları” və kiçikyaşlı oğlanlardan ibarət rəqs qrupları milli rəqslərimizi ifa ediblər.
Daşkənddəki internat evlərinin fiziki qüsurlu uşaqları özbək, Azərbaycan və dünya musiqi və rəqslərini nümayiş etdiriblər.
Tədbirin sonunda Daşkənddəki 15 uşaq
evi və internet məktəbinə
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
hədiyyələri təqdim olunub.
Mədəniyyət.- 2017.- 20
dekabr.- S.16.