Mingəçevir Turizm Kollecində yubilyar musiqiçilərə həsr olunmuş konfrans

 

 

   Mingəçevir Turizm Kollecində görkəmli musiqiçilər - bəstəkar, Xalq artisti Tofiq Quliyevin anadan olmasının 100 illiyi və Bakı Musiqi Akademiyasının rektoru, pianoçu, bəstəkar Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə konfrans keçirilib.

   Öncə konfrans iştirakçıları kollecin foyesində gənclərin əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgidə hər iki musiqiçinin şərəfinə elan olunmuş rəsm və əl işləri müsabiqəsinin seçmə nümunələri nümayiş olunub.

   Sonra tədbir iştirakçıları monitor vasitəsilə Tofiq Quliyev və Fərhad Bədəlbəylinin yaradıcılığından bəhs edən sənədli filmi izləyiblər.

   Konfransda kollecin direktoru Əyyub Əyyubov çıxış edərək hər iki sənətkarın yaradıcılığını Azərbaycan musiqi sənətinin qiymətli inciləri adlandırıb. Professor Əyyub Əyyubov musiqi xadimlərinin şərəfinə elan olunmuş rəsm və əl işləri müsabiqəsi qaliblərinə fəxri fərmanlar təqdim edib.

   Konfransda pedaqoqlardan Vüsalə Zeynalova, Aygün Hümbətova, Ceyhun Abdullayev və Rövşanə Fərəcbəyli “Görkəmli bəstəkar Tofiq Quliyevin musiqi dünyasına səyahət”, “SSRİ Xalq artisti Fərhad Bədəlbəylinin yaradıcılığı” və s. mövzularda məruzələrlə çıxış ediblər.

   Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyakonsert proqramı ilə davam edib. Proqramda Tofiq Quliyevin əsərləri ifa olunub.

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.4.