Şekspirin daşdəmir əhvalatı

 

 

   Artıq neçə əsrdir ki, Şekspir dünyanı gah sarsıdır, gah da güldürür. Ehtirasların qaynamağına, qanların və qurbanların çoxluğuna məhəl qoymayan ingilis dahisi eyni zamanda fələyin baş aça bilməyəcəyi hiyləgər ustalıq sayəsində anlaşılmazlıqların düyünü ilə mövcud cəmiyyətin sadəlövh adamlarından ən hörmətli vətəndaşlarına qədər hər kəsi gülünc vəziyyətə salır, auditoriyasına qəhqəhələr bəxş edir. Ötən əsrlərdən başlayan Şekspir möcüzəsi tarixindən və ənənələrindən asılı olmayaraq, bütün teatrları bu gün də cəlb edir, heç şübhəsiz ki, gələcəkdə də laqeyd qoymayacaq.

   Yüz illərlə təsdiqini tapmış həqiqətdir ki, teatr sənətində çalışan neçə-neçə rejissoraktyor nəsli, bir qayda olaraq, öz yaradıcılıq “mən”ini məhz Şekspir dramaturgiyasının süzgəcindən keçirərək təsdiq etmişdir. Odur ki, ayrı-ayrı teatrların hər dəfə bu həmişəyaşıl dramaturji irsə müraciət etməsi anlaşılan olduğu qədər də diqqətçəkən mədəni hadisəyə çevrilir.

   Astanadakı “Jastar” teatrının səhnəsində Şekspirin sovet dönəmində nisbətən az müraciət edilən “Şıltaq qızın yumşaldılması” komediyasının tamaşası da bu baxımdan maraqlı iddia olaraq diqqət çəkirdi. Müxtəlif təcəssüm işlərində öz orijinal səhnə yozumu və axtarış iştahası ilə seçilən Nurkanat Jakipbayın quruluşunda təqdim edilən “Şıltaq qızın yumşaldılması” hər şeydən əvvəl sadə səhnəqrafiya həlli sayəsində zəngin energetik ovqat yaradılması xüsusiyyəti ilə mənalı idi.

   Yüzlərlə dünya səhnələrini dolaşan və elə o qədər də yozum təsirinə məruz qalan həmin pyes əsrlərlə öz ideya-bədii bətnində gəzdirdiyi məzmun zənginliyi ilə dünya teatr sənətinə rövnəq verə bilmişdir. Odur ki, “Jastar” teatrının fövqəladə bir görmək yox, sadəcə kifayət qədər məşhur olan “vəziyyət komediyası” sayəsində Şekspirlə dil tapıb öz yaradıcılıq məramını nümayiş etdirmək təmənnası anlaşılandır.

   Əlamətdar olan budur ki, “Şıltaq qızın yumşaldılması” pyesinin əvvəlki səhnə yozumlarından xəbərsiz olmayan rejissor N.Jakipbay Şekspirin dramaturji ustalığının məzəli fəndgirliyindən daha çox onun oynaq istehzasını, insan qəribəliklərinin qarşılıqlı münasibətlərdə təzahür edən təzadlarını, hətta məişət səviyyəsində meydana çıxan cavabsız sualların acizlik yaratması faktlarını aktyorların səhnə oyununun motivasiyasına çevirə bilmişdir. Burada nəyin əsas, nəyin ikinci dərəcəli olması, komikliyin mahiyyəti və hədəfi dürüst tapıldığı üçün tamaşanın hadisələr xəttinin istiqaməti aydın müşahidə edilir. Yaradıcı heyətin professional yaradıcılıq potensialını nəzərə alan rejissor rol bölgüsünün özündə hər bir ifaçını fərdi ustalıq vərdişlərinə müvafiq yükləməklə tamaşanın səhnə yozumunu müəyyənləşdirmişdir. Belə ki, ekspozisiyada tamaşaçıya ötürülən bədii informasiya, sonrakı hadisələrin törətdiyi ayrı-ayrı vəziyyətlərdəki oyun məntiqini anlaşıqlı edir. Bu zaman rejissor əyləncəli anlaşılmazlıqların cazibəsindən asanlıqla qurtulub, sosial-psixoloji mənaları qabartmaq yolunu seçir. Halbuki tamaşanın yuxarıda qeyd etdiyimiz ekspozisiyasında ayrı-ayrı gəlişlərlə səhnəyə toplaşan aktyorların geyim həllindəki karnaval rəngarəngliyini başlanğıcdan ta finala qədər müşayiət edən musiqi əyləncəli bir əhvalata kökləyirdi. Amma burası da var ki, aktyorların rejissor yönəltməsində müşahidə edilən ifa prinsipi əyləncəli oynaqlığı istisna etməsə də, başlıca olaraq məsələnin ciddi sosial məzmun qatını işarələyirdi.

   N.Jakipbay minimal dekor tərtibatı sayəsində geniş səhnə ərazisi verdiyi, beləliklə, əlverişli oyun meydanı qazandırdığı aktyorlara böyük etimad bəsləyir. Və nəticə onun bu etimadının əsassız olmadığını sübut edir. Belə ki, ifaçıların ifadəli plastikası, vokal qabiliyyəti, diksiya istedadı rejissorun mürəkkəb səhnə quruluşunda özünün effektli tətbiqini tapır. Ən əsası isə, böyük fiziki hazırlıq tələb edən həmin dinamik oyun tərzi bütün tamaşa boyu davamlı olaraq auditoriyanı öz cazibəsində saxlayırdı. Tamaşanın janrını komediya kimi müəyyən etməklə sosial-məzhəkəyə yaxın oyun prinsipinə əsaslanan rejissor ayrı-ayrı səhnələrin həllində aktyorların ifasında universallığa və orqanik üsluba xüsusi əhəmiyyət verir. Burada, təkcə PetruççioKatarina deyil, Qrumio, Tranio, Baptisto kimi Şekspir qəhrəmanlarının səhnə həyatının ifa təqdimatı Ədil Axmedov (Petruççio), Aynur Raximova (Katarina), Beybit Kusanbayev (Qrumio), Erbol Teleykenov (Tranio), Azamat Eskulovun (Baptista) bədii oyun ustalığı sayəsində tamaşaçı rəğbəti qazanır.

   Tamaşanın ayrı-ayrı gəlişlərinin yaratdığı səhnə münasibətlərinin oyun prinsipləri rejissorun yozum şərtlərini ifadə etməklə aktyorların özünüifadəsi üçün yaradıcılıq fürsəti idi. Odur ki, professional sənət vərdişlərinin səhnə nümayişi məqamında ifaçıların, yeri gəldikcə, komediya janrının müxtəlif çalarlarından bacarıqla yararlanması həm rejissor yozumunun konkret estetik ifadəsi kimi, həm də bütövlükdə tamaşanın ali məqsədinin auditoriyaya çatdırılması baxımdan öz təsirini göstərirdi.

   “Şıltaq qızın yumşaldılması” pyesinin biri digərindən dinamik və məzmunlu səhnələrinin Şekspirin dramaturji ustalıq nümunəsi kimi rejissora və ifaçılara güclü yaradıcılıq impulsu verməsi müxtəlif oyun münasibətlərindən qaynaqlanan bədii energetikada təzahür edirdi. Məsələn, Petruççio ilə Katarinanın ilk görüş səhnəsi aktyor yaradıcılığının, tərəf-müqabil oyununun sənət müntəxəbatı həqiqətlərini ehtiva etməklə bərabər, fərdi ustalığın bədii məntiqində bəyan edilməsi üçün əsl meydandır. bu zaman, təbii ki, rejissor yozumundan asılı olaraq aktyorların öz səhnə qəhrəmanlarının “təklif edilən şəraitdə” əməl xəttinə, xarakterik xüsusiyyətlərinə müvafiq tapılmış səhnə münasibətlərini əyaniləşdirən oyun tərzi işə düşür. Maraqlıdır ki, rejissor N.Jakipbay (hər bir quruluşçu üçün özünəməxsus imkan yaradan) Şekspirin xəsis boyalarla verdiyi min bir eyhamlı səhnələrindən olan həmin görüşün oyun həllindəki mizanlarının seçimində ekssentrik üslubdan belə istifadəni məqbul sayır və demək lazımdır ki, səhnəni izlədikcə onun seçiminin doğruluğu öz təsdiqini tapır. Belə ki, istər Petruççio (Ə.Axmedov), istərsə də Katarina (A.Raximova) bədii ölçü hissinə riayət etməklə təqdim etdikləri oyunda professional fərdi məharətləri sayəsində rejissorun yuxarıda qeyd etdiyimiz yozum məntiqinə şübhə etməyə imkan vermirlər.

   Onu da demək lazımdır ki, “Şıltaq qızın yumşaldılması” tamaşasında müəyyən üslub qarışıqlığı da müşahidə edilir. Açıq-aşkar eklektizmə geniş meydan verən rejissorun diqqətsizliyi hesab etdiyimiz bu faktın özünü N.Jakipbayın estetik qüsuru deyil, onun janr pedantizminə konkret etirazı kimi qəbul etməli oluruq. Ən azı ona görə ki, tamaşanın insan münasibətlərinin qarşılıqlı ehtirama və sədaqətə əsaslanan dəyərini qorumağa çağıran ali məqsədi başlıca ideya-estetik məram kimi bütün hadisələr xətti boyu “səsləndirməyi” bacaran rejissor, təbii olaraq, nə istədiyini çox yaxşı bilir. Sadəcə, obrazların qarşılıqlı əməl xəttində aşkarlanan rejissor fikrinin bədii ifadəsi, təkcə ayrı-ayrı səhnələrin deyil, bütövlükdə tamaşanın yozum həlli, komediyanın janr olaraq ədəbi-bədii estetik resurslarının tətbiqinin səhnə faktı kimi verilir. Başqa sözlə desək, burada qrotesk, buffonada, ekssentrik lövhələr, məzhəkə elementləri, oyun içində oyun prinsipləri biri digərinin içərisində ustalıqla əridilir. Bunun gözə dəyən qüsurlu cəhətləri, məsələn, bəzi aktyorların tərəf-müqabillə oyunlarındakı uyğunsuzluqlar, janrın oynaq qaydalarına ustalıqla riayət edilməməsi, həmçinin temporitmin zəifləməsi ilə diqqət çəkir.

   Tamaşanın musiqisi barədə bir neçə sözlə fikir söyləmək çətindir. Çünki “Şıltaq qızın yumşaldılması” əhvalatı bütünlükdə musiqiyə bürünmüş şəkildə təqdim edilir. Yox, bu tamaşa müzikl deyil, amma burada ənənəvi passiv müşayiətçi musiqidən də söhbət gedə bilməz. Çünki o, az qala, müəllif mətni ilə bərabər “addımlayır” və aktyorların oyun tərzinin estetik əyaniləşməsinə həlledici təsir göstərir. Sözün bu məqamında ifaçı aktyorların səhnə plastikası ilə bərabər həssas musiqi duyumu, vokal qabiliyyəti də xüsusi qeyd edilməlidir. Heç şübhəsiz ki, rejissor onların fərdi istedadlarının bu cəhətinə etibar edib, tamaşanın musiqi həllində bu qədər səxavət göstərmişdir. Bu zaman kifayət qədər fiziki hazırlıq və plastik ifadə ustalığı tələb edən mizanların icrası ilə bərabər musiqi parçalarının ifası aktyorların yüksək peşəkarlıq səviyyəsini sübut edir.

   Qeyd etmək xoşdur ki, tamaşanın əsas bədii yükünü çəkən ayrı-ayrı aktyorların istər bir-biri ilə tərəf-müqabil kimi, istərsə də kütləvi səhnə iştirakçıları ilə oyun dinamikası eyni səviyyədə ahəngdarlığı ilə diqqəti cəlb edir. Burada stereotip təsəvvürlərdə yer almış passiv fon, müəyyən anturaj funksiyasından fərqli yer verilən, kütləvi səhnə iştirakçıları tamaşadakı hadisələrin zəncirvari inkişafında həlledici mövqe tuturlar. Əlbəttə, bu, rejissorun ideya-estetik niyyəti, səhnə oyununun quruluş prinsipi ilə şərtlənir. Bizcə, bu zaman həmin estetik faktın nədən qaynaqlandığı deyil, bədii iradənin səhnə oyununda uğurlu realizəsi daha böyük önəm daşıyır.

   “Şıltaq qızın yumşaldılması” nə K.Qotsinin, nə də K.Qoldoninin komediyası ilə müqayisəyə gəlir. Bəzi tədqiqatçıların bu sayaq cəhdlərinin nəticəsiz qalması aparılan təhlillər zamanı yetərincə mühüm amillərin unudulması ilə bağlıdır. Yəni yuxarıda adlarını çəkdiyimiz müəlliflərin ədəbi struktur etibarilə yığcam, hadisələrin axını baxımdan dinamik əsərləri anlaşılmazlıq yaradan məzhəkə xarakterli düyünləri ilə səciyyələndiyi halda Şekspirin komediyaları çoxqatlı məzmunu, ictimai-sosial dramaturji təbiəti ilə seçilir. Şekspirin dramaturji palitrasının əlvanlığı, təkcə obrazlarının zahiri rəsmlərinin rəngarəngliyində deyil, onların daxili aləmlərində, əməl məntiqlərinin çoxcəhətli təzahüründə müşahidə edilir. Odur ki, əsrlər boyu Şekspirin min bir müxtəlif yoruma imkan verən komediyaları kimi “Şıltaq qızın yumşaldılması” da Qazaxıstanın “Jastar” teatrının yeni səhnə təcəssümü nümunəsində daha bir uğurlu səhnə həyatını yaşayır.

   Qəribədir ki, Şekspirin əsərlərinin ayrı-ayrı quruluşlarını həyata keçirən truppalar bu müəllifin yüzillərdən keçib gələn bədii niyyətini sanki görür, eşidiroxuyur” və hətta onun özündən daha miqyaslı qavrayırlar. Bəzən ibtidai sinif şagirdinin sadə arifmetik məsələni həll edib aldığı uğur həzzi yaşadığına bərabər həzzin içində üzən hər hansı kollektivin Şekspirin pyesinin səhnə təcəssümünün uğurundan aldığı sərməstlik anlaşılandır. Əslində, bütövlükdə teatr həyatı, o cümlədən konkret tamaşanın təcəssüm işinin möcüzə dolu prosesi məhz bununla mənalıdır. İkiqat xoş və əlamətdar olan budur ki, “Jastar” teatrı Şekspirin “Şıltaq qızın yumşaldılması”na sərf etdiyi yaradıcılıq səylərinin uğurlu nəticəsindən həm onun kollektivi sənət həzzi alır, həm də bu həzzi öz tamaşaçılarına da yaşada bilir.

  

  

 

İsrafil İsrafilov

   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər

   doktoru, professor

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.11.