Memarlar yeniləşən Azərbaycanın müasir simvollarını yaradırlar

 

 

   Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

  

   Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib.

   Qurultay iştirakçıları əvvəlcə filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı" sərgisi ilə tanış olublar.  

   Qurultayda Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş bir qrup tanınmış memara mükafatlar təqdim olunub.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Memarlar İttifaqı ötən 5 ildə kifayət qədər böyük işlər görüb. İttifaqın təşəbbüsü ilə onlarla mühüm layihə reallaşdırılıb, müsabiqələr təşkil olunub.

   Nazir vurğulayıb ki, bu gün Azərbaycan Prezidentinin apardığı sosial-iqtisadi siyasətin məntiqi nəticəsi olaraq şəhər və kəndlərimiz simasını dəyişir, yeni görkəm alır. Respublikamızın bölgələrində aparılan yenidənqurma işləri - gözəl və müasir binaların, yolların tikintisi - memarlarımızın səyləri nəticəsində mümkün olub. Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Xalça Muzeyibu kimi digər memarlıq nümunələri qədim Bakının müasir simvollarına çevrilib.

   Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Azərbaycan memarlarının şəhərsalma sahəsindəki uğurlarından söz açaraq qeyd edib ki, son illərdə həm paytaxtda, həm də bölgələrdə möhtəşəm müasir binalar, beynəlxalq standartlara cavab verən mehmanxanalar, olimpiya idman kompleksləri tikilib. Bu tikililərin ərsəyə gəlməsində danılmaz xidmətləri olan memarlarımızın əməyi ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib, onlar yüksək dövlət mükafatları ilə təltif olunublar.

   Sədr müavini, həmçinin diqqətə çatdırıb ki, Memarlar İttifaqının təşəbbüsü ilə mütəmadi olaraq sərgi və müsabiqələr keçirilir, Azərbaycan memarlıq sənəti nümunələri nümayiş olunur. Eyni zamanda, tanınmış memarlarımızın əsərləri beynəlxalq müsabiqələrdə də layiqli yer tutur.

   Sonra Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadənin təşkilatın 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabatı dinlənilib.

   E.Qasımzadə bildirib ki, təmsil etdiyi qurumun fəaliyyətinin əsas məqsədi Azərbaycan memarlığının inkişafına nail olmaq, memarlıq və şəhərsalmanın inkişaf istiqamətlərini müəyyənləşdirmək, orijinalmüasir layihələri müəyyənləşdirmək üçün sərgi və müsabiqələr təşkil etməkdir.

   Qeyd olunub ki, hesabat dövründə Memarlar İttifaqının 10 plenumukatibliyin 49 iclası keçirilib, həmin iclaslarda respublika memarlığına dair aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 2013-cü ildə Azərbaycan Memarlar İttifaqının orqanı olan rüblükMemarelmi-analitik informasiya jurnalının ilk nömrəsi çapdan çıxıb.

   Diqqətə çatdırılıb ki, Azərbaycan memarlarının nümayəndə heyətləri Beynəlxalq Memarlar İttifaqının 2014-cü ildə Cənubi Afrika Respublikasının Durban şəhərində və 2017-ci ildə Koreya Respublikasının paytaxtı Seulda keçirilən dünya konqreslərində və Baş Assambleyanın iclaslarında iştirak ediblər. Həmçinin Beynəlxalq Memarlar İttifaqına daxil olan II region ölkələri Memarlar İttifaqları prezidentlərinin görüşü 2017-ci ildə Bakıda keçirilib. Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbir Azərbaycan memarlığının dünyada tanıdılması yolunda Memarlar İttifaqının atdığı mühüm addımlardan biridir. Hesabat dövründə həmçinin Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə üç dəfə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilib.

   Qurultayda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinə və Təftiş komissiyasına namizədlər irəli sürülüb. Elbay Qasımzadə yekdilliklə yenidən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri seçilib.

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.3.