Xırdalan məktəbliləri Tbilisidə çıxış ediblər

 

   Abşeron rayonu Xırdalan şəhər Uşaq musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdədir.  

   Məktəbin şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert proqramı ilə çıxış ediblər.

   Musiqi məktəbinin direktoru İkram Manafov bildirib ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın müxtəlif musiqi məktəbləri ilə əlaqələr yaradılıb. Xırdalan məktəbliləri qonşu ölkədə bir neçə dəfə belə səfərlərdə olublar. Məktəbin kollektivi azərbaycanlıların kompakt yaşadığı Marneulidə də konsert proqramı ilə çıxış edib.

   Sonra məktəbin şagirdləri Atlas Mehdiyeva, Fərid Quliyev, Rəşad İbrahimov, Nuran Sadıqov Tofiq QuliyevinAxşam oldu”, “Mehriban olaq”, “İstəyirəm görəm səni”, “Uca dağlar” bəstələrini, eləcə də “Qarabağ şikəstəsi” və Azərbaycanın xalq mahnılarını, nağaraçılar qrupu isə müxtəlif rəqsləri ifa ediblər.

   Tədbir zamanı Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva muzeyin 2017-ci ildəki fəaliyyəti barədə danışıb. Muzeyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.4.