Tanınmış bəstəkarın 60
illiyinə həsr olunan elmi
konfrans
Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında təşkilatın katibi, bəstəkar, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasovun 60 illiyinə həsr edilən elmi konfrans keçirildi. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Cəlal Abbasovun yaradıcılığından söz açdı, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, o, Azərbaycanın görkəmli bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun ailəsində dünyaya göz açıb, 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini bitirib. Təhsilini 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dahi bəstəkar Qara Qarayevin sinfində davam etdirib. C.Abbasov müxtəlif janrlarda bir çox sevilən musiqi əsərlərinin müəllifidir. Onun orijinallığı, yüksək peşəkar üslubu ilə seçilən əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, İtaliya, Koreya Respublikası, Ukrayna, Türkiyə və digər ölkələrin aparıcı konsert salonlarında ifa edilərək böyük rəğbət qazanıb. Bəstəkar Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir.
F.Əlizadə bəstəkarın daim yaradıcılıq axtarışlarında olduğunu dedi və ona uğurlar arzuladı.
Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın “Cəlal Abbasovun yaradıcılığına bir nəzər” mövzusunda məruzəsi dinlənildi. Qeyd olundu ki, bəstəkarın yaradıcılığında simfonik, kamera-vokal, kamera-instrumental və xor əsərləri üstünlük təşkil edir. O, dörd simfoniya, 5 kantata, simfonik orkestr üçün “Sən haradasan”, “Şən bahar” uşaq operası, Azərbaycan şairlərinin, habelə xarici müəlliflərin sözlərinə, qədim Orxon mətnlərinə yazılmış vokal silsilələrin, mahnı və romansların müəllifidir. Əsərləri mütəmadi olaraq Bəstəkarlar İttifaqının plenum, qurultay və festivallarında ifa edilir, musiqisevərlər tərəfindən maraqla qarşılanır. Onun hər bir əsəri janr və tembr müxtəlifliyi, yeni ifadə vasitələrinin zənginliyi və dərin fəlsəfi məzmunu ilə həmişə dinləyicini düşündürüb. III simfoniyasına və “Bahar mərasimi” kantatasına görə Gənclər İttifaqının mükafatına layiq görülüb. “Bahar mərasimi” əsərində ilk dəfə olaraq Novruz bayramının adət-ənənələri musiqi təcəssümünü tapıb.
Konfransda bəstəkarın vətənpərvərlik mövqeyi, IV simfoniyasının musiqi dramaturgiyasının yeniliyi, xor yaradıcılığında milli musiqi xüsusiyyətlərinin təzahürü, xor üçün xalq mahnı işləmələrinin bəzi üslub xüsusiyyətləri mövzularında məruzələr dinlənildi.
Tədbirdə C.Abbasovun “Sonatina”, “Münacat”, “Düzgülər” və s. əsərləri, eləcə də gənc bəstəkarlardan Kamran Nəsirovun “Elegiya”, Tural Məmmədlinin “Tünd rənglərin parıltısı”, Sevinc Əliyevanın “Dəniz”, Fərid Fətullayevin “Variasiyalar”, Vəfa Bağırzadənin “Sevda nəğməsi”, Səma Həsənəliyevanın piano üçün 3 prelüd və Aliyə Məmmədovanın sonatasından ibarət konsert proqramı təqdim olundu.
Savalan
Fərəcov
Mədəniyyət.- 2017.- 22
dekabr.- S.5.