Qubalı ziyalılardan biri
Tanınmış yazıçı, jurnalist, tərcüməçi Əhməd Həmid oğlu Xaspoladov 18 dekabr 1922-ci il tarixdə Quba rayonunun Xucbala kəndində anadan olmuşdur. 1938-ci ildə Quba Pedaqoji Texnikumunu bitirdikdən sonra Xucbala 7 illik kənd məktəbində müəllim işləmişdir. 1942-ci ildə ordu sıralarına çağırılan Ə.Xaspoladov II Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra vətənə qayıdaraq 1956-cı ilədək Amsar kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışmışdır.
1956-61-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Arxeologiya şöbəsində baş laborant işləmiş Əhməd müəllim, paralel olaraq Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində ali təhsil almışdır. 1961-91-ci illərdə Azərbaycan Televiziya və Radiosunda jurnalist kimi fəaliyyət göstərmiş Əhməd Xaspoladov «Elm və həyat» redaksiyasının böyük redaktoru vəzifəsinə kimi yüksəlmiş, SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdir. 1991-ci ildən ömrünün sonunadək «Amal» qəzeti redaksiyasında məsul katib, AMEA-nın Milli Münasibətlər İnstitutunda elmi işçi kimi çalışmışdır. Jurnalistika sahəsində 35 il fəaliyyət göstərən Əhməd müəllim televiziya və radioda efirə getmiş yüzlərlə müsahibə, reportaj, elmi-kütləvi veriliş, dövri mətbuatda çap olunmuş çoxsaylı məqalələrin müəllifidir.
Bununla yanaşı o, Amerika fantast yazıçısı S.Ceymin «Ürəyin ardınca» hekayəsinin, 1976-cı ildə «Gənclik» nəşriyyatında çapdan çıxmış «Nədir? Kimdir?» ensiklopedik kitabının tərcüməçisi olmuşdur. O, həmçinin fantast yazıçı kimi də tanınmışdır. «Qovuşan dünyalar» kitabının, «Görüş», «Qəmər ulduzlar arasında» elmi-fantastik povestlərinin, hekayələrin müəllifidir.
Əhməd Həmid oğlu Xaspoladov 5 sentyabr 1996-cı il tarixdə vəfat etmiş və doğma Xucbala kəndində dəfn olunmuşdur.
C.Alpoğlu Albantürk
şair,
publisist, AYB-nin üzvü
Mədəniyyət.- 2017.- 22
dekabr.- S.12.