Pakistanla Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

 

 

   Cari ildə ölkəmizə gələn pakistanlı turistlərin sayı dörd dəfə artıb  

   Dekabrın 20-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Mohmand ilə görüşüb.  

   Görüş zamanı Azərbaycan ilə Pakistan arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

   Pakistandan Azərbaycana gələn turistlərin sayının 2016-cı ilə (təqribən 4 min nəfər) nəzərən 2017-ci ildə 4 dəfə atması (16 min) əlaqələrin inkişafının göstəricisi kimi qiymətləndirilib. Turizm sektorunda qarşılıqlı dəstək, viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqinin turist axınının genişləndirilməsini stimullaşdıran amillər kimi qeyd olunub. Bu baxımdan yaxın gələcəkdə iki ölkə arasında birbaşa aviareyslərin açılmasının və məsələ ilə əlaqədar danışıqların aparılmasının zəruriliyi vurğulanıb.

   Nazim Səmədov Pakistan tərəfinə Azərbaycanın turizm imkanları, o cümlədən Xızı-Xaçmaz, Quba, Qusar turizmrekreasiya zonalarının yaradılması istiqamətində aparılan işlər barədə məlumat verib.

  

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.8.