“Azərbaycan Teatr
Ensiklopediyası”nın təqdimatı keçirildi
Dekabrın 26-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş “Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ensiklopediyanın yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Bildirdi ki, gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı zəngin inkişaf yolu keçib. Milli xalq oyunları, meydan tamaşalarından başlanan sənəti XIX əsrin sonu - XX əsrin əvvəllərində böyük ziyalı nəsillər teatr ənənəsinə çevirərək Azərbaycan professional teatr tarixini yaratmışlar. Hər bir xalqın mənəviyyatının özəyini təşkil edən amillərdən biri də teatrdır. Teatrı olan xalq mütərəqqi ideyaları ortalığa qoymaq ixtiyarındadır. Bunu bacaran xalq isə öz mənəvi inkişafını təmin etməyə qadir xalqdır. 1873-cü ildə M.F.Axundzadənin əsərləri ilə özülü qoyulan Azərbaycan peşəkar teatrı yaxın Şərq mədəniyyətinə də təsirsiz ötüşməyib. Son dövrlərdə isə teatr intibah dövrünü yaşayıb.
Vurğulandı ki, ulu öndər Heydər Əliyevin teatra xüsusi diqqəti, tamaşalara gəlməsi, teatr xadimlərinə qayğısı hər zaman mədəniyyət xadimləri tərəfindən hiss olunub. Bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən bu gün davam etdirilməkdədir. Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı bu sənət sahəsinin inkişafına əlavə təkan verdi. Ötən müddətdə proqramın icrası ilə bağlı mühüm işlər görülüb, o cümlədən teatrlarımızın siması, maddi-texniki imkanları yenilənib.
Nazir bildirdi ki, təqdim
edilən ensiklopediya
fundamental bir tədqiqatın
nəticəsidir. Əbülfəs Qarayev teatr tariximizdə bir hadisə kimi dəyərləndirdiyi kitabın
yaradıcı kollektivini
təbrik edərək
onun gələcək
nəsillər üçün
dəyərli töhfə
olduğunu vurğuladı.
AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli ensiklopediyanı Azərbaycan
mədəniyyəti tarixində
dəyərli bir əsər kimi qiymətləndirdi. Akademik teatr
tarixində bu günə kimi nəşr edilən əsərlərdən söz
açdı. Qeyd etdi
ki, kitabda məlumatlara tarixi aspektdən ciddi yanaşılıb və
o, bundan sonrakı teatr nəsli üçün böyük
bir hədiyyədir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxışı zamanı bildirdi ki, nəşr edilən ensiklopediya gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ən layiqli hədiyyədir. Qeyd etdi ki, Azərbaycan teatrı qüdrətli əllərin gücü ilə irəliləyərək bugünkü səviyyəsinə gəlib çatıb. H.Ərəblinski, A.M.Şərifzadə kimi şəxsiyyətlərin sayəsində teatr öz parlaq səhifəsini yaşamağa başlayıb: “Teatr tarixindən yazılan kitablardan söz açarkən mərhum teatrşünas, publisist Qulam Məmmədlinin adını dərin hörmətlə yad etməliyik. Teatr tarixinin araşdırılmasında görülən hər bir iş təqdirəlayiqdir. İlham Rəhimlinin hazırladığı 3 cildlik ensiklopediyada teatr mənzərəsini tam aydın görə bilirik”. Millət vəkili teatr irsinin qorunmasına xidmət edən əsərin teatr tariximiz üçün yeni bir səhifə və salnamə olduğunu dedi.
Millət vəkili, akademik Nizami Cəfərov ensiklopediyanı müstəqillik dövrünün prinsiplərinə uyğun bir əsər adlandırdı. Yaradıcı heyəti təbrik edən akademik kitabda teatr tarixinin bütün məqamlarına işıq salındığını və gənc nəsil üçün dəyərli bir məlumat mənbəyi olduğunu dedi.
Xalq artisti Fərhad Bədəlbəyli, millət vəkili Aqil Abbas, teatrşünas professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə müəllifi təbrik edərək kitabın Azərbaycan teatr panoramını tamamlayan sanballı əsər kimi dəyərləndirdilər.
Müəllif İlham Rəhimli 3 cildlik kitabın ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Dövlət Teatr Muzeyinə, paytaxt teatrlarının rəhbərlərinə təşəkkürünü bildirdi. Vurğuladı ki, yeni nəşr "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən çap edilib.
Sonda nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək ensiklopediyanın elektron variantının rus və ingilis dilində Milli Kitabxana tərəfindən elektron kataloqa daxil edilməsi ilə bağlı göstəriş verdi.
Qeyd edək ki, müəllifi professor İlham Rəhimli olan “Azərbaycan Teatr Ensiklopediyası”nın layihə rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihə koordinatoru nazir müavini Ədalət Vəliyevdir. Rəyçilər, professorlar Kamal Abdulla, Nizami Cəfərov, Azər Paşa Nemətov, Rafiq Sadıqovdur. Ensiklopediyanın reaksiya heyətinin üzvləri, professorlar Timuçin Əfəndiyev, Fərəh Əliyeva, İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov və Aydın Talıbzadədir.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 27
dekabr.- S.2.