Görkəmli pianoçunun
70 illiyinə həsr olunan musiqi
gecəsi
Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli pianoçu, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edildi.
Gecədə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Tamaşaçıların alqış sədası altında yubilyar səhnəyə dəvət olundu. Konsertin birinci hissəsində səbəbkar Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə Amerika bəstəkarı Corc Qerşvinin “Fortepiano və orkestr üçün konsert”ini (3 hissədə) ifa etdi. Musiqinin sehri və professional ifa elə ilk dəqiqələrdən gecəyə bir möhtəşəmlik ovqatı bəxş etdi. İfa sanki tamaşaçıları sehrləmişdi və nəfəs çəkilmədən dinlənilən kompozisiyanın sonunda alqışlar zalı öz ağuşuna aldı.
Daha sonra Fərhad Bədəlbəyli özü dirijor pultu arxasına keçdi. İlk dəfə tamaşaçı olaraq görkəmli pianoçunu dirijor kimi seyr etmək imkanı qazandım. Musiqiçi zala müraciətlə dedi: “Yaşadığımız həyat boyu biz doğmalarımızı, əzizlərimizi və dostlarımızı itiririk. Bu gün həmkarlarımla birlikdə sizə Petro Maskaninin əsərini yanımızda olmayan əzizlərimizə ithaf olaraq ifa edəcəyik”.
Yubilyarın dirijorluğu ilə orkestr italyan bəstəkarı P.Maskaninin “Kənd namusu” operasından “Payız gülləri” fraqmentini çox duyğulandırıcı və ilhamla səsləndirdi.
Konsert proqramının ikinci hissəsində isə səhnəyə
xalq artistləri Yeganə Axundova
və Murad Hüseynov
çıxdı. Onların ifasında fransız
bəstəkar Fransis Pulenkin “İki fortepiano və orkestr üçün konsert”i səsləndi. İfaçılar
özlərinin virtuoz
və yüksək peşəkar çıxışları
ilə yubilyara təbriklərini ünvanladılar.
Musiqi gecəsi Fərhad Bədəlbəyli və
Xalq artisti Murad Adıgözəlzadənin
Sergey Raxmaninovun “İki
fortepiano üçün 2 saylı süita”sının
ifası ilə davam etdi. Bu dəfə isə orkestri və ifaçıları dirijor,
Əməkdar artist Fuad
İbrahimov idarə edirdi. Yubiley konserti Fərhad
Bədəlbəyli, Murad
Hüseynov və Murad Adıgözəlzadənin
bir arada yenidən səhnəyə
qayıdaraq birlikdə
ifası ilə yekunlaşdı. Çıxışlar sürəkli alqışlarla
qarşılandı. Mükəmməl musiqi və peşəkar musiqiçilərin
iştirakı ilə
baş tutan konsert unudulmaz anlarla yadda qaldı.
Qeyd edək ki, görkəmli
rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində
dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında
(professor M.R.Brennerin sinfi),
1969-1971-ci illərdə isə
P.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasının aspiranturasında
(dosent B.Davidoviçin
sinfi) oxuyub. Gənc yaşlarından ciddi uğurlara imza atan pianoçu qısa vaxtda böyük şöhrət
qazanıb. O, Bolqarıstan,
Yunanıstan, Danimarka,
İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə,
Finlandiya, Fransa, İsveçrə, Yaponiya
və başqa ölkələrdə mədəniyyətimizi
layiqincə təmsil edib. Uzun illərdir
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən
professor Fərhad Bədəlbəyli
gənc ifaçılar
nəslinin yetişdirilməsi
sahəsində yorulmadan
fəaliyyət göstərir.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 27
dekabr.- S.3.