Mədəniyyətin inkişafında xidmətlərinə görə

 

   Xalq artisti Azər Paşa Nemətova orden təqdim olundu

  

   Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 11 avqust 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   

   Dekabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ordeni sənətkara təqdim etdi.

   Nazir diqqətə çatdırdı ki, dövlətimiz mədəniyyət sahəsinə xüsusi diqqətlə yanaşır, mədəniyyət və incəsənət xadimlərinə daim qayğı göstərilir, onların yubileyləri, yaradıcılıq gecələri keçirilir.

   Azər Paşa Nemətovun Azərbaycan teatrının inkişafında xüsusi xidmətlər göstərdiyini qeyd edən Əbülfəs Qarayev vurğuladı ki, o, Akademik Milli Dram Teatrının rəhbəri vəzifəsinə gətirildikdən sonra teatrın fəaliyyətində ciddi irəliləyişlər olub: “İndi teatr öz repertuarını daha da zənginləşdirərək yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlir. Həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri də yüksək səviyyədə qeyd olunur. İnanıram ki, teatrın gələcək fəaliyyətində bu uğurlar daha böyük səviyyədə davam etdiriləcək”.

   Əbülfəs Qarayev bildirdi ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının qəbul edilməsi, ölkə Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlar bu sahənin inkişafına böyük təkan verib. Respublikada mövcud olan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılıb: “Azərbaycan teatrının beynəlxalq səviyyədə tanıdılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Teatrlarımızın yaradıcı kollektivləri bir sıra xarici ölkələrin səhnələrində çıxış edir, eyni zamanda respublikamızda beynəlxalq teatr konfransları və festivallar təşkil olunur”.

   Nazir sonda Azər Paşa Nemətovu təltif münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.

   Azər Paşa Nemətov da öz növbəsində xidmətlərinə verdiyi böyük qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Xalq artisti Azərbaycan teatrının inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğuladı.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.4.