Metodistlərin Ümumrespublika seminar-müşavirəsi keçirildi
Dekabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik
Mərkəzinin (MEMM) təşkilatçılığı
ilə Azərbaycan Turizm və Menecment Universitetində
(ATMU) Metodistlərin I Ümumrespublika
seminar-müşavirəsi keçirildi.
Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkəmizdə fəaliyyət
göstərən metodistlərin
bir araya gələrək yeniləşən
dünyada yeni üsullar axtarışında
olmasını təqdirəlayiq
hal kimi qiymətləndirdi: “Əsas
məqsəd ondan ibarət olmalıdır ki, çağdaş dünyada Azərbaycan mədəniyyətini layiqincə
təbliğ edək və mədəniyyət
sahəsinin marketinq üzrə çevik inkişafına nail olaq”.
Mərkəzin
fəaliyyət istiqamətləri
barədə tövsiyələrini
verən nazir bildirdi ki, son dövrdə Elmi-Metodik Mərkəz tərəfindən
görülən işlər,
təşəbbüs və
ideyalar, səsləndirilən
fikirlər cavabsız
qalmamalıdır: “Elm və
təcrübə özünü
ümumi işdə büruzə verməlidir.
Mədəniyyət evləri, klub,
musiqi məktəbləri,
muzey və kitabxanalar işini yeni yanaşmalar əsasında qurmalıdır.
Bunun üçün insanlarda sosial məsuliyyət hisləri artırılmalıdır.
Bütün yeni metodiki tövsiyələrin yerlərdə
tətbiqi həm də orada çalışan
insanlardan yeni baxışlar tələb
etməlidir”.
Son illərdə
nazirlik tərəfindən
həyata keçirilən
islahatlardan söz açan Əbülfəs
Qarayev mədəniyyət
mərkəzlərinin fəaliyyətində
yeniliklərin tətbiqinin
vacibliyini qeyd etdi. Vurğuladı ki, gənc nəslin mədəniyyətə,
kitaba marağını
artırmaq üçün
müasir üsullardan
geniş istifadə edilməlidir. Regionlarda
həyata keçirilən
islahatları diqqətə
çatdıran nazir bu kontekstdə Azərbaycan, İtaliya və Avropa İttifaqının (Aİ) birgə
iştirakı ilə
ölkəmizdə icra
olunan Tvinninq layihəsinin əhəmiyyətini
qeyd etdi: “Tvinninq layihəsinin məqsədi eyni zamanda diqqəti mədəni irslə bağlı ehtiyaclara yönəltmək və Avropa ölkələrinin
müvafiq təcrübə
nümunələrini uyğunlaşdırmaqla
mədəniyyət sektorunda
daha strateji idarəetmə modeli yaratmaqdır. İnanırıq ki, bu layihə Azərbaycanda mədəniyyət sektorunun
idarə edilməsində
yeni metodların tətbiqinə öz töhfəsini verəcək.
Buna görə də
klub və mədəniyyət mərkəzləri,
kitabxanalar fəaliyyətin
yenidən qurulması,
sosial məsuliyyətin
artırılması üçün
ideoloji və tərbiyəvi iş aparmalıdırlar”.
Nazir vurğuladı ki, yeni ildə mədəniyyət sahəsi üzrə metodistlərin qarşısında vacib məsələlər dayanır. Elmi-Metodik Mərkəz və yeni yaradılacaq Metodiki şura mütləq yeniliklərlə dolu tövsiyələr hazırlamalıdır: “Bu tövsiyələr elə olmalıdır ki, yerlərdə çalışan əməkdaşlar bu yeniliyi qəbul etməyə nəinki hazır olsunlar, hətta onu arzulasınlar. Biz insanlara yeni və istədikləri xidmətləri göstərməyə hazır olmalıyıq. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanda mədəniyyətin idarə edilməsi tək dövlət tərəfindən deyil, geniş ictimai xarakter daşısın. Tvinninqin məqsədlərindən biri də yerlərdə yaradıcı mühitin formalaşdırılmasıdır. Yerlərdə mədəniyyətin idarə edilməsi ümumilikdə regionun yaradıcı mühitinə öz müsbət təsirini göstərməlidir. İdarəetmədə və yaradıcılıqda müasir sistem yaradaraq gələcək nəsillərə ötürməliyik”.
Əbülfəs Qarayev UNESCO-nun müvafiq siyahılarında təmsil olunan mədəni sərvətlərimizin klub və mərkəzlər tərəfindən təbliğatının vacibliyini də diqqətə çatdırdı.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev mərkəzin son dövrdə gördüyü işlər haqqında məlumat verdi. Bildirdi ki, mərkəzin əsas prinsipi ünvanlı işdir. Görülən hər bir iş, atılan addımlar yeniliyə doğru və mədəniyyətin idarə edilməsində keyfiyyətin aşılanmasına yönəlib. A.Usubəliyev MEMM tərəfindən yeni yaradılan Metodiki şuranın fəaliyyət və strukturu haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Müşavirədə Ümumrusiya Metodistlər Şurasının sədri Andrey Belyayev, MEMM-in əməkdaşları Afaq Ağayeva, Elnarə Hacıyeva, Ceyhun Əhmədov, Metodiki şuranın üzvləri - fəlsəfə doktorları, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Rəna Mirzəzadə, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Fərqanə Hüseynova metodiki işin mövcud vəziyyəti və XXI əsrdə əhaliyə göstərilən yeni xidmət üsulları ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, Metodiki şuranın yaradılması metodiki işin təkmilləşdirilməsi, mədəniyyət müəssisələri arasında fəaliyyətin daha səmərəli koordinasiyası və gənc əməkdaşlar arasında həmkarlıq ruhunun dəstəklənməsi məqsədi daşıyır.
Daha sonra müşavirədə “Metodistlərin işində yeni trendlər: mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublar” və “Metodistlərin işində trendlər (kitabxanalar üzrə)” problemləri üzrə məruzələr dinlənildi.
Lalə
Mədəniyyət.- 2017.- 27
dekabr.- S.5.