Tədrisin keyfiyyətini artırmaq üçün hər cür şərait yaradılır

 

   Paytaxtda daha bir musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib

  

   Dekabrın 22-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyindəki 34 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

   Baş idarənin rəisi Vuqar Zeynalov çıxış edərək aparılan təmir-bərpa işləri haqqında məlumat verdi. Bildirdi ki, 1985-ci ildə fəaliyyətə başlayan məktəb binasında 16 sinif otağı, akt zalı var. Aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi qurulub, kitabxana yaradılıb, bütün avadanlıq və inventar təzələnib. Məktəbdə 16 ixtisas üzrə 300 nəfərə yaxın şagirdin təlim-tərbiyəsi ilə 77 müəllim məşğul olur.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin inkişafı sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, sona çatmaqda olan təqvim ili, digər sahələr kimi, mədəniyyət sahəsinin inkişafı üçünuğurlu il oldu: “Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində mədəniyyət ocaqları təmir-bərpa olunur və yenidən qurulur. Bu da öz növbəsində həm əhaliyə göstərilən xidmətlərin səviyyəsinin artırılması, uşaqlarımızın daha yaxşı şəraitli məktəblərdə təhsil almaları, eləcə də müəllimlər üçün rahat yerləri deməkdir”.

   Əbülfəs Qarayev vurğuladı ki, Bakı şəhərində və ətraf qəsəbələrdə də mədəniyyət ocaqlarının, musiqi və incəsənət məktəblərinin şəraiti yaxşılaşdırılır. Bu yaxınlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Maştağa Mədəniyyət mərkəzinin və Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin yeni binalarının açılış mərasimi keçirilib. Hazırda Şağanda və Qızıldaş qəsəbələrində yeni mədəniyyət müəssisələrinin inşası davam etdirilir. Yaxın aylarda həmin müəssisələrin açılışı planlaşdırılır.

   Əbülfəs Qarayev diqqətə çatdırdı ki, nazirliyin strukturunda aparılan islahatlar nəticəsində 2017-ci ildə regional mədəniyyət və turizm idarələri fəaliyyətə başlayıb. Bununla da yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması istiqamətində addımlar atılıb: “Bu islahatlar həm büdcə xərclərinin daha səmərəli istifadə olunmasını, eləcə də mədəniyyət müəssisələrinin effektiv çalışmasını təmin edəcək. Növbəti ildə müəllimlərin attestasiyası keçiriləcək. Beləliklə, musiqi və incəsənət təhsili sahəsində keyfiyyətin artırılmasını təmin etmiş olacağıq”.

   Nazir onu da bildirdi ki, il ərzində musiqi və incəsənət məktəblərində yoxlamalar aparılıb, nöqsanlara yol vermiş rəhbər şəxslər işdən kənarlaşdırılıb.

   Əbülfəs Qarayev məktəbin kollektivini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

   Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək rayonda aparılan tikinti-quruculuq işlərindən danışdı. Qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də rayonun abadlaşdırılması diqqət mərkəzində saxlanılıb.

   Sonra qonaqlar təhsil ocağı ilə tanış oldular, dərs prosesini izlədilər.

   Sonda məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olundu.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.6.