25 illik əməkdaşlığın
elektron xronikası
Dekabrın 25-də Prezident Kitabxanasının hazırladığı “Azərbaycan - UNESCO əlaqələri” elektron layihəsi internet istifadəçilərinə təqdim edilib.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, Azərbaycanın UNESCO-ya üzv qəbul olmasından 25 il ötür. Azərbaycan bu quruma 1992-ci il iyulun 3-də üzv qəbul olunsa da, əlaqələrin genişləndirilməsi 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanıb. 1994-cü il fevralın 21-də UNESCO üzrə Milli Komissiya yaradılıb.
UNESCO ilə Azərbaycan Respublikası arasındakı əlaqələr Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti ilə sıx bağlıdır. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-də bu qurumun xoşməramlı səfiri adına layiq görülməsindən sonra bu əlaqələr daha sürətlə inkişaf etməyə başlayıb.
2000-ci ildə "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu, 2007-ci ildə Qobustan Milli tarixi-bədii qoruğu UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası, tar ifaçılıq sənəti, çövkən - Qarabağ atüstü oyun ənənəsi, Azərbaycan kəlağayısı, Lahıc misgərlik sənəti, lavaş, bu günlərdə isə Azərbaycan dolması və kamança UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Kitabxananın direktoru bildirib ki, elektron resurs 6 əsas bölmədən və 46 yarımbölmədən ibarətdir.
Birinci bölmədə UNESCO-nun yaranması, rəhbər və icraedici orqanları, üzv ölkələr və xoşməramlı səfirlər haqqında məlumat verilir.
Resursun “Azərbaycan və UNESCO” adlı bölməsində Dünya irs siyahısına daxil edilmiş “İçərişəhər” və Qobustan qoruqları haqqında, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın mənəvi inciləri və “Dünya yaddaşı” reyestrinə daxil edilmiş əlyazmalar haqqında və bu il “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilmiş Şəkidə sənətkarlıq və xalq yaradıcılığı haqqında geniş məlumat verilib.
“UNESCO-nun yubiley tədbirləri” bölməsində Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən UNESCO-nun fəaliyyətində aktiv iştirak etməsi, UNESCO tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundzadənin komediyalarının nəşr edilməsi, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət val və audiokasetlərin buraxılması haqqında məlumat verilib. Bu bölmədə, həmçinin müstəqillik illərində UNESCO tərəfindən Azərbaycanın görkəmli şair və yazıçılarının, alim və filosoflarının, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli mərasimlə qeyd edilməsi barədə materiallar əksini tapıb.
“E-Kitablar” bölməsində Azərbaycan, rus və ingilis dillərində UNESCO-ya və Azərbaycanın mədəni irsinə aid 100-dək kitabın elektron versiyaları yerləşdirilib. Elektron resurs mütəmadi olaraq yenilənir.
Mədəniyyət.- 2017.- 27
dekabr.- S.8.