“Musiqinin rəngləri”
layihəsinin təqdimatı
Dekabrın 22-də Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə və Əməkdar rəssam Rəşad Mehdiyevin birgə ideyası olan “Musiqinin rəngləri” adlı unikal layihənin təqdimatı keçirilib.
Layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub. Təqdimat mərasimində çıxış edən Bakı Media Mərkəzinin direktoru Orman Əliyev layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb.
Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə qonaqlara layihəyə göstərdikləri marağa görə təşəkkürlərini bildiriblər.
Daha sonra Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı olub. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı Əminə Zülfüqarova və Azərbaycan Dövlət Kvarteti (Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel) tərəfindən ifa edilib. Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha da gücləndirib.
Mədəniyyət.- 2017.- 27
dekabr.- S.16.