Beynəlxalq tədbirlərlə zəngin il

 

 

   Yola saldığımız 2017-ci ildə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdi, paytaxtımız yenə mədəni ünsiyyətin əsas məkanına çevrildi.

  

   Azərbaycan - dialoq mərkəzi

  

   Mayın 4-dən 6-dək Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlarmövzusunda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə gerçəkləşən forumda 40-dək beynəlxalq təşkilatın rəhbəri və yüksək səviyyəli rəsmiləri iştirak etdilər. Təşkilatçılığı Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunan forumun şüarı 2018-ci ildə 10 illiyi qeyd olunacaq “Bakı prosesinin bütün mərhələlərindəki çağırışları və beynəlxalq gündəlikdə duran məsələləri əks etdirirdi.

   Forum bir sıra yeni təşəbbüslərlə yadda qaldı. Tədbir çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçirildi. Məqsəd Azərbaycanın təşəbbüsü ilə dünyanın siyasi, mədəni, hərbi, iqtisadi, sosial, maliyyə və digər beynəlxalq təşkilatları ilk dəfə bir araya gətirərək birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirməkdən ibarət idi.

   Forum çərçivəsində “Qızların təhsili vasitəsilə zorakı ekstremizmə qarşı” mövzusunda yüksək səviyyəli tədbir keçirildi. Bu layihənin özəlliyi ondan ibarətdir ki, daim UNESCO-nun gündəliyində və fəaliyyətində yer alan bir proqram olacaq.

   Azərbaycanın təklifi ilə tədbir çərçivəsində hökumət rəhbərləri və nazirlərin yer aldığı Dünya Forumu Nazirlər Görüşü təsis edildi.

   ForumdaSivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolumövzusunda ayrıca sessiya da keçirildi. Azərbaycanın bu təşəbbüsü parlamentlərin də bu prosesə aktiv cəlb olunmasına hesablanmışdı.

   IV forum həm də Azərbaycan Respublikası və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə “Mədəniyyətlərarası dialoqda liderlik naminə “Bakı prosesi” mükafatı”nın təsis edilməsi ilə əlamətdar oldu. Mükafat “Bakı prosesinin 10 illik yubileyi münasibətilə 2018-ci ildə təqdim olunacaq.

  

   Həmrəylik naminə idman

  

   Son üç ildə I Avropa Oyunları, Formula-1 Qran-prisi, Dünya Şahmat Olimpiadası kimi mötəbər idman yarışlarına ev sahibliyi etmiş Azərbaycan paytaxtında bu il daha bir beynəlxalq tədbir - IV İslam Həmrəyliyi Oyunları keçirildi. 12-22 may tarixində gerçəkləşən oyunlarda 50-dən çox müsəlman ölkəsindən gələn idmançılar 23 idman növü üzrə mübarizə apardılar.

   Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İslam Həmrəyliyi Oyunları ilə bağlı geniş mədəni və turizm xidməti proqramı hazırlanmışdı. Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olundu. Muzeyqalereyalar turistlərə daha uzun müddətdə xidmət göstərilməsi üçün uzadılmış rejimində işləyərək mədəniyyətimizin tanıtımını həyata keçirdilər.

   Təkcə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Lüdviq MinkusunDon Kixot”, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Aqşin Əlizadənin “Qafqaza səyahət” və “Ümid valsı” səhnə əsərləri oyunların iştirakçıları və bu müddətdə paytaxtımızın qonağı olan turistlər üçün nümayiş olundu. Bundan əlavə, Heydər Əliyev Sarayında qonaqlara və turistlərə islam mədəniyyəti və Azərbaycanın zəngin mədəniyyət və incəsənətini əks etdirən müxtəlif tədbirlər və konsert proqramları təqdim edildi.

  

   Naşir, müəllif və oxucuların ənənəvi görüş ünvanı

  

   Son illər paytaxtımız dünyanın məşhur kitab sərgilərinin keçirildiyi şəhərlər sırasına qoşulub. Bakı iki ildən bir beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi edir.

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Bakı İdman Sarayında təşkil olunan sərgi-yarmarkada 100-dək yerli, habelə xarici ölkələrdən 40-dan artıq nəşriyyat, kitab evi və digər qurumlar iştirak etdi. Tədbir zamanı müxtəlif nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerlixarici naşirlərin işgüzar toplantıları gerçəkləşdi.

   Həmçinin Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfrans, Mədəniyyət və Turizm Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş kitabların təqdimatı oldu.

  

   İlmələrdə yaşadılan mədəni zənginlik

  

   İl beynəlxalq əhəmiyyətli və mədəni irsimizin daha geniş coğrafiyada təbliği baxımından çox mühüm bir tədbirlə də yadda qaldı. Oktyabrın 18-dən 30-dək Beynəlxalq Muğam Mərkəzində “Ənənələr və innovasiyalardevizi altında Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium keçirildi. Prezident İlham Əliyevin 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil edilən simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran beynəlxalq “Halı” jurnalı idi.

   Simpoziumla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, AMEA və “Azərxalça” ASC tərəfindən birgə maraqlı tədbirlər planı hazırlanmışdı. 20-dən çox ölkədən xalça sənəti üzrə aparıcı mütəxəssislərin iştirak etdiyi beynəlxalq tədbirin zəngin proqramı vardı. Üç gün davam edən tədbir çərçivəsində "Xalçalarda müasir incəsənət" və "Uçan xalça", "İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları" adlı sərgilər, “Dizayn və rəng”, “Təsviri incəsənətdə və memarlıqda xalça nümunələri” mövzusunda iki akademik sessiya, “Kolleksiyalartoplama”, “Bərpa və qoruma”, “Xalçalar barədə söhbət” mövzularında seminarlar keçirildi.   

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.6.