Turizm imkanlarının tanıdılmasında sərgilərin mühüm rolu var

 

 

   Başa çatan il Azərbaycanın turizm imkanlarının təbliği istiqamətində müxtəlif tədbirlər, yeniliklərlə yadda qaldı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, müvafiq qurumların, turizm şirkətləri və hotellərin iştirakı ilə ölkəmiz ənənəvi olaraq beynəlxalq sərgilərdə təmsil olundu. Hər il iştirak etdiyimiz İstanbul, Dubay, Tokio, Berlin, Moskva, Pariss. nüfuzlu sərgilərlə yanaşı, 2017-ci ildə Azərbaycan ilk dəfə İndoneziyanın paytaxtı Cakartada keçirilən IX Ümrə Həcc və Beynəlxalq turizm sərgisinə qatıldı.

   Aprel ayında Bakı növbəti dəfə regionun ən böyük turizm sərgisinə ev sahibliyi etdi. Bakı Ekspo Mərkəzində gerçəkləşən 16-cı Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (AİTF 2017) 22 ölkənin turizm imkanları, istirahət məkanları və marşrutlar, çeşidli turizm növləri nümayiş olundu. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ekspozisiyalarında Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim edildi. Sərgi meydançasında 20-yə yaxın turizm agentliyi, hotel və sanatoriyanı bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyasında isə ölkəmizdə və xaricdə turizm təkliflərinin geniş çeşidi təklif olundu. Bu il fəaliyyətə başlayan “ASAN Viza” - elektron viza portalı ilk dəfə sərgidə öz stendi ilə iştirak etdi. Sərgidə həmçinin 2017-ci il aprelin 10-dan mayın 10-dək Bakıda keçirilən Bakı Şopinq Festivalının ayrıca stendi vardı.

   Azərbaycanda turizmin müxtəlif növlərinin yaradılması və təbliği ilə bağlı görülən işlər çərçivəsində sağlamlıq turizminin inkişafı məqsədilə də tədbirlər həyata keçirilir. Qalaaltı kurort mərkəzinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi və bu çərçivədə məqsədyönlü fəaliyyət həmin tədbirlərin tərkib hissəsidir. 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Qalaaltı kurortu Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal Şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulub və 2018-ci ilin may ayında EHTTA-nın növbəti assambleyasının Qalaaltıda keçirilməsi qərara alınıb.

   Azərbaycanın tanıtımı kontekstində ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlarda daha geniş təbliğ olunaraq tanıdılması istiqamətində kompleks addımlar atılır. Prezident İlham Əliyevin xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqi mexanizminin tənzimlənməsi ilə bağlı 2016-cı il oktyabrın 4-də imzaladığı fərman da buna xidmət edir. Fərmanın icrası ilə bağlı yerli sahibkarların beynəlxalq sərgi və yarmarkalarda iştirakının təmin olunması, “Made in Azerbaijanbrendinin xarici ölkələrdə, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili, media vasitələrində təbliği üçün tədbirlər həyata keçirilir.

   Belə təqdimatlardan biri də Bolqarıstanın paytaxtı Sofiyada baş tutdu. Holiday&Spa Expo” adlı 34-cü Beynəlxalq sərgi çərçivəsində ölkəmizin turizm potensialının və “Made in Azerbaijan” məhsullarının təqdimatı reallaşdı. Təqdimatda sərgi iştirakçılarına Azərbaycanda mövcud turizm marşrutları, tarixi-mədəni abidələr, rekreasiyaturizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələri haqqında ətraflı məlumat verilib. Həmçinin sərgi çərçivəsində bolqar şirkətləri tərəfindən hazırlanmış və Azərbaycana səfəri əhatə edən turpaketlər təklif olunub.

  

   F.Hüseynov

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.9.