Məşhur hind aktyoruna həsr edilən filmin təqdimatı keçirilib
Dekabrın 27-də Bakıda telejurnalist Namiq Qurbanın hazırladığı
"Dharmendra - Məhəbbət
elçisi” adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib.
47 dəqiqəlik
film dünya və Hindistan kinosunun veteran aktyoru, "He, man" ləqəbli,
dünyada sülh, məhəbbət və qardaşlıq carçısı
kimi tanınan Dharmendra Deolun həyat və yaradıcılığına həsr
olunub.
Azərbaycan dilində hazırlanan
ekran əsəri ingilis və rus dillərinə tərcümə edilib.
Hazırda filmin hind və
ərəb dillərinə
tərcüməsi də
yekunlaşmaq üzrədir.
Filmdə xoşbəxtlik üçün
məhəbbətin zəruriliyi,
bütün insanların
bir-birinə doğma olması, dünyanı xilas edəcək insan sevgisi, həyatla, insanlarla düzgün rəftar, zəhmətlə ömrün
bərəkətliliyini, faydalılığını
artırmağın qaydaları
kimi maraqlı mesajlar ötürülür.
Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana çıxış edərək
film haqqında danışıb.
Bildirib ki, Dharmendra Deol dünyada çox məşhur olan bir aktyordur.
O, həm prodüser, həm də siyasətçidir. Hindistan
kinematoqrafiya sənətinə
verdiyi töhfələrə
görə ölkənin
üçüncü ən
yüksək mülki
mükafatı olan “Padma Bhuşan”a layiq görülüb: “Filmə baxanda çox təəccübləndim.
Namiq Qurban onun haqqında
çoxlu məlumata sahibdir. O, bunun üçün həm də Hindistana gedib”.
Mədəniyyət və Turizm
Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib ki, Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə
həsr olunan müxtəlif tədbirlər
keçirilir. Bugünkü təqdimat mərasimi də onlardan biridir. Filmin müəllifi müəyyən
çətinliklərlə qarşılaşsa da, bu işin öhdəsindən
ustalıqla gəlib.
Digər çıxış edənlər də film haqqında öz fikirlərini bölüşüblər.
Filmi ərsəyə gətirən
Namiq Qurban bildirib ki, ekran
işi klassik sənədli kino estetikasına uyğun hazırlanıb: “55 il ərzində dünyanın
böyük kino ekranlarında rəğbətlə
seyr edilən, yüz milyonların sevimli və cəsur qəhrəmanı
Dharmendra Deolun həyat, sevgi, insan, əmək, xoşbəxtlik və həmçinin Azərbaycan
barədə filmdə
səsləndirdiyi fikirlərinin
bütün tamaşaçılarda
maraq doğuracağına
inanıram”.
Qeyd edək ki, sənədli filmin baş qəhrəmanı
Dharmendra Deol “Daş və çiçək”, “Sevimli Raca”, “Qisas və qanun”, “Cəngəlliklər
kralı”, “Əbədi məhəbbət nağılı”,
“Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər
məşhur filmlərdə çəkilib.
Mədəniyyət.- 2017.- 29
dekabr.- S.12.