Şuşalı Qəmər bəyim Şeyda

 

 

   XIX yüzilliyin ikinci yarasında Şuşa şəhərində fəaliyyət göstərən “Məclisi-üns”ün xanım üzvləri arasında Qəmər bəyim Şeydanın da adı çəkilir. O, Xurşudbanu Natəvanın xeyir-duası və himayəsi ilə ədəbi mühitdə tanınıb.

   Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Atası Qarabağın tanınmış bəylərindən olub. Kiçik yaşlarından atası dünyasını dəyişir. Uşaqlar böyük qardaşları Məhəmməd ağanın himayəsində qalır. O, bacılarının təlim-tərbiyəsinə xüsusi diqqət yetirir, ayrıca müəllim tutur. Qəmər bəyim ibtidai təhsilini başa vurur, qardaşının məsləhəti ilə Şuşada gimnaziyada oxuyur.

   Tanınmış şairə Xurşudbanu Natəvan onu özü ilə “Məclisi-üns”ün yığıncaqlarına aparır və məclisin üzvlərinə təqdim edərək deyir: “Bu gənc qızın adı Qəmərdir. Yaxın qohumumdur. Şeirə marağı isə hədsizdir. İcazə versəniz, şeirlərindən bir neçəsini oxuyar. Xoşunuza gəlsə, sıralarımıza qəbul edərik. Ancaq qohumum olduğu üçün üzgörənlik etməyin...”

   Qəmər bəyim uşaq utancaqlığı və əsilzadə ədəb-ərkanı ilə irəli çıxaraq xüsusi ahənglə şeir oxuyur. Məclisin ağsaqqalı Mirzə Sadıq Piran ondan daha bir şeir oxumasını rica edir. O, qocaman şairin xahişini yerinə yetirir. Sonra keçib yerində əyləşir. Xurşudbanu Natəvan üzünü Mirzə Sadığa tutub deyir:

   “- Mirzə, nə deyirsən, xoşuna gəldimi? Bu qızcığazdan şair olarmı?

   - Sizin bu qohumunuz gerçək şair imiş ki. Misralarında məna çalarları var. Nitqi, tələffüzü öz yerindədir. Böyük inamla demək olar ki, Qəmər bəyim sizinbizim davamçımız olacaq”.

   Xan qızı məclis üzvlərinə ona ədəbi təxəllüs də verdiyini bildirir: “Özünüzgördünüz ki, Qəmər bəyim şeir söyləyərkən şeyda bülbül kimi necə ötürdü. Bəlağətli və tuti nəfəsli səsi var. Ona ədəbi təxəllüs vermişəm. Görün, yaraşır? Şeyda! Qəmər bəyim Şeyda!”

   Qəmər bəyim Şeyda “Məclisi-üns”ə qəbul olunandan sonra öz üzərində daha çox çalışır. Məşğələlərdə müntəzəm iştirak edir, təcrübəli şairləri dinləyir. Bu ədəbi mühit onun şair kimi formalaşmasında böyük rol oynayır.

   Şairənin günümüzə bir neçə şeiri gəlib çatıb. Həmin şeirlərdə kədər və şikayət motivləri qabarıqdır. Sadə, realist şeirlərində nəcib və insani hislər, səadət, məhəbbət öz dərin bədii ifadəsini tapıb. Şairə əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib. Buna görə də qəzəlləri oxunaqlıdır.

   Natəvanın ölümündən sonra (1897) “Məclisi-üns” himayəsiz qalır. Onun əvvəlki şöhrəti getdikcə zəifləyir. Ancaq vaxtilə Xan qızının verdiyi xeyir-dua Qəmər bəyimi poeziya aləmində irəli aparır və XIX əsrin axırlarında o artıq tanınmış şairə idi. Mənbələrdə onun “Ləli” təxəllüslü şairə Ziba Ərdəbili ilə deyişməsi var. Yazıçı-jurnalist Vasif Quliyev öz araşdırmalarında göstərir ki, Ziba Ərdəbili o dövrdə tanınmış şairə olub. OnunAğam canı” rədifli qəzəli ədəbi mühitdə geniş yayılıb. Qəmər bəyim və Fatma xanım Kəminə onun bu şeirinə cavab yazıblar. Bu əsərlər gənc şairələrin daha çox özlərini təqdim etmək, istedadlarını nümayiş etdirmək məqsədi daşıyıb. Filologiya elmləri doktoru Əzizə Cəfərzadə vaxtilə bu nəzirə-deyişmələrlə bağlı yazıb: “Bu qəzəllər bənzətmə, mübaliğə ilə dolu fəxriyyələrdir. Ancaq bu üç şairənin XIX əsr ədəbiyyatımızda mövcud olması, bir-birlərini tanıması və deyişməsi faktı nəzər-diqqəti cəlb edən ədəbi hadisədir”.

   Araşdırmalarda Bərdədəki “İmamzadə” tikilisinin həyətində Qəmər bəyimin Leyla adlı qızının dəfn olunması haqqında qeydlər var. Bu qəbrin başdaşında yarımçıq halda bir qəzəl yazılıb:

  

   Olubdur sərv qəddim, ey gülüm, kaman sənsiz,

   Misali-lalə əcəb bağrım oldu qan sənsiz.

  

   Düşəndə bərri biyabanə mən də Məcnuntək,

   Deyirlər, Leylisi ölüb, eyləyir fəğan sənsiz...

  

   Qəmər bəyim Şeyda qələmini dram janrında da sınayıb. 1918-ci ildə “Zülmün daşqını” adlı pyes yazıb. Əsərdə dövrün varlı bəyləri arasında gedən qan davası, ədavət və düşmənlik nəticəsində baş verən faciələr təsvir olunub.

   1924-cü ildə Qəmər bəyim Bakıya köçür. Oğlu Bahadırın işi ilə əlaqədar Bakıda, Naxçıvanda, bəzən də Tiflisdə yaşamalı olur. Bahadır Naxçıvana xalq səhiyyə komissarı vəzifəsinə təyin olunur. Qəmər bəyim burada yaşadığı illərdə naxçıvanlı qadınlar arasında böyük təbliğat işləri aparır. Naxçıvanda və Ordubadda toxuculuq fabriklərində çalışır.

   Şairə vaxt tapıb tez-tez Qarabağa da gedir. Keçmiş tanışları və qohum-əqrəbaları ilə hal-əhval tutur. 1930-cu ilin yayında o, Şuşada yaşayan qızını görməyə gedir. Bakıya qayıdarkən arabanın oxu qırılır. Yolda çox yubanırlar. Yaxınlıqdan keçən qaçaqlar onlara yaxınlaşırlar. Bir nəfər qabağa çıxıb burada Qəmər bəyimin səsinin gəldiyini deyir. Qəmər bəyim vaxtilə nökəri olmuş Çıraq Həsəni tanıyır. Onu yanına çağırır. Hal-əhval tutduqdan sonra bu yoldan çəkinməyi tövsiyə edir. Sonra onlara zamin durur, hökumətdən bağışlanmalarını istəyir. Qaçaqlar bağışlanır və öz ev-eşiklərinə dönürlər...

   Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.15.