Nizaminin “İqbalnamə”si özbək dilində nəşr edilib

 

 

   Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının ikinci hissəsi olan “İqbalnamə” əsəri Daşkənddəki “Extremum Press” nəşriyyatında özbək dilində çap edilib.

   Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə çap olunan əsəri özbək dilinə Xalq şairi Camal Kamal tərcümə edib. Camal Kamal kitabdakı giriş məqaləsində qeyd edir ki, “İqbalnamə” Nizami yaradıcılığının dürdanəsidir.

   Kitabın ön sözünün müəllifi Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim KarimovBoqicon Toxliyevdir.

   Ön sözdə Azərbaycan-özbək ədəbi əlaqələrindən, Nizami Gəncəvi yaradıcılığının nəinki özbək, bütün Şərq ədəbiyyatına təsirindən bəhs edilir. Vurğulanır ki, “İsgəndərnamə” əsərinin yüksək ideya və bədii dəyərlərindən bəhrələnən Əmir Xosrov Dəhləvi “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Cami “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvai “Səddi-İsgəndəri” əsərlərini yazıb və bu mövzuda digər əsərlər də yaradılıb.

   Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi ilə 2015-ci ildə bağlanan müqaviləyə əsasən tərcüməçi Camal Kamal “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” əsərlərini özbək dilinə çevirib. Hazırda o, “İsgəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə”nin tərcüməsi üzərində işləyir. Gələn ilin sonunadək böyük şairinXosrovŞirin” və “Yeddi gözəl” əsərlərinin də özbəkcəyə tərcüməsi nəzərdə tutulur.

   Mədəniyyət mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilib və bu gələcəkdə də davam etdiriləcək.

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.15.