Mədəniyyət və Turizm
Nazirliyinin yaradılmasının 11 ili tamam oldu
Nazirliyin kollektivi Fəxri xiyabanda ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını
ziyarət edib
Azərbaycan Respublikasının müstəqillik illərində, ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi də böyük inkişaf yolu keçib, həmçinin, milli turizm sənayesinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Ölkəmizin bugünkü inkişaf səviyyəsi də ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasətinin uğurla davam etdirilməsi sayəsində təmin edilib.
Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və idarəetmədə islahatlarla müşayiət olunub. Müasir dünya təcrübəsi mədəniyyətlə turizmin sıx bağlılığı üzərində təşəkkül tapıb. Mədəni irsin turizm məhsulu kimi təqdimatı, öz növbəsində turizm sənayesinin ölkənin tanıtımı, mədəni zənginliyinin təbliğinə töhfəsi bunun bariz nümunəsidir.
Prezidentin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılması da dövlət idarəetmə sistemində islahatların davamı, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi məqsədi daşıyan çox mühüm bir qərar idi. Dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyi qarşısında qoyulan ilk vəzifələrdən biri mədəniyyət obyektlərinin təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması, turizm sektorunun sürətli inkişafının təşviq edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı idi. Bu baxımdan 2006-cı il ölkəmizdə mədəniyyət və turizm sahələrində inkişafın yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu.
Ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələrinə böyük diqqət göstərilib, bu sahələrlə bağlı yüzlərlə fərman və sərəncam imzalanıb. Mədəniyyət və turizm siyasətinin qanunvericilik bazası yeni sənədlərlə zənginləşib, ayrı-ayrı sahələr üzrə dövlət proqramları qəbul edilib.
Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 11 ili tamam oldu. Bu münasibətilə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Ulu öndərin məzarı önünə tər güllər qoyulub.
Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Xatırladaq
ki, Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasının bəzi nazirliklərinin yenidən təşkil
edilməsi haqqında” 30 yanvar 2006-cı il tarixli fərmanına əsasən
Mədəniyyət Nazirliyi, Gənclər,
İdman və Turizm Nazirliyi ləğv edilərək Mədəniyyət
və Turizm Nazirliyi,
habelə Gənclər və İdman
Nazirliyi yaradılıb.
Mədəniyyət.- 2017.- 1
fevral.- S.3.