Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər
keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Tədbirlər planında paytaxtla yanaşı Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, xocalılıların müvəqqəti məskunlaşdıqları digər şəhər və rayonlarda (Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşlərinin təşkili nəzərdə tutulub.
Şəhər və rayonlarda fəaliyyət göstərən idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Fevralın 26-da
təhsil müəssisələrində ilk
dərslər Xocalı soyqırımına həsr olunacaq, respublikanın şəhər və
rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın
dövlət bayraqları endiriləcək.
Mədəniyyət.- 2017.- 1
fevral.- S.6.