Bakıda yapon filmləri
festivalı keçirildi
Yanvarın 27-də Bakıdakı “Landmark”
biznes mərkəzində
Yaponiyanın Azərbaycandakı
səfirliyinin təşkilatçılığı
ilə yapon filmləri festivalının
açılış mərasimi
oldu.
Tədbirdə Yaponiyanın Azərbaycandakı
səfiri Tsuquo Takahaşi çıxış
edərək ölkələrimiz
arasında siyasi və mədəni sahədə əlaqələrdən
danışdı. Bildirdi
ki, belə tədbirlər mövcud əlaqələrin daha da möhkəmlənməsinə
təkan verir, ölkələrin bir-birinin
mədəniyyəti, məişəti
ilə yaxından tanış olmasına şərait yaradır. Yapon filmlərinin Azərbaycanda
nümayişi həm
də kinematoqrafiya sahəsində çalışan
insanlar üçün
məlumat xarakteri daşıyır.
Qeyd edildi ki, səfirlik
tərəfindən bir
neçə ildir ənənəvi olaraq Bakıda Yaponiya filmləri festivalı təşkil olunur: “İnanırıq ki, ötən illərdə olduğu kimi, bu dəfə də kinosevərlər festivaldan zövq alacaqlar. Festival Azərbaycan
xalqına Yaponiya mədəniyyəti və
yaponların düşünmə
tərzini daha dərindən tanıtmaq üçün gözəl
fürsət yaradacaq və iki millət
arasında daha yaxşı qarşılıqlı
anlaşmanın qurulmasını
təmin edəcək”.
Festival proqramına
beş ekran əsəri - “Məktub”,
“Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən
yaxşı uşaqsan”
və “Çevrəmizdəkilər”
filmləri daxil idi. Festivalın açılış günü “Sən yaxşı uşaqsan” filmi təqdim olundu. Tamaşaçılar yapon dilində
səslənən bu ekran əsərini ingilis dilində subtitrlər vasitəsilə
izlədilər.
Qeyd edək ki, üç gün davam edən festivala yanvarın 29-da yekun vurulub. Festival çərçivəsində
hər gün üç seansla təqdim edilən 5 yapon filmi kinosevərlər
tərəfindən maraqla
qarşılanıb.
Lalə
Mədəniyyət.- 2017.- 1
fevral.- S.8.