Mənəvi müasirimiz
Görkəmli ədib Səməd Mənsur lirik şeirlərində klassik poeziyamızın zəngin yaradıcılıq ənənələrini davam və inkişaf etdirib
İyirminci əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti, mətbuatı tarixində özünəməxsus xidmətləri ilə seçilən istedadlı ədib Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879-1927) qısa ömür sürsə də, çoxşaxəli və səmərəli yaradıcılığı ilə böyük şöhrət qazanmışdır.
O, hər şeydən öncə, bir şair olaraq ədəbiyyat tariximizdə şərəfli yer tutur. Təsadüfi deyil ki, çoxsaylı müasirləri Səməd Mənsuru ustad şair kimi səciyyələndirmişlər. Şair Azər Buzovnalı onu “Şüəra içrə fazili-məşhur” saymışdı. Hələ ötən əsrin əvvəllərində Bakıda “Məcməüş-şüəra” ədəbi məclisinin məşğələlərində iştirak edib oxuduğu lirik şeirlərlə tanınmış şairlərin rəğbətini qazanan gənc şairə “Mənsur” (mənası: qalib gəlmiş, üstünlük qazanmış) təxəllüsünün verilməsi sənət aləminə yeni bir istedadın gəlişini göstərirdi.
S.Mənsur bütün yaradıcılığı boyu həm lirik, həm də satirik şeirlər yazmış, hər ikisində də ciddi uğurlar qazanmışdır. Ustad ədəbiyyatşünas Mir Cəlal Paşayevin dəqiq vurğuladığı kimi: “Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi, satira, ikincisi, romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır”.
Lirik şeirlərində klassik poeziyamızın zəngin yaradıcılıq ənənələrini davam və inkişaf etdirən Səməd Mənsur həssas, zərif duyğuları, həmçinin narahat şair ovqatının nisgilli yaşantılarını, cəmiyyətdə müşahidə etdiyi haqsızlıqlardan qaynaqlanan bədbin düşüncələrini təsirli bədii vasitələrlə poetikləşdirmişdir. Onun qəzəl, müxəmməs, müsəddəs və digər janrlarda yazdığı lirik şeirlərin əksəriyyəti romantik qayəsi ilə seçilir. Bunların bir çoxunda lirik duyğularla fəlsəfi düşüncələrin mükəmməl harmoniyası ön planda dayanır.
S.Mənsurun təkcə elə poeziyamızın nadir incilərindən olan “Həpsi rəngdir” şeirinə nəzər salmaq kifayətdir ki, onun ilham və istedadının geniş poetik konturları, daima ali həqiqət amalı ilə yazıb-yaratmış humanist şair şəxsiyyəti, bütöv əqidəsi aydın şəkildə göz önündə canlansın:
Görmədim bir zərri-xalis buteyi-nasutdə,
Mənəvi
min ləkə gördüm
ləldə, yaqutdə,
Biqərəz insan olur görmək
fəqət tabutdə,
Bilməzəm
varmı sədaqət
aləmi-lahutdə,
Azma, fikrim, cümlə
ecazü kəramət
rəngdir.
Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,
Görmədim
heç kəsdə bir niyyət qərəzdən maəda,
Küllən əbnayi-bəşər öz
nəfsinə olmuş
fəda,
Nəfsi uğrunda görürsə
hər bəla, hər macəra,
“Məslək”ə
isnad edər, məslək, dəyanət
rəngdir.
Şairin “Sən mənim
olsan”, “Naz et” kimi bir sıra
digər şeirləri
də iyirminci əsr Azərbaycan lirikasının dəyərli
nümunələri sırasına
daxildir.
S.Mənsurun yaradıcılığının
mühüm bir qolu da satirik
əsərlərdən ibarətdir.
O, “Tuti”, “Şeypur”, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında “Pampuşalı”, “Kənarçı
Pampuşalı”, “Mütəşair”
və s. imzalarla çoxsaylı satirik şeirlər və felyetonlar dərc etdirmişdir. Bu nümunələrin
əksəriyyəti mövzu
aktuallığı, ideya
aydınlığı, dolğun
sənətkarlığı ilə diqqəti çəkir.
1918-ci ilin 5 oktyabrından 1919-cu ilin 18
yanvarınadək Bakıda
Məmmədəli Sidqinin
redaktorluğu, Səməd
Mənsurun naşirliyi
ilə nəşr olunan satirik “Şeypur” jurnalı ədibin yaradıcılıq
imkanlarının geniş
təzahürü kimi
xüsusi maraq doğurur. Cəmi on dörd sayı
çıxmış bu
jurnalın materiallarını
transliterasiya edib kitab halında çapa hazırlayarkən
S.Mənsurun zəngin
və məhsuldar satirik yaradıcılığını
daha dərindən müşahidə etdik.
Həftəlik jurnalın, demək
olar ki, hər sayında S.Mənsurun şeir və felyetonları verilmişdir. Hətta bəzi
saylarda o, bir neçə əsərlə
çıxış etmişdir.
Bütün bunlarda məişətdəki
nöqsanlardan tutmuş
aktual beynəlxalq və milli məsələlərə
qədər ən müxtəlif problemlər
özünün müvafiq
təcəssümünü tapmışdır. Vətən
və xalq taleyi, bolşevik-daşnak
fitnəkarlığına qarşı mübarizəyə
çağırış, istiqlalın möhkəmləndirilməsi
uğrunda mücadilə,
hərbi quruculuq, siyasi idarəçilik, sosial-mədəni və iqtisadi tərəqqi, ana dilinin saflığı,
mətbuat azadlığı,
ziyalı və xalq kimi ümdə
məsələlər S.Mənsurun
“Şeypur”dakı şeir
və felyetonlarının
əksəriyyətində qabarıqdır.
Çoxsaylı nümunələrdən bir neçəsinə nəzər salmaq istərdik.
“Şeypur”un ilk sayında S.Mənsurun “Qaçmaq günüdür” şeiri
verilmişdir. Həmin əsərdə
Azərbaycan və türk silahlı qüvvələrinin 1918-ci ildə
Bakını yadelli qüvvələrdən azad
etmək üçün
birgə hərbi əməliyyatları alqışlanmış,
torpaqlarımızdan çəkilməyə
məcbur qalan erməni daşnaklarına
və digər işğalçı qüvvələrə
ironiya ilə xitab edilmişdir.
“İski”lər
“li”ləndilər” şeiri
isə milli simasını itirib kənar təsirlərə
qapılanların, şəxsi
maraqları naminə cilddən-cildə girənlərin
tənqidinə həsr
olunmuşdur. Müəllif
ilk növbədə diqqəti
ona yönəldirdi ki, Azərbaycan 1918-ci ildə öz istiqlaliyyətini elan edəndən sonra soyadları “iski”, “ov” ilə bitən
bir sıra həmvətənlər həmin
sonluqları “li” ilə əvəzləmişlər.
Əlbəttə, soyadların milli
dilin xüsusiyyətlərinə
uyğun olması vacib və təqdirəlayiq
haldır. Lakin S.Mənsur məsələnin
digər tərəfinə
nəzər salaraq yazırdı ki, “iski”dən, “ov”dan “li”yə keçənlərin
bir qismi guya milliləşdiklərini
göstərmək, bu
yolla yeni cəmiyyətdə də
özlərinə mövqe
qazanmaq üçün
həmin addımı
atmışlar. Şair “bu
dəyişkənliyi yalnız
siyasi konyuktura naminə edən” (prof. N.Qəhrəmanlı)
belə tipləri istehza ilə “millət, vətən canbazı” adlandırırdı.
Satirik ədib haqlı olaraq nəzərə çatdırırdı ki,
sadəcə soyad sonluğunu əvəzləməklə
milliləşmək mümkün
deyil. Millilik qanda, ruhda, əməldə, dünyagörüşündə
özünü göstərməlidir.
S.Mənsur “Bənzətmə” şeirində də Vətən və xalq taleyi üçün
əhəmiyyət daşıyan
bir sıra məsələlərə münasibət
bildirmişdir. Şairin haqlı
qənaətinə görə,
millətin igidləri,
öndə gedənləri
yatmamalı, ayıq-sayıq
olmalıdırlar. Əks təqdirdə
məmləkət fəlakətə
düşər. Şair elm, maarif
məsələlərinə də diqqət yetirərək vurğulayırdı
ki, məktəbə təhsil ardınca göndərilməyən uşaqlar
böyüyüb son nəticədə
fanatizm, cəhalət
mühitinin rəmmalına,
cindarına çevriləcəklər.
Əgər bir şəhərdə maarif,
mədəniyyət müəssisələri
əvəzinə altı
yüz çayxana, qəlyan evi açılırsa, bu, həmin məkanlarda avaralanan altı min sərsərinin varlığı
deməkdir, mahiyyətcə,
xalqın müasir tərəqqidən uzaq düşməsinin göstəricisidir:
Tiflini məktəblərə qoymazsa
möminlər, böyür,
Baz olar, rəmmal olar, cindar olar,
əlbəttə ki...
Gər açılsa altı yüz bir şəhərdə
çayçı, düxan,
Altı min də sərsəri, biar olar, əlbəttə
ki...
“Bir
möminin avropalıya
xitabı” satirası ümumən gülüş
əsasında qurulsa da, onun daxili
semantikasındakı qəm-kədəri
görmək çətin
deyil. Müəllif
avam müsəlmanların
halına ürəkdən
acıyır, ustad Sabirin ifadəsi ilə desək, “əcnəbilərin seyrə
balonlarla çıxdığı”,
göylərdə səyahət
etdiyi, gəmilər düzəldib okeanlarda üzdüyü, suyun altında araşdırmalar
apardığı bir
vaxtda gününü
xoşavaz mərsiyəxanları
dinləyib göz yaşı axıtmaqla keçirən, ilin on ayını ağlayan binəva müsəlmanların
vəziyyətini səciyyəvi
bədii detallarla canlandırır:
Sazla gəmilər, qoy sənin olsun okeanlar,
Məmlukun ola skilelər,
cümlə limanlar.
Göylərdə
səyahət elə,
yap ayroplanlar,
Su altını
gəz, tap oradan tazə nişanlar.
Qəhr olmalı bu işlərdə sənə qibtə qılanlar,
Möminlərə bəsdir dili
xoş mərsiyəxanlar.
Bir ildə on ay dideyi-giryan mənə bəsdir,
Zəncirü qəmə, tövqi-zərəfşan
mənə bəsdir.
Beləliklə,
bir avam müsəlmanın avropalıya
müraciəti əsasında
qurulmuş bu şeirdə Səməd Mənsur Şərqlə
Qərbi müqayisə
etmiş, Şərqin
geriliyi, müasir tərəqqidən uzaq düşməsi və onun səbəbləri barədə düşüncələrini
satirik üslubun geniş imkanları vasitəsilə ümumiləşdirmişdir.
S.Mənsurun “Ziyalılarımız” başlığı ilə
dərc olunmuş silsilə felyetonları da onun ictimai-siyasi
proseslərə həssas
vətəndaş münasibətinin
ifadəsi kimi böyük dəyərə
malikdir. Felyetonların
birində tarixi saxtalaşdıran, hətta
Nuh peyğəmbərin,
Adəm ilə Həvvanın erməni olduğunu iddia edən ermənilərin cəfəng uydurmaları
satirik tənqid hədəfinə çevrilmişdir:
“Daşnak deyir ki, bir vaxt
dünyada Tursiya-mursiya,
Qafqaz-mafqaz, İran-miran
olmayıb. Tamam bir Armeniya olub...
Daşnak deyir ki, Nuh peyğəmbər erməni idi. Dünyanı su basanda gəmisi ilə gəzirmiş. Birdən bir
quru yer görür. Deyir ki, iro!
Yəni görünür, görünür.
Sonra çıxır o yerə.
Başlayır orada yaşamağa.
O yerin adı İrəvan olur. Sonra da başlayır balalamağa. Yavaş-yavaş
ermənilər tamam bu yerləri tutur...”
Bədii mükəmməlliyə malik bu felyetonun
sonrakı hissəsində
heç bir əndazəyə sığmayan
əsassız erməni
iddialarının çürük
mahiyyəti obrazlı
şəkildə, həm
də satirik üslubun rəngarəng çalarlarına istinadən
məharətlə aşkarlanmışdır.
Bu kimi
materiallar ermənilərin
tarixi keçmişə
dair cəfəng uydurmalarının o zaman da baş alıb
getdiyini konkret şəkildə göstərir.
S.Mənsur dramaturgiya sahəsində də səmərəli yaradıcılıq axtarışları aparmış, müxtəlif vaxtlarda “Dövlətin təhsili və təsiri”, “Maarif”, “Cinayət”, “Dərviş”, “Rəzalət səbəbləri”, “Aktyor”, “Mükafat” kimi faciə və komediyalar yazmışdır. Çoxu həcmcə kiçik olan bu əsərlərdə sosial-mənəvi problemlər diqqət mərkəzinə çəkilmişdir. Müəllifin pyeslərində dramatik situasiyaların mahiyyətini, obrazların daxili aləmini, dünyagörüşünü daha dərindən təqdim etmək üçün mətn daxilində verilən müvafiq şeir parçaları da özünün ideya-estetik tutumu ilə diqqəti çəkir. Tanınmış ədibin türk ədəbiyyatından “Gaveyi-ahəngər”, “Əhdə vəfa” kimi pyesləri dilimizə məharətlə çevirməsini də xatırlatmaq yerinə düşər.
S.Mənsurun həm teatr xadimi, həm də bilavasitə aktyor kimi fəaliyyətini də yada salmaq gərəkdir. O, Bakıda “Səfa”, “Nicat” cəmiyyətlərinin xətti ilə müxtəlif tamaşaların hazırlanmasında yaxından iştirak etmiş, eləcə də ayrı-ayrı pyeslərin tamaşasında aktyorluq məharətini də göstərmişdi.
Görkəmli ədib Məmməd Səid Ordubadi xatirələrində onun şəxsiyyətinə və çoxşaxəli istedadına yüksək qiymət verərək yazırdı: “Səməd Mənsur... olduqca inadlı idi, əyilməz idi... Səməd Mənsur kimi qabiliyyətli və bilikli adamlara çox az-az təsadüf olunur. O, səlis təbə malik olan bir şair idi. Şərq musiqisini bir musiqi müəllimi kimi bilirdi. Tar çalırdı, kamança çalırdı, pianino çalırdı, qarmon çalırdı. Bir aşıq kimi saz çalıb-oxuyurdu. Bir sözlə, Səməd Mənsur incəsənətin bütün növlərini özündə mərkəzləşdirmişdi”.
Səməd Mənsur 48 yaşında dünyasını dəyişdi, cismani ömrünü başa vurdu, daima qəlbi vətənə, xalqa xidmət eşqi ilə döyünən, vicdanının həqiqət harayını sətirlərə köçürüb oxuculara ünvanlayan böyük sənətkarın mənəvi həyatı isə davam etməkdədir.
Ölsəm mən əgər, bir neçə kağızdan ibarət
Asarım olar anlayana rəhbəri-ibrət,
- deyən
görkəmli sənətkarın
əsərləri, doğrudan
da, bizim mənəvi müasirimizdir.
Hüseyn Həşimli
filologiya
üzrə elmlər doktoru, Əməkdar
elm xadimi
Mədəniyyət.- 2017.- 1
fevral.- S.11.