Kreativliyin Tbilisi
dayanacağı
(I yazı)
Nə gizlədim, arabir
jurnalistikanın başqa sahələrində işləyən
həmkarlarımız xaricdə beynəlxalq tədbirlərdə,
peşə treninqlərində iştirakları barədə
məlumatları çalışdıqları mətbuat
orqanlarında, ya da sosial şəbəkələrdə
paylaşanda istər-istəməz içimdə qibtə
hissi baş qaldırırdı: əcəba, niyə mədəniyyət
yazarları üçün belə görüşlər təşkil
olunmur, niyə biz yaxın-uzaq ölkələrdəki həmkarlarımızla
təcrübə mübadiləsi etməyək? Onsuz da
bütün mövzuların təməli mədəniyyət
deyilmi?
Nəhayət, bayram bizim
küçəyə də gəldi. Avropa
İttifaqının «Şərq tərəfdaşlığı»
layihəsi çərçivəsində 6 ölkənin -
Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və
Moldovadan olan mədəniyyət jurnalistləri
üçün «Culture &Creativitu» treninqlərində
iştirak proqramında bəxtimi sınamaq qərarına gəldim.
Bu seminara Azərbaycandan qatılan 3 nəfərdən biri
olmağımı həm də təmsil etdiyim qəzetin
uğuru kimi dəyərləndirdim. Tbilisi, Kişinyov və
Kiyevdə keçiriləcək üç mərhələdən
ibarət treninqdə “Novosti-Azerbaydjan” portalından Aytən
Əliyeva və AzArtbox.com saytının layihə rəhbəri,
Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı
Könül Rəfiyeva ilə birlikdə iştirak edəcəkdik.
Hava limanında ilk söhbətimizdən məlum oldu ki,
öz işimiz barədə həm bir-birimizə, həm də
başqalarına deyiləsi sözümüz,
bölüşəsi fikirlərimiz, paylaşası
mövzularımız az deyil.
“Qrup terapiyası”nın faydası
Bəzi şəhərlər var
ki, biz onların adını elə ta qədimdən
alışdığımız tərzdə tələffüz
edirik. Eynilə Bakının qədim məhəllələrinin,
hələ inqilabdan əvvəl salınmış
küçələrinin adları kimi... Məsələn,
bizim üçün Tbilisi hələ də daha çox
Tiflisdir. Əslində biz də elə keçmiş quberniya
mərkəzinin təxminən o dövrlərə aid bir məhəlləsində,
köhnə Tiflisin ənənələrinin hopduğu,
köhnəliyin içində doğulan yeni bir yerdə yerləşdik
və çalışdıq.
26-27 yanvar tarixində şəhərdəki
«Fabrika» hostelində (hostelin hoteldən fərqi nədir, bizdə
də belə bir məkan yaratmaq mümkündürmü kimi
suallara başqa bir yazıda aydınlıq gətirəcəyik
deyə, mətləbdən uzaqlaşmırıq) keçirilən
treninqin adı belə idi: «Mədəniyyət və
yaradıcılıq sahələri/iqtisadiyyat
anlayışlarında dəyişikliklər daxil olmaqla mədəniyyətin
əhəmiyyəti və mədəniyyət
jurnalistikasının rolu». Ad kifayət qədər qəliz
olsa da, məram aydın idi: mədəniyyətdən yazan
jurnalistlərin əməyi KİV-də nə qədər
önəmlidir, dövlətin və özəl sektorun mədəniyyətə
maliyyə dəstəyini artırmaq yolunda sahə jurnalistləri
nə edə bilər. Trenerlərimiz - Böyük Britaniya təmsilçisi,
tanınmış jurnalist-tənqidçi, «Qardian» qəzetinin
müəllifi Mayya Caggi və mədəniyyət elmləri
üzrə magistr, ədəbi tənqidçi, mədəniyyət
festivallarının meneceri Katerina Botanova (Ukrayna) ilə
anlaşmamız rahat baş tutdu.
Trenerlərlə
tanışlıqdan sonra 6 ölkəni təmsil edən 18
jurnalist özlərini təqdim etdilər, tədbirdən nə
gözlədiklərini dilə gətirdilər. Növbəli
təqdimatda şəxsən mənim ən çox xoşuma
gələn Ukrayna təmsilçisi Olqa Kuçerin «Mən
özümü «qrup terapiyası» keçən şəxs
kimi hiss edirəm, çünki eşitdiyim ilk fikirlərdən
məndə elə bir rəy formalaşdı ki,
hamımız eyni dərddəyik. Hamımız
çalışdığımız mətbuat sahəsində
eyni problemlə üzləşirik». Gerçəkdən də
bütün tanıtım çıxışlarında
inciklik duyulurdu ki, mədəniyyət mövzusunda yazılara
siyasətə, idmana, kriminal xəbərlərə nisbətən
daha az yer ayrılır, mühüm mədəniyyət hadisə
və tədbirləri layiq olduğu qədər
işıqlandırılmır, hətta qonorar məsələsində
müəlliflər arasında aparılan ayrı-seçkilik
mədəniyyət yazarlarının xeyrinə olmur.
Tanıtım
çıxışında sonuncu olmağın da bir
üstünlüyü varmış. Mən sıra ilə
sonuncu olduğumdan 2 dəqiqəlik
çıxışımı belə başladım: «Həmkarlarıma
baxanda mənim bəxtim gətirib. Çünki Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanında
- «Mədəniyyət» qəzetində
çalışıram və mənim hər hansı tədbiri
işıqlandırmaq, yaxud redaktoru həmin tədbirin nə
qədər əhəmiyyətli olduğuna inandırmağa
və səhifədə ona yer ayırmaqla bağlı
mübahisələrə ehtiyacım yoxdur. Həm də «Mədəniyyət»
qəzetinin səhifələrində yer alan yazılardan
hansının prioritet olub-olmadığı avtomatik aradan
qalxır. Bizim sahəmizə aid yazılar eyni dərəcədə
prioritetdir».
Kultura düşünüb mədəniyyət
demək lazım...
Əslində, dilimizə biri ərəb
dilindən, o birisi də rus dilindən keçmiş bu iki
söz eyni mənanı ifadə edir... Amma söz oyununa
başladıqda «mədəniyyət» kəlməsini «mədə»
və «niyyət», ya da üçüncü hecanı bir qədər
uzatmaqla «mədəni niyyət» kimi də söyləmək
mümkündür. Amma biz belə etməyəcəyik.
Çünki bunu bizdən əvvəl ediblər, həm də
biz mədəniyyət sözünü latın dilində
«yetişdirmək, becərmək» mənasını verən
kultura kəlməsinin məna ekvivalenti kimi qəbul etməyə
üstünlük veririk.
Birinci sessiyanın
aparıcısı Mayya Caggi də mədəniyyəti
kompleks anlayış, cəmiyyət həyatının
bütün məqamlarında insanı müşayiət edən,
hər sahədə olan bir nəsnə kimi dəyərləndirdi.
Mədəniyyət jurnalistikasına gəlincə, bu sahədə
çalışanların ən vacib işinin milli, əbədi
və dünyəvi dəyərlərə sadiqliyinin, hər
yazısı, müsahibəsi ilə oxucusunun mənəvi
inkişafına xidmət etməsinin önəmli olduğunu
bildirdi. Fikir mübadiləsi, hər
iştirakçının şəxsi qənaəti və rəyləri
də maraqlı idi.
Doğrudan da, treninq
yoldaşlarımı dinlədikcə postsovet məkanında
yaşayan və yazan həmkarlarımın təxminən eyni
problemlərlə qarşılaşdığını
gördüm. Hərçənd maraqlı
çıxış yolları, fərqli münasibətlər
də var idi. Məsələn, Moldovanın tanınmış
uşaq yazıçısı Spiridon Vangelinin «Ququtsenin sərgüzəştləri»
silsilə hekayələrinin qəhrəmanı, iri sehrli
papağı olan Ququtse adlı balaca oğlanın əhvalatları
çoxlarına tanışdır. Yeri gəlmişkən, mən
də uşaq olarkən bu əhvalatları çox sevər,
dönə-dönə oxuyardım. Demə, Kişinyovda az
qala xalq qəhrəmanına çevrilmiş Ququtsenin adı
verilmiş kafe var və Ququtsenin papağına oxşayan tort
məhz burada bişirilir. Bir müddət əvvəl isə
yerli oliqarxlardan biri paytaxtın simasını yaradan məkanlardan
sayılan kafeni yerlə yeksan edərək, onun yerində
çoxmərtəbəli hotel tikmək fikrinə
düşüb. Yalnız əhalinin petisiya toplamaq kimi mədəni
etirazı öz tarixi olan bu binanı sökülməkdən
xilas edib. Məgər pis təcrübədir?
Bizim də deməyə
sözümüz, göstəriləsi nümunəmiz
vardı. Məsələn, müzakirələr zamanı həmkarlarım
teatrlara, ciddi tamaşa və filmlərə dövlətin gərəyincə
diqqət yetirmədiyindən narazılıqlarını
bildirdikdə Azərbaycanda nəinki teatr haqqında qanunun
qüvvədə olduğunu, hətta teatrla bağlı
2009-2019-cu illər üzrə dövlət proqramının qəbul
olunduğunu, bu proqrama əsasən paytaxtda, bölgələrdə
teatr binalarının təmir edildiyini və müasir səviyyədə
yenidən qurulduğunu, ölkəmizdə beynəlxalq teatr
konfransı və festivallarının keçirildiyini eşidəndə
heyrətləndilər.
Tapşırığa görə,
hər ölkədən bir nəfər olaraq
yığışdığımız beynəlxalq komanda
çərçivəsində dünyaya hansı mədəniyyət
hadisəsini, yaxud janrını çıxara bilərik ki,
bu, həm də iqtisadi gəlir gətirsin sualına
muğam-caz sintezinin bütün dünyada maraqla
qarşılandığını deyəndə slavyan həmkarlarım
çox maraqlandılar. Onların suallarına cavab verərkən
bədnam qonşumuzun təmsilçisi «bizim caz ifa edən 22
yaşlı pianoçumuz tez-tez qastrola çıxır»
replikasını atanda Belarusdan Darya Amalkoviçin «belə gənc
yaşda davamlı qastrollar?» təəccübünə Nune
Haqverdiyan «bizim diasporumuz çox güclüdür, onlar dəvət
edirlər» cavabı ilə qürrələnmək istəyərkən
bəndənizdən «Əzizə Mustafazadə, Şahin
Növrəsli, İsfar Sarabski, Əminə Fiqarova və azərbaycanlı
cazmenlər məşhurlaşmaq üçün yalnız
istedadlarına güvəniblər. Həm də Yaponiyanın
dünya bazarına işləyən ən məşhur səsyazma
şirkəti diaspor yardımı ilə iş görmür»
cavabını eşitdi. Vəssalam. Bu da bizim bədnam
qonşu ilə neytral zonada iki gün ərzində ilk və
son “qarşıdurma” cəhdimiz oldu.
Tbilisi treninqi bizim üçün
bir qədər yeni olan mədəniyyətin iqtisadi təməli,
yaxud maliyyə gəlirləri, bu istiqamətdə mədəniyyət
jurnalistikasının nələr edə biləcəyi barədə
yeniliklərlə də maraqlı oldu ki, bu da gələn
yazımızda...
Gülcahan Mirməmməd
Bakı-Tbilisi-Bakı
Mədəniyyət.- 2017.- 1
fevral.- S.13.