Azərbaycan nümayəndə heyəti
Gürcüstanın mədəniyyət ocaqları ilə
tanış olub
Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun ikinci iclasında iştirak məqsədilə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstana səfər edib.
Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, mədəniyyət müəssisələri və abidələr ziyarət edilib.
Nümayəndə heyəti yanvarın 31-də Gürcüstan Milli Muzeyində olub. Muzeyin direktoru azərbaycanlı qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib, muzeydəki ekspozisiyalarla tanışlıq keçirilib.
Sonra nümayəndə heyəti XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məskunlaşmış almanların vaxtilə yaşadığı Bolnisi şəhərinə səfər edib və orada yeni tikilmiş muzeydə aparılan tərtibat işləri ilə tanış olub. Görüşdə muzey sahəsində müvafiq innovasiyaların tətbiqi və bu müəssisələrin cəmiyyətin, xüsusilə gənc nəslin maarifləndirilməsində roluna dair fikir mübadiləsi aparılıb.
Müzakirələr əsnasında Bolnisidə azərbaycanlıların yaşadıqlarını nəzərə alaraq, həmin muzeydə Azərbaycan mədəniyyətinə aid eksponatların nümayiş etdirilməsinə dair razılıq əldə olunub.
Görüş zamanı həmçinin Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin beynəlxalq səviyyədə birgə qeyd olunması imkanları və bu istiqamətdə iki ölkədə mədəniyyət sahəsində müvafiq tədbirlərin təşkili məsələləri müzakirə edilib.
Nümayəndə
heyəti həmçinin Dmanisi arxeoloji ərazisini ziyarət edib,
abidənin bərpası istiqamətində görülən
işlər və gələcək fəaliyyət istiqamətləri
ilə tanış olub.
Mədəniyyət.- 2017.- 3
fevral.- S.4.