“Bizim kino
günləri” başlandı
Layihə ilə bağlı mətbuat konfransında milli kinonun vəziyyəti və perspektivlərindən də ətraflı söz açıldı
Fevralın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ənənəvi layihəsi olan “Bizim kino günləri”nin açılışına həsr olunan mətbuat konfransı keçirildi.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək bildirdi ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan kinosunu dünyada tanıtmaqdır. Son illərdə Azərbaycan filmləri 50-dən artıq ölkədə 160-dan çox festivalda təmsil olunub. Kino sahəsində yaradıcı sistemi müasir dövrün tələblərinə uyğun qurmaq üçün yeni qanun layihəsi lazımdır: “Qanun layihəsini Milli Məclisə təqdim etmişik, müzakirələr gedir. Qanunun qəbulundan sonra yeni istiqamətdə işlər görüləcək”.
M.Hətəmov Azərbaycan kinosunda özəl film infrastrukturunun meydana gəldiyini diqqətə çatdırdı: “Rejissorlar müstəqil olaraq filmlər çəkib Azərbaycan tamaşaçısının diqqətini cəlb etməyə başlayıblar. Ola bilsin bəzi filmlərin bədii keyfiyyəti zəifdir, amma bu qığılcımı məşələ çevirməliyik”.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təhsil alan gənclər haqqında məlumat verən direktor prodüserləri dəstəkləmək, gənclərə və yeni filmlər çəkən rejissorlara münasib şəraitin yaradılması üçün birgə əməkdaşlığın əhəmiyyətindən danışdı. Vurğulandı ki, yaxın vaxtlarda komediya filmləri sahəsində İran və Türkiyə prodüserləri ilə işbirliyinin qurulması nəzərdə tutulur.
"Azərbaycanfilm"in rəhbəri kino sahəsində islahatların vacibliyini bildirdi: “Bizim ilk gördüyümüz iş müasir istehsalat sisteminin qurulması, ölkəmizdə və xaricdə yaşayan 30-a yaxın gəncin yaradıcılıq imkanlarından istifadə etmək oldu. Bunlar ilkin addımlardır və müasir yaradıcılıq və istehsalat sistemi qurmaq üçün bizə böyük daxili baza gərəkdir. Yeni qanun layihəsi qəbul edildikdən sonra Prodüserlər Gildiyası ilə bir sıra layihələri həyata keçirməyi planlaşdırırıq. Bu işlərdən biri də Azərbaycan Film Komissiyasının yaradılmasıdır”.
Qeyd olundu ki, bu layihə “Azərbaycanfilm” kinostudiyası və Prodüserlər Gildiyası tərəfindən hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Bu məsələ “Kinematoqrafiya haqqında” yeni qanun layihəsində də əksini tapıb. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. Film komissiyası qısa zamanda ölkədə turizmin və kino sənayesinin yeni istiqamətdə inkişafına zəmin yaradacaq. Məqsəd, bütün dünyada olduğu kimi, xaricdən kino çəkilişlərini ölkəyə cəlb etməklə yerli biznesə dəstək olmaqdan ibarətdir. Bu siyahıya təkcə bədii və sənədli filmlərin istehsalı deyil, həmçinin televiziya filmlərinin və serialların, musiqi kliplərinin və reklamların çəkilişləri aiddir. Film komissiyaları əsas etibarilə dövlət himayəsi altında, xüsusən mədəniyyət, turizm və iqtisadi inkişaf üzrə dövlət orqanlarının dəstəyi ilə fəaliyyət göstərir. Azərbaycanda da bu modeldən istifadə ediləcək. Yeni komissiya publik hüquqi şəxs statusunda olacaq.
Diqqətə çatdırıldı ki, “Kinematoqrafiya haqqında” yeni qanun qəbul olunandan sonra Azərbaycan xarici kino istehsalçılarının çəkiliş meydançasına çevrilə bilər.
M.Hətəmov jurnalistlərin suallarını da cavablandırdı, “Bizim kino günləri 2017”nin proqramı barədə məlumat verdi.
Qeyd edildi ki, tamaşaçılar son illərin istehsalı olan maraqlı filmləri izləyə biləcəklər. Layihə çərçivəsində “Yarımçıq xatirələr” (2-8 fevral), “Qatil” (9-15 fevral), “İçərişəhər” (16-22 fevral), “Axınla aşağı” (23 fevral - 1 mart), “Xeyirlə Şərin rəqsi” (2-8 mart), “Dərs” (9-15 mart) və “Qırmızı bağ” (16-22 mart) filmləri nümayiş olunacaq.
Lalə
Mədəniyyət.- 2017.- 3
fevral.- S.5.