UNESCO-nun qızıl diskində səsi
qorunan sənətkar
Xalq artisti Yusif Muxtarovun
75 illiyi qeyd edilib
Görəsən, neçə belə
sənətkarımız var
ki, səsi UNESCO-nun qızıl diskinə yazılaraq qorunub saxlanılır? Yəqin ki,
belə xoşbəxt
sənət adamlarını
barmaqla saymaq olar. Azərbaycanın Xalq artisti Yusif Muxtarov məhz belə xoşbəxt tale sahiblərindəndir.
Yanvarın 31-də
R.Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti, “Qızıl dərviş” mükafatı
laureatı, tanınmış
diktor Yusif Muxtarovun anadan olmasının 75 illiyi münasibətilə anım
gecəsi keçirilib.
Tədbir iştirakçılarını
salamlayan Xalq artisti Amaliya Pənahova deyib ki, Yusif Muxtarov
onun üçün təkcə ömür-gün
yoldaşı deyil, həm də əsl sənət dostu idi. Yusif Muxtarov UNESCO-nun iki qızıl diskinə səsi yazılan yeganə azərbaycanlı
diktordur. Bəşəriyyət dillərinin gələcək
nəslə çatdırılması
və mühafizəsi
məqsədilə hazırlanan
bu disklərdə Azərbaycan dili Y.Muxtarov səsində təqdim olunur.
Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Milli Məclisin deputatı Jalə Əliyeva və başqaları Yusif Muxtarovun həyat yolundan, yaradıcılığından söz açıblar.
Bildirilib ki, onun səsi ilə lentə alınmış 300-dən artıq
ədəbi-bədii veriliş
Azərbaycan radiosunun
“qızıl fondu”na daxildir. Onun bənzərsiz səsi bu gün də
yaddaşlardadır.
Gecədə Y.Muxtarovun həyat
və yaradıcılığına
həsr olunmuş “Qüdrətli və əvəzsiz səsin sahibi” sənədli filmi nümayiş olunub. Telli Pənahqızının müəllifi olduğu nəfis tərtibatlı “Səsin xiffəti (esse)” kitabının təqdimatı keçirilib.
Kitabda Y.Muxtarovu yaxından tanıyan, sənətini qiymətləndirən, həyat
və yaradıcılığına
bələd olan tanınmış elm və
mədəniyyət adamlarının
ürək sözləri,
xatirələri toplanıb.
Qeyd edək ki, Y.Muxtarov
1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Bakıda Xalq Təsərrüfatı İnstitutunda
ali təhsil
alıb. Fitri istedadı, incəsənətə
marağı onu sənətə gətirib
çıxarıb. Azərbaycan Dövlət
İncəsənət İnstitutunda
oxuyub. 1964-cü ildən Azərbaycan Dövlət Teleradio Komitəsində diktor kimi fəaliyyətə başlayıb. 1994-cü ilədək diktor, ictimai-siyasi verilişlər
redaksiyasının baş
redaktoru, diktor şöbəsinin bədii
rəhbəri vəzifələrində
çalışıb. 30 il Azərbaycan
radiosunda aparıcı
diktor kimi fəaliyyət göstərib.
Onun fəaliyyəti təkcə
radio ilə məhdudlaşmayıb.
Tələbəlik illərindən başlayaraq,
teatr səhnəsində
oynadığı rollar
onun aktyorluq istedadını üzə
çıxarıb. Bədii (“Baladadaşın
ilk məhəbbəti”, “Gecə
qatarında qətl”) və televiziya filmlərində, teatr tamaşalarında yaddaqalan
obrazlar yaradıb.
Yusif Muxtarov 1992-ci ildə fəaliyyətə başlayan Bakı Bələdiyyə Teatrının da yaradıcısı və təşkilatçısı, ilk sərəncamçı direktoru olub. İncəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub, tələbələrə səhnə danışığı fənnini tədris edib. Görkəmli sənətkar 2010-cu ildə vəfat edib.
Gecədə sənətkarla bağlı unudulmaz xatirələr söylənilib və onun əsl diktor kimi qoyub getdiyi irsin gənc nəslə örnək olduğu vurğulanıb.
Mədəniyyət.- 2017.- 3
fevral.- S.7.