Azərbaycanın dünyəvi təranəsi
Son on ildə haqqında
yazdığım bu üçüncü
məqalə onun “Üçüncü
simfoniya”sı fonunda...
Bu simfoniya barədə saysız-hesabsız gözəl fikirlərdən, heyranlıqlardan biri də, məşhur musiqi nəzəriyyəçisi M.Aranovskinin ilk baxışda quru səslənən bir qənaəti: “Qara Qarayev bu ecazkar əsərində 12 tonlu texnikaya müraciət edərkən milli ənənələrlə əlaqəni ustadlıqla davam etdirir, bu texnikanı “öz milli musiqi dili” çərçivəsində heyrətamiz şəkildə çatdırır”.
Bu yazımda “bu Tanrısal istedad sahibilə bağlı nə kimi yeni epitetlər işlətməli” istixarəsində ikən, “xalqımıza Tanrı lütfü” ifadəsi ardınca, ovaxtların “Qara Qarayev və Nazim Hikmət” kimi ictimai əks-sədalı bir olayını da xatırladım. Hə, dövrün mühüm bir tədbirində onlar salonun qapısına eyni anda yaxınlaşır və Qarayev hörmətlə deyir: “Nazim əfəndi, buyurun”. N.Hikmətsə eyni sayğıyla “Xeyr, öncə Siz buyurmalısınız” deyir. Şairdən yaşca kiçik (və ovaxtlar ondan daha məşhur) olmasını nəzərə alan bəstəkar: “Nazim əfəndi, xahiş edirəm, Siz böyüksünüz” söylərkən Nazim Hikmət: “Əvvəlcə dahilər, sonra böyüklər!” - deyərək onu qucaqlayıb salona salır...
Mətləbə qayıdaraq əlavə edim ki, “Üçüncü simfoniya” şedevrini dalbadal bir neçə kərə dinləyən D.Şostakoviç belə bir qənaətə gəlib: “Bu böyük azərbaycanlının böyük uğurlarından biri də, milli ənənələri, ən müasir musiqi formalarını klassik irslə yalnız özünəxas bir ustalıqla sintezləşdirməsidir”.
Bu məqamda hərdən “kosmopolitizm”də qınanılan bu fövqəlmillinin öz sözlərini də xatırlayaq: “Yanılırsınız, yoldaşlar. Mən həyatım boyu öz xalqımızın mədəniyyətilə nəfəs almışam. Mən bu xalqı ən müdrik müəllimim hesab etmişəm. Mən “İldırımlı yollarla” baletimdə də, hətta “Don Kixot” qravürlərimdə də büsbütün azərbaycanlıyam!..”
Belə nəhənglərdən layiqincə bəhs etmək üçün universal ahənglər gərək...
Çünki
belələri öz sənətlərilə
öz portretlərini hamıdan
yaxşı yaratmışlar. Bu nəhəngin
də - başqaları tərəfindən fırça və
sözlə yaradılmış portretləri az
deyil. Ancaq bunlar onun özü yox, hər biri
fraqmental bir cüzi...
Məsələn,
siz onun fotolardakı baxışlarına
bir də baxın! Kadrlardakı jestlərini, hər
an eko-kültüral taktlar
ovlayan göz qırpımlarını, bəşəriyyəti
psixo-sosioloji imtahanlardan
azad etməyə yönəli melo-terapiya testlərini xatırlayın.
Asta baxın, bəstə xatırlayın,
usta düşünün...
Şax-şahanə duruşunda bir
vuruş. Geniş və
apaçıq (hər
iki mənada) alnı tale və sənət ekranı.
Bir qulağı həmsöhbətində,
o biri - doxsan doqquz tam onda doqquzunu tanımadığı,
üzlərini görmədiyi
müasir milyonların,
gələcək milyardların
yeni gözləntilərində;
özü də ədasız, hay-küysüz.
Amma həm də “darı dələn” nisbətində...
Bu məqamda
onun “kosmopolitizm”inə
dair daha bir xatirə. Bir gün jurnalistlərdən
biri (Vaqif Əlixanov) ona zəng edib, radio üçün müsahibə
almaq istədiyini bildirir və “gəlin, evdə söhbətləşək” cavabını
alır. Qapını
özü açır
və müxbir ayaqqabılarını kandarda
çıxarmaq istərkən,
çox səmimi bir təklif eşidir: “Lazım deyil, buyurun, keçin. Ayaqqabınızı
məscidə gedəndə
çıxararsız...”
Bu an onun bu sözlərinin təsirindən çıxıb,
uzun illər “kosmo”luqla “səslənmiş”
həmin simfoniyasının
xəyalatına dalıram...
Ən yeni texniki üsulla (və həm də (!) Azərbaycan aşıq havacatından qeyri-adi ustalıqla istifadəylə) yazılmış
bu simfoniya yalnız bu azərbaycanlı bəstəkarın
yaradıcılığında deyil, ümumən sovet musiqisinin inkişafında yeni mərhələ sayılıb.
Həmin “mərhələ”yədək...
Bu böyük
yenilikçi haqda bir az sonra
toxunacağım “ilk”liklərə
ayaq olaraq öncə qeyd edim ki, 1918-ci il fevralın 5-də Bakıda (məşhur həkim-pediatr Əbülfəz
Qarayev və Sona xanım İsgəndər qızı
ailəsində) anadan
olub, nəticədə
milli-bəşəri sənət
və ziyalılıq
zirvəsinə yüksəlmiş
bu dahi özünəqədərki
nəsil-şəcərəsində ömrünü bütünlüklə
musiqi sənətinə
həsr etmiş Qarayev kimi də
ilk...
İyirmi beş-otuz yaşlarından
möhtəşəmliyə yürüməyə başlamış
bu fenomenin dahiliyini elə o çağlardan Ü.Hacıbəyli,
D.Şostakoviç, İ.Stravinski,
L.Koqan, T.Xrennikov kimi nəhənglər də etiraf edir, bir qədər
sonralar maestro Niyazi, S.Hacıbəyov, A.Məlikov,
dostlarından akademik A.Mirzəcanzadə onun haqqında heyranlıqla danışır, dövrünü
xeyli qabaqlamış musiqisinin incəlikləri
barədə son dərəcə
orijinal məqalələr
yazırdılar.
Bizsə
(60-70-ci illərin təəssübkeş
tələbələri) bu
kimi nüansları “milli can dəftəri”mizə
köçürər və
(elə o illərin işlək leksikonuyla desək) “dotələb” tələbəlik zamanı
keçdikcə “analiz”
edib görərdik bunların, demək olar, hamısı onun mütləq dahiliyindən xəbər
verir. Dinləyicilik, mahiyyətəvarıcılıq qabiliyyətimiz dərinləşdikcəsə,
bu “xəbər”lərdə
“o boyda istedad, şan-şöhrət müqabilində
bu boyda sadəlik, təvazökarlıq
Mübtədası?!” kimi
heyrət hissləri də keçirərdik...
Təpədən-dırnağa, qaynaqdan-qaymağa dünyəvi sənət
adamı olmuş bu fenomen haqda
danışılan “yerli”
söhbətlərin özü
də incəsənət
dad-tamında. Məsələn, deyirlər, məişət
məsələlərində asanlıqla aldadılası
bu adamı sənət aləmində
kiçicik bir yanlışa da qoşmaq mümkünsüzmüş.
Bütün canı-qanıyla
bakılı olsa da, sonralar öz
musiqilərilə fəth
edəcəyi meqapolislərə
nisbətdə çox
balaca olan bu şəhəri düz-əməlli tanımırmış...
Amma...
Bu şanlı
Azərbaycanlı dünyəvi
sənətlərin ən
munis-mənəvisi olan
Musiqi “şəhər”inin
hər döngə-dalanına
bələd və onun fateh-hökmranlarından
idi!..
O bu zirvəyə tək elə ilahi vergi doğuluşu ilə yox, əhatə
olunduğu insani təlim-təmrinlər - universal ziyalılıq-kübarlıq səciyyəli
bir ailədən, habelə Üzeyir Hacıbəyli dərsləri
hesabına yüksəlmişdi.
O, bu nüansı vaxtaşırı müsahibələrində
də vurğulayırdı:
“...Mən təhsilə
Hacıbəyovdan başlamış,
Şostakoviçdə tamamlamışam.
Şərq və Qərb
məndə - ilk bəstəkarlıq
təcrübələrimdən etibarən bir vəhdət təşkil
edib”. Bu, bəstəkarın dünyanın
müxtəlif xalqlarının
ictimai-mədəni-siyasi həyatındakı
mətləblərə müraciətən
yazdığı əsərlərdə
də hiss olunur və əlavə edək ki, həmin
nümunələrin heç
biri bizim milli musiqi taktlarımızdan
xali deyil. O, fərqli musiqi mədəniyyətlərinin qarşılıqlı
əlaqədə öyrənilib,
bəstələrdə reallaşdırılmasını
tələbələrinə də daim tövsiyə
etmişdir.
İndi, yuxarıda onun yenilikçi-“ilk”çiliklərinə
etdiyimiz bir işarəti davam etdirək:
- unikal
əsərlərinin dünya
səhnələrinə personal-yol tapmasıyla beynəlxalq aləmdə tanınan ilk Azərbaycan bəstəkarı;
- “Birinci
simfoniya”sıyla milli simfoniya janrının təməlçisi, musiqi
sənətinin, demək
olar, bütün janrlarında şedevr işləmələri və
s.
Bu böyük
İnsanın sırf
“sənət möhürlü”
olmayan bir “ilk”i haqda isə
(həm də əvvəldən vurğuladığım
“fon” və “kosmopolitizm” terminlərinin
diktəsilə) belə
bir yarımbaşlıq
-
Deyirlər, yazırlar və görmüşəm ki...
Bunu o dövr “ağzıgöyçək”lərinin
işlətdiyi “jest termini” kimi yaza bilərdim.
...Bəstəkarın
anası dünyasını
dəyişib. Nizami kinoteatrıyla üzbəüz
“monolit” binanın həyət-bacasında adam əlindən tərpənmək olmur. Əksəriyyət gözləyir ki,
ha indi, ha bir azdan burada dəfn
orkestri gurlayacaq.
Amma… birdən, başı əmmaməli üç-dörd
molla “Ərrəhman” surəsi oxuya-oxuya həyətə çıxır.
Arxalarınca atlaz örtüklü mafə,
mafə ardıncasa isə, bu şan-şöhrətdə
ikən bütün görkəmindən anasızlıq
yağa-yağa irəliləyən
Qara Qarayev...
...Və bir səs: “Bu da, “vidimo”, bir
jest. Yəni, mən əsl xalq adamıyam...”
“Dövrün diktəsi” də hesab ediləsi o atmacanın alt qatı da vardı və
bu matəm mərasimindəki “molla məsələsi” fəal
gedişatı xeyli dərəcədə durğunlaşdırır.
Bu anlarda Qara
müəllim, müxtəlif
baxışlı gözlər
önündəcə sürətlə
qocalır. Və bunu
ilk olaraq duyan Xalq şairi Rəsul Rza ləngərli addımlarıyla
izdiham içərisindən
çıxıb, ona
yaxınlaşır və
ehtiramla qoluna girir. Hamıdan artıq hüznlü dahi, ağrısına və müsəlman əxlaqına şərik
dahini yanında görüb dirçəlir,
başını ehmallıca
onun çiyninə söykəyir, hiss olunacaq
dərəcədə xəfifcə
hönkürür və
biri-birinə sığınıb,
yaradıcılıqlarındakı bənzərsizlikləri xatırladan
addımlarla izdihamla birgə irəliləyirlər...
Tahir
Abbaslı
Mədəniyyət.- 2017.- 3
fevral.- S.10.