Bakıda maestro Niyazinin abidəsi ucaldılıb
“İndi vaxt keçdikcə, biz daha aydın şəkildə görürük
ki, Niyazi dahi şəxsiyyət idi”
Fevralın 2-də Bakının Niyazi küçəsində
yerləşən parkda
görkəmli dirijor,
SSRİ Xalq artisti,
maestro Niyazinin abidəsinin
açılış mərasimi
olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı maestro Niyazinin abidəsinin açılışını edib.
Bürüncdən hazırlanan heykəlin
müəllifi Xalq rəssamı Ömər Eldarov, memarı Əməkdar memar Elbay Qasımzadədir.
Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü
1 metrə yaxındır.
Heykəlin üst plitəsi
royalın qapağı
formasındadır, pyedestal
qara qranitdən hazırlanıb.
Mərasimdə
çıxış edən
Prezident İlham Əliyev Azərbaycan xalqının böyük
oğlu Niyazinin abidəsinin açılmasının
əlamətdar hadisə
olduğunu vurğulayıb:
“Niyazi böyük Üzeyir Hacıbəylinin
layiqli davamçısı
idi. Niyazi Azərbaycan dirijorluq
məktəbinin əsasını
qoymuşdur və bu gün onun
davamçıları öz
sənəti ilə bizi sevindirirlər.
O, Sovet İttifaqında
ən tanınmış
və ən istedadlı dirijorlardan biri idi. Azərbaycanı, Azərbaycan xalqını
həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını
nümayiş etdirirdi.
Onun dirijorluq sənəti xalqımızın böyük
dəyəridir və
demək olar ki, Azərbaycan bəstəkarlarının bütün
simfonik əsərlərinin
birinci dirijoru Niyazi olmuşdur. Dünyada və sovet məkanında
dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl
bəstəkar idi, onun əsərləri bu gün də
yaşayır”.
Prezident Niyazinin böyük ictimai fəaliyyətinin də olduğunu, onun bir neçə
çağırış Azərbaycan Ali Sovetinin deputatı seçildiyini,
SSRİ Xalq artisti adına layiq görüldüyünü, Sovet
İttifaqının ən
böyük mükafatı
- Sosialist Əməyi
Qəhrəmanının qızıl
ulduzu ilə təltif edildiyini diqqətə çatdırıb:
“Bu təltiflər və
eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük
şəxsiyyət, böyük
sənətkar və Azərbaycan xalqının
layiqli nümayəndəsi
idi. Biz haqlı
olaraq onun sağlığında da
onunla fəxr edirdik, bu gün
də fəxr edirik.
Mənim Niyazi ilə
bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri
bağlayırdı. Heydər Əliyev
həmişə Niyaziyə
çox böyük diqqətlə, qayğı
ilə yanaşırdı.
Dəfələrlə Niyazi müəllim
və Həcər xanım bizim evimizdə olmuşlar.
O məclislərdə mən
də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox
gözəl xatirələri
olmuşdur, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi.
O xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə,
əlbəttə, biz daha
aydın şəkildə
görürük ki, Niyazi dahi şəxsiyyət
idi”.
Prezident vurğulayıb ki, Azərbaycan dövləti
mədəni irsimizə
həmişə böyük
diqqətlə yanaşır:
“Biz görkəmli şəxsiyyətlərimizin
xatirəsini yaşadırıq,
əbədiləşdiririk. Son bir neçə il ərzində
şəhərimizin mərkəzində
ardıcıllıqla görkəmli
mədəniyyət xadimlərinin
- Fikrət Əmirovun,
Qara Qarayevin, Bülbülün, Rəşid
Behbudovun abidələri
açılmışdır. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə
Niyazinin abidəsi də açılır.
Niyazinin adı əbədiləşdirilib.
Azərbaycan teleradio şirkətinin
simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır.
Onu da qeyd etməliyəm
ki, bu il bir neçə
görkəmli şəxsiyyətlərimizin
yubiley tədbirləri
dövlət səviyyəsində
qeyd ediləcək. Bülbülün 120 illik,
Tofiq Quliyevin, Cövdət Hacıyevin
100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara
Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək.
Ümumiyyətlə, demək istəyirəm
ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti
çox güclü milli-mənəvi köklər,
əsaslar üzərində
qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim
gücümüzün mənbəyi
milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir”.
Qeyd olunub ki, Azərbaycan
dövlətinin siyasətinin
əsas istiqamətlərindən
biri də humanitar sahə - mədəniyyət, incəsənət
və ədəbiyyat
ilə bağlıdır:
“Son illər ərzində
bu istiqamətlərdə
böyük işlər
görülmüşdür. Bizim 20-dən
çox teatrımız,
muzeyimiz əsaslı şəkildə təmir
olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə
baxmayaraq, mədəniyyətin
inkişafına maliyyə
və maddi dəstəyini əsirgəmir.
Çünki bu, həm bu gün üçün,
həm də gələcək üçün
lazımdır. Öz mədəniyyətini
qoruyan dövlətlər
həm hörmətə
layiqdir, eyni zamanda, daha böyük
uğurlar qazanır.
Bax, biz o
dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur
mənbəyimizdir. Biz
mədəniyyətimizi qoruyuruq
və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil
artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların
qatıldığı muğam
festivalları, muğam
müsabiqələri çox
böyük maraq doğurur və bütün bölgələrdən
olan gənclər, uşaqlar, yeniyetmələr
çalışırlar ki,
o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər.
Bu, çox əlamətdar
hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi
deyil. Muğam müsabiqələri bizim milli musiqimizi
yaşadan tədbirlərdir.
Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif
bölgələrdə muğam
evlərinin yaradılması,
musiqi məktəblərinin
tikilməsi bu istiqamətdə atılan
düzgün addımlardır.
Mən
son illər ərzində
bölgələrdə dəfələrlə
musiqi məktəblərinin,
uşaq yaradıcılıq
mərkəzlərinin, muğam
mərkəzlərinin açılışlarında
olmuşam və bütün bu binalar, orada yaradılmış şərait
əlbəttə ki, bizi sevindirir və bir daha
bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar
Niyaziyə ucaldılmış
bu abidənin açılışı bax,
bu sıradan olan addımlardır”.
* * *
Sonra Bakı Musiqi Akademiyasının rektoru,
Xalq artisti Fərhad Bədəlbəyli,
bəstəkar, Xalq artisti Faiq Sücəddinov,
beynəlxalq müsabiqələr
laureatı, dirijor Əyyub Quliyev, Xalq rəssamı, heykəltəraş Ömər
Eldarov çıxış
ediblər.
Prezident İlham Əliyev
abidənin önünə
gül dəstəsi qoyub. Dövlət başçısı mərasimdə iştirak edən mədəniyyət
və incəsənət
xadimləri ilə söhbət edib.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki,
Niyazi dirijorluq fəaliyyətinə
ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci
ildə ilk dəfə olaraq
Azərbaycan xalq musiqisinin
klassik nümunələrini - “Rast” və “Şur”u nota köçürən
Niyazi 1946-cı ildə gənc
dirijorların baxış-müsabiqəsinin laureatı adını
qazanıb, 1949-cu ildə ən məşhur əsərini
- “Rast” simfonik
muğamını yazıb. Böyük sənətkar
müxtəlif vaxtlarda Azərbaycan və
SSRİ dövlət mükafatlarına, Hindistanın C.Nehru adına beynəlxalq mükafata
layiq görülüb.
Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
Mədəniyyət.- 2017.- 3
fevral.- S.2.