Səslərin ətri olur, rəngi olur, dadı olur...”

 

 

 

   50 yaşını qeyd edən xanəndə Teyyub Aslanovun ifalarının ruhu da var

  

   Ağlım kəsəndən evimizdə muğam məclislərinin şahidi olmuşam. Görkəmli xanəndələrimiz Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Ağababa Novruzov Ağaxan Abdullayevin ifaları, maraqlı söhbətləri bu gün unudulmaz xatirə kimi yaddaşıma yazılıb. Hər birinin öz yolu, öz dəst-xətti var idi. Birini dinləyib qəzəl dünyasına, digərinin ifası ilə muğam ecazkarlığına vurğun olmuşdum...  

   Amma orta nəsil xanəndələrimizdən Əməkdar artist Teyyub Aslanovun ifasını dinləyəndə muğamlarımızla bağlı əvvəllər ağlıma gəlməyən dərinliklərə endiyimi hiss etdim...

   Əməkdar müəllim, unudulmaz muğam bilicisi Nəriman Əliyevdən sənətin sirlərini öyrənən Teyyub Aslanov bu yolda ilk gündən heç kəsi təkrarlamayıb, öz dəst-xətti ilə seçilib. İfası, özünəməxsus improvizələri ilə nəinki muğam həvəskarlarının, bu sənətə dərindən bələd olan muğam bilicilərinin rəğbətini qazanıb. Sənətşünas Cahangir Səlimxanovun xanəndə haqqında söylədiyi bir fikir burada öz təsdiqini tapır: “Teyyub klassik muğamı zədələmədən ona elə bir müasirlik gətirir ki, həmin muğam günün tələbinə çevrilə bilir. Misal olaraq son zamanlar ifa etdiyiBayatı-Şirazmuğamı, “Dara zülfünxalq mahnısı digərlərini göstərə bilərik”.

   Geniş səs diapazonu, poeziyanı, xüsusilə qəzəl janrını mükəmməl bilməsi, çox səlis tələffüzü onu xalqa sevdirə bilib. Bir , sənət dostlarının hər zaman qeyd etdikləri kimi, özünəməxsus qaval çalmağı onu daha çox fərqləndirən keyfiyyətlərdir. Musiqiçi öz istedadını xalqa çatdırmağı bacarmalıdır. Teyyub Aslanovun musiqisevərlər tərəfindən rəğbət görməsinin əsas şərtlərindən biri sənətini düzgün təqdim etməsidir.

   Hələ kiçik yaşlarından musiqiyə böyük həvəsi vardı. Azyaşlı Teyyubu qohum-tanışların şad günlərində mütləq oxutdurardılar. Bu həvəs onu orta məktəbin birinci sinfindən musiqi məktəbinə (nağara sinfi), daha sonra isə Bakıxanov qəsəbəsində Mədəniyyət sarayınınMahur” instrumental ansamblına gətirir. Orta məktəbi yaxşı qiymətlərlə bitirir, Azərbaycan Neft Kimya İnstitutuna daxil olur. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Geri döndükdən sonra Nəriman Əliyevdən özəl olaraq muğam dərsləri almağa başlayır. 1989-1994-cü illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində musiqili teatr aktyorluğu ixtisası üzrə təhsilini davam etdirir.

   1995-ci ildən muğam üçlüyü başqa ansambllarla bərabər ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya s. ölkələrdə konsert festivallarda iştirak edib. Heydər Əliyev Fondunun həyata keçirdiyi onlarla mədəni layihənin fəal iştirakçısıdır. Xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, müxtəlif qastrol səfərləri sənət ömrünə unudulmaz anlarla yazılıb.

   2001-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının solisti olan xanəndə 2012-ci ilədək 37 saylı Uşaq musiqi məktəbinin xanəndə sinfində, 2009-cu ildən Mədəniyyət İncəsənət Universitetində muğamın sirlərini yeni nəsillərə çatdırır. Müəllifi olduğu "Bayatı-Şiraz" muğamının ifaçılıq təfsiri” (2015) adlı metodik tövsiyə tələbələr üçün dəyərli tədris vəsaitidir.

  

   İnam, sevgi sənət

  

   Məncə, bunlardan ən üstünü sevgidir. Sevgi olmayanda inam, kamil sənət olur. Bir sənətkar üçün ən böyük dəyər isə xalqın sevgisidir. Teyyub Aslanovu xalqın sevgisi ilə yanaşı, yetişdirdiyi tələbələrinin sevgisi əhatə edir. Bu il 50 illik yubileyini qeyd edən xanəndə ilə görüşümüzdə söhbətimiz elə bu üç anlayış üzərində quruldu.

  

   - Teyyub müəllim, 50 illik ömrünüzü necə xarakterizə edərdiniz?

   - Yaşadığım hər günə şükür edirəm. Həyatımda yaxşı məqamlar çox olub.

   - Muğamda kiminsə yaradıcılığından bəhrələnmədən püxtələşmək mümkündürmü?

   - Bir var ki, sadəcə dinləyərək səs yazılarından öyrənəsən, bu zaman sənətin mahiyyətini başa düşməyəcəksən. Mütləqdir ki, ustad yanında öyrənəsən oxuduğunun məğzini başa düşəsən. Yalnız bu zaman insan özü ustad kimi yetişə bilər. Əslində yaradıcı insan bütün yaxşı sənətkarlardan bəhrələnməlidir.

   - Nüfuzedici səs o səsdir ki, onun ruhu var... Razısınızmı?

   - Təkcə səsin yox, yazılan mahnının, musiqinin ruhu olmalıdır. Mahnı oxumaq özü çətindir. 3-4 dəqiqəlik mahnını ifa edəndə onun xarakterini çatdırmağı bacarmalısan. Xarakter verməsən, obrazlı oxumasan tamaşaçını cəlb edə bilməzsən. Buna görə ifaya ruhunu da qatmalısan.

   - Tələbələrinizə bunu necə ötürə bilirsiniz?

   - Seyid Əzim Şirvaninin bir qəzəlində deyildiyi kimi, “Dedim: vüsalın üçün çox dualar eyləmişəm, Dedi: çatıbdı sənə etdiyin duaya qədər”. Biz çalışırıq tələbələrə bütün bunları aşılayaq. Tələbə dərəcədə qavraya bilirsə, o qədər götürür. Mən bu gün öyrənirəm, universitetə hazırlaşıb gedirəm.

   - Zamanla baxışlar, üslub dəyişir. Muğamda bu dəyişikliklər necə təzahür edir?

   - Muğam ta qədimdən təkmilləşərək bu günümüzə gəlib çatıb. Zamanla üslublar dəyişir, biz yeniliyə can atırıq. Çalışırıq yeni bir nəfəs, yeni bir çalar qataq ki, dinləyən kimin üslubu olduğunu hiss etsin. Hər kəs öz yolunu tapmalıdır ki, tamaşaçı onu sevə bilsin.

   - Yaradıcılığınızda müxtəlif janrlara müraciət edirsiniz: bəstəkar mahnıları, caz, etno-caz...

   - Müxtəlif janrlarda yaxşı musiqiləri dinləməyi xoşlayıram. Klassik musiqini çox sevirəm, o cümlədən romanslar, ariyalar s. Vokal sinfini bitirmişəm deyə lazım olanda ifa da edirəm. Caz qrupları ilə işləmişəm. Ritm üzərində oxumağı sevdiyim üçün bu mənə daha yaxındır. Böyük məmnunluqla orada özümü sınayıram. Bizdə cazla ifa edən xanəndələr azdır. Ritmi zəif olan xanəndə çətin ifa edə bilər.

   - Nəriman Əliyevin ifalarını dinlədim. Elə bil onun öyrətdiklərini zərrə-zərrə yığmısınız.

   - Çalışmışam ki, öyrənim. Müəllimliyi ilə yanaşı, həm çox gözəl insan idi. Mən onun evində dərs almışam. Böyük müəllim idi.

   - Bəs bu gün sizin öyrətdiklərinizi zərrə-zərrə mənimsəyən tələbələriniz varmı?

   - İstedadlı tələbələr çoxdur. Elə Nəriman müəllimin qardaşı nəvəsi tələbəmdir. Çox çalışqandır. Zaman gələcək, onlar muğam sənətində özlərini sübut edəcəklər.

   - Sizə ən yaxın olan muğam hansıdır?

   - Bütün muğamları sevirəm. Amma, deyəsən, mənə ən yaxın olanıRastmuğamıdır.

   - Sonda oxucularımıza sözünüz...

   - Allahımdan çox razıyam, dövlətimizə minnətdaram. Bir çox ölkələrdə muğam sənətimizi təbliğ etmişəm. Heydər Əliyev Fondu Mədəniyyət Turizm Nazirliyinin xətti ilə qastrol səfərlərində, festivallarda iştirak etmişəm. Sənətkar üçün bundan böyük səadət ola bilməz. Sağlıq olsun ki, bundan sonra da sənətimizi təbliğ etməyə imkanımız çatsın.

  

   Lalə Azəri  

 

Mədəniyyət.- 2017.- 3 fevral.- S.12.