“Bizim
kino günləri” davam edir
Kinoteatrlarda “Qatil” bədii filminin nümayişi başlanır
Fevralın
9-dan Mədəniyyət və
Turizm Nazirliyi və C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının birgə
layihəsi olan “Bizim kino günləri
2017” layihəsi çərçivəsində
“Qatil” bədii filminin kinoteatrlarda nümayişi başlanır.
Xalq yazıçısı Elçinin
eyniadlı pyesinin motivləri əsasında
rejissor Kamran Şahmərdanın çəkdiyi
“Qatil” filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və
Şüvəlan Mədəniyyət
evində baş tutacaq. Fevralın 15-dək davam edəcək
seanslar haqqında məlumat kinoteatrların saytlarında və “Azərbaycanfilm”in facebook səhifəsində yerləşdiriləcək.
“Qatil” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Filmin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Psixoloji dram janrında çəkilən ekran əsərində baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar. Filmi Elxan Cəfərov və Mehriban Zəki səsləndirib.
Mədəniyyət.- 2017.- 8
fevral.- S.4.