Musiqi məktəbi 85
yaşını qeyd edir
Bakının sayılıb-seçilən musiqi təhsili ocaqlarından biri də Rəşid Behbudov adına 2 saylı onbirillik Uşaq musiqi məktəbidir. Tədris müəssisəsi bu il 85 illik yubileyini qeyd edir.
Fevralın 10-da Azərbaycan Dövlət Filarmoniyasında məktəbin şagirdləri yubiley münasibətilə geniş konsert proqramı ilə çıxış edəcəklər. Kollektiv Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri ilə bir səhnəni bölüşəcək. Proqramda A.Rzayev, T.Quliyev, F.Mendelson, E.Qriq, C.Rossini, V.A.Motsart və digər bəstəkarların əsərləri səslənəcək.
Məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva bildirib ki, tədris ocağının əsas məqsədlərindən biri şagirdlərin öz yaradıcı potensialını aşkar etməkdə onlara dəstək olmaqdır: “Kollektiv bu məqsədləri həyata keçirmək üçün bütün imkanlara malikdir. Müəllimlərimiz uşaqları öz Vətənini, xalqını və milli dəyərlərini qiymətləndirən şəxsiyyətlər kimi yetişdirməyi özlərinə borc bilirlər. Respublikada musiqi təhsilinin ön sıralarında gedən qocaman sənət ocağı yeni nəslin musiqi tərbiyəsində mühüm rol oynayır”.
Qeyd edək ki, 1931-ci ildə Bakıda 1 və 2 nömrəli musiqi məktəbləri açılıb. 2 nömrəli məktəbdə L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf kimi dövrün tanınmış müəllimləri dərs deyib. İlk illərdə Azərbaycan Dövlət Filarmoniyasının binasında yerləşən məktəb 1 sentyabr 1940-cı il tarixdən müstəqil fəaliyyət göstərib.
Ötən illər ərzində məktəbdə tanınmış musiqiçilər nəsli yetişib. Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, əməkdar incəsənət xadimləri - musiqişünaslar İmruz Əfəndiyeva, Zemfira Qafarova, Həcər Babayeva, bəstəkarlar Azər Dadaşov, Gövhər Həsənzadə, Əməkdar artist Adil Gəray və başqaları bu təhsil ocağının yetirmələridir. Həmçinin dirijor Əyyub Quliyev, əməkdar artistlər Elnur Əhmədov, xanəndə Fərqanə Qasımova, pianoçu Nigar Məlikova, skripkaçı Vadim Sandler də məktəbin tanınan məzunları sırasındadır.
1990-cı ildə məktəbə dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli Musiqi məktəbi onbirillik tədris müəssisəsinə çevrilib. Məktəbin şagirdləri respublika və beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Təhsil ocağının nəzdində şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.
Lalə
Mədəniyyət.- 2017.- 8
fevral.- S.4.