Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olundu

 

 

   Sənədin praktik hissəsinin daha da işlək olması üçün müvafiq təkliflər hazırlanacaq

  

   Fevralın 3-də Bakıdakı “Bosfor hotel”də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən “Turizm müəssisələri ilə ” komissiyasının növbəti iclası keçirildi.

   İclasda ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, beynəlxalq və yerli turizm tədbirlərində iştirak mexanizminin araşdırılması, turizm müəssisələrində verginin tətbiqi ilə bağlı məsələlər müzakirə edildi.

   Komissiyanın sədri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış edərək ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışdı: “Bu gün Azərbaycan iqtisadiyyatı üçün əsas hədəflərdən biri də neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunmasıdır. Bu sahədə prioritet istiqamətlərdən olan turizm sənayesinin inkişaf etdirilməsində sahibkarların da üzərinə böyük məsuliyyət düşür”.

   Ruslan Quliyev turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı, eyni zamanda sadələşdirilmiş viza sisteminin tətbiqi, elektron vizaların verilməsi və bu il yanvarın 10-dan “ASAN viza” portalının fəaliyyətə başlamasını Azərbaycan turizmində yeni mərhələ adlandırdı.

   Qeyd olundu ki, “Turizm müəssisələri ilə ” komissiyası Strateji Yol Xəritəsinə dəstək verərək onun praktik hissəsinin daha da işlək olması üçün müvafiq təkliflər hazırlamalıdır.

   ASK-nın baş katibi Orxan Bayramov iqtisadiyyatın inkişaf etdirilməsində sahibkarlara göstərilən dövlət dəstəyindən danışdı. Bildirdi ki, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda biznes mühiti daha da inkişaf edəcək.

   Toplantıda iştirak edən qurumların nümayəndələri ölkəmizdə turizm sahəsində mövcud vəziyyətlə bağlı maraqlı təkliflər səsləndirdilər. İclasda qeyd olundu ki, komissiyanın əsas fəaliyyət istiqamətləri ölkəmizdə turizmin inkişafı üçün yeni imkanları, hədəfləri müəyyənləşdirmək, turizm sahəsində fəaliyyət göstərən qurumların işinin əlaqələndirilməsi, həmçinin sahibkarlığın inkişaf etdirilməsi üçün təkliflər hazırlamaqdan ibarətdir.

   İclasın sonunda Azərbaycan TurizmMenecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədi Bakı Turizm Peşə məktəbinin direktoru Neylufər Kərimova və assosiasiyanın sədri Ruslan Quliyev imzaladı.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.9.