Əlişir Nəvai -

 

 

 

   Dahi Nizamimizdən düz üç yüz il sonra doğulmuş dahi türkümüz...

  

   Doğuluş-yaranış aralarında bu qədər fərq olan bu dahilərin yaradıcılıq dünyalarında xeyli oxşarlıqlar var. Hər ikisi “Xəmsə” müəllifi (intəhası, Nəvai Şirinə Fərhadı, Gəncəvi isə Xosrovusevdirir”).

   Başqa nüanslara da toxunmalı olsaq; Nizami öz “Xəmsə”sini fars dilində, bütün ömrü boyu türkcəylə farscanın müqayisə “dava”çısı olmuş Əlişir isə türkcə (öz ana dili olan çığatay - qədim özbək dilində) yaratmışdır.

  

   Bu sənətkarın Azərbaycan oxucusu üçün kimliyi böyük Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi” kitabındakı “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” tədqiqatından başlanıb. Sonrakı dövrlərdə də dövri mətbuat və ədəbiyyatşünaslıq nümunələrində bu mütəfəkkir şair (və öz çağının məşhur rəsmi-rəyasət adamı) haqqında xeyli məlumat və təqdimatlar olub.

   Öz fundamental araşdırmasında “Nəvainin “Mühakimət ül-lüğəteyn” tədqiqatı fars ilə türk lisanı (dilləri) arasında ədibanə və adilanə bir mühakimətdən ibarətdir” qənaətinə gələn Firidun bəy, müəllifin türkcənin “daha zəngin və mükəmməl dil olduğunu isbatetdiyini vurğulayır, “belə olan surətdə, əlbəttə, mərhumun bu əsərinin biz türklər üçün ən lazımlı və qiymətli kitab” olmasından bəhs edir.

   Deyək ki, F.Köçərli dönəmindən sonra da Azərbaycan ədəbiyyatşünaslığında Ə.Nəvai dünyasına kifayət qədər müraciət və araşdırma (B.Çobanzadə - “Nəvai - dilçi”, H.Araslı - “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”, S.Mümtaz - “Ədəbiyyatımızda Nəvai təsiri”, M.Arif - “Böyük özbək şairi”, Ə.Nazim - “Əlişir Nəvai və biz” və b.) faktları olub. Bütün bunlarla yanaşı, ötən əsrin ortalarına məxsus ədəbi-tarixi bir -

  

   Giley” faktı da olub...

  

   Gümanımca, bu irfani “insident”ə arğac, məlum “37” dövrünün ədəbi-tənqidi bolşevizmindən keçib. Özü də, təbii ki, özbək türkü Nəvaiyə yanmaqlığa yox, ulu Azərbaycan oğlu Gəncəvinin dünya şöhrətini mümkün qədər badalaqlamağa yönəli.

   Qeyd edək ki, onların bu cəhdi baş tutmayıb. Hətta, “Dahi mütəfəkkirlər - Nizami və Nəvainin yubiley komitələrinin 3 dekabr 1940-cı il iclası”nda Xalq şairi S.Vurğunun söylədikləri Nəvai təbliğ-təşviqilə bağlı yuxarıda vurğuladığımız danılmaz faktları heçə çıxarmaq istəyənlərin (onlardan sitat gətirməyi gərəksiz saydıq) qənaətlərinə “təkzib” aktı kimi də səslənib: “Bəzi yoldaşlar deyirlər ki, biz Nizami ilə çox məşğul oluruq, Nəvai isə kölgədə qalır. Mən bu qənaətlə şərik deyiləm. Əvvəla, böyük insan heç bir zaman kölgədə qalmaz, ikincisi, Nəvainin əsərləri bizim xalqımıza çoxdan məlumdur. Bizdə Nəvainin “Fərhad və Şirin” poeması bütünlükdə tərcümə olunmuş, “Lirika” kitabını isə nəşrə hazırlayırıq”.

   Bu məqamda, böyük özbək mütəfəkkirinin müasir ədəbiyyatşünaslığımızda davamlı araşdırıcısı - yorulmaz nəvaişünas Almaz Ülvinin də adını (həm də Nəvai yaradıcılığındakı elmi-tədqiqati çabaların işıqlandırılması baxımından) məmnuniyyətlə qeyd etmək istərdim. Almaz xanımın “Əlişir Nəvainin “Məcalis ün-nəfais” təzkirəsində Azərbaycan klassikləri haqqında” adlı geniş yazısı bizə belə bir məlumat da verir ki, Nəvainin həmin əsəri “Həzrəti Xaqan Şahruh Mirzənin şahlıq dövründən başlayaraq müəllifin öz dövrünədək Heratda, Xorasan, Mərv, Məşhəd, Xarəzm, Səmərqənd, Azərbaycan və digər məkanlarda yaşayan (əksəriyyəti də farsca yazan) 459 şairfazil haqqında mükəmməl bir bioqrafik əsərdir. İllər, coğrafi məkanlar və şəcərəçilik prinsipləri əsasında tərtiblənərək qələmə alınmış bu əsər o dövrün tam və gerçək ədəbi mənzərə-güzgüsüdür”.

  

   Bu mənəvi-irfani “güzgü” -

  

   Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində - məşhur Teymuroğullarına mənsub aristokrat bir ailədə doğulub. Anasının ulu babasının nəslindən olan Mirzə Bayqaranın nəvəsi Hüseyn Bayqara ilə birlikdə böyüyüb təhsil alır və sonralar Teymurilər dövlətinin hökmdarı olan həmin dostu onu özünə köməkçi təyin edir. Nəvainin yaxşı bir dövlət xadimi olduğunu da görən hökmdar ona möhürdarlıq, divanbəyliyi və “əmir” rütbəsi verir. Dövrünün tanınmış alim və şairlərindən biri olan H.Bayqara ilə Ə.Nəvai Heratı dövrün ən böyük mədəniyyət mərkəzinə çevirirlər.

   Tək elə elm-sənətdə deyil, ölkənin mədəniyyəti və maddi-texniki inkişafında da böyük xidmətləri olan Nəvai öz çağının istedadlı sənətkarlarının xüsusi təşviq və himayəsi məsələlərinə diqqət yetirir. Ən əsas xidməti isə -

  

   Türkçülük”, “Türk dilçiliyi”...

  

   XV əsrdə klassik çığatay türkcəsinin həm də parlaq gələcəkli bir yazı dili kimi gerçəkləşmə prosesində Ə.Nəvainin müstəsna rolu dünya ədəbiyyatşünaslığının təsdiqlədiyi faktlardandır. Ancaq elə bu an, həmin ədəbiyyatşünaslar içərisində həmin fakta qarşı əbədi qısqanclıq “opponent”lərinin olması faktı haqda da düşünməli...

   Bəli, Nəvai müqəddəs Dil mübarizəsini, demək olar, təkbaşına aparırdı; özündən öncə və çağında Teymurilər dövlətində türkcə yazan sənətçilər həm çox az, həm də, az-para yazıb-yaratdıqları bu dilin təbliğ-təşviqində elə bir fəallıq etmirmişlər. Farscanı onlardan daha yaxşı bilib-duyan Nəvai isə (öz türkcəsində yazıb-yaratması, milli mədəniyyət və dövlət işlərilə çox ciddi məşğulluğu ilə yanaşı), “türkcəni qeyri-kafi sayan” soydaşlarını vaxtaşırı olaraq acı qınaq və kəskin tənqidlərə də vaxt ayırmalı olub.

   Bir-birindən dəyərli (16-sı mənzum, 16-sı mənsur) 32 “kiçik” əsərilə də mənsub olduğu xalqın sənət tarixinə düşəsi Nəvai (bu qədər “türkcə”çi ola-ola, hətta başlıqlarda belə ərəbcə-farscadan qaça bilmədən yazdığı) “Mühakəmət-ül lüğəteyn”, “Məcalisün-Nəfais” və beş məsnəvidən ibarət “Xəmsə”silə ölkə sərhədlərini aşan bir şöhrət qazanır. Şeirləri bütün türk dünyasında zövqlə oxunur, onu bir örnək kimi qəbul edən məşhur Türk şairləri şerlərinə nəzirələr, şəninə təriflər yazır. Müasirlərindən - böyük Osmanlı şairi Əhməd Paşa, sonrakı yüzilliyin Azərbaycan möcüzəsi Məhəmməd Füzuli ondan təsirlənir, bir çox Osmanlı ziyalısı, xüsusən, Yavuz Sultan Səlim onun heyranı olduqlarını bildirir, müasir formatlı kitabların 50-60 səhifəsi həcmində olan “Mühakəmət-ül lüğəteyn” əsərinin məzmun dəyərini “dəryalar qədər böyük” adlandıranlar olur. Həmin dəryadan bir damla: “Sözbir incidir ki, onun dənizi bütün mənaları özündə toplayan könüldür. Necə ki, dalğıcların dənizdən çıxardığı gövhərlərə zərgərlər yanında qiymət verilir, könüldən söz inciləri çıxarmaq şərəfinə çatanlar da bu işin mütəxəssisləridir. O incilər bu mütəxəssislər ağzında canlanır, qiymətlərinə görə yayılır və şöhrət qazanırlar...”

   Türkcə ilə farscanın müqayisəsində ikincinin “dərin mövzuları anlatmaqda xeyli gücsüz”, birincidəsə elə “yaranışından çox incəlik və özünəməxsusluqlar” olduğunu bildirən Nəvai, fikrinin davamında yazır ki, bu dildə “...ən yüksək mənaları ifadə üçün belə sözlər yaradılmışdır ki, bunlar elmli adamlar tərəfindən açıqlanırkən anlaşılar”. Bu sözlərdən düz yüzünü izaha çəkən müəllif qeyd edir ki; “...fars dilində bu yüz sözün incəliklərini, mənalarını ifadə edəcək sözlər yoxdurbu mənaları anlatmaq istərkən uzun-uzadı cümlələr yazarlar ki, o da ancaq ərəb sözlərindən istifadə ilə mümkündür. Məsələn, ağlamaq (yığlamaq): farslar bunu bir sözlə ifadə edirlər. Türk dilində isə bunlar da vardır: “ağlamsınmaq” (ağlayırmış kimi olmaq), “inləmək”, “sızlamaq” (için-için, görk etmədən), “hıçqırmaq” (yavaş səslə ağlamaq). Türkcədəki çaxın (şimşək) və ildırım sözləri farscada yoxdur. Bunları ərəb dilindən aldıqları bərq və saiqə sözlərilə ifadə edirlər. Fars ördəyin bütün növlərinə “mürğabdeyir. Türklərsə bu quşun erkəyinə “sona”, dişisinə “yaşılbaş”, fərqli növlərinə “çörkə”, “almabaş”, “maviqanad”, “dəmirqanad”, “alapəkə”, “bağçal”... deyirlər.

   Yüzlərlə bu kimi misallar çəkib, böyük areallı türkdillilərdə bu əvəzsiz milli-mənəvi anlaq sərvətimizə bənzərsiz sevgilər oyadan mütəfəkkir öz mühakimələrini belə yekunlaşdırır: “Türkün biliksiz və zavallı gəncləri öz aləmlərində gözəl sanaraq farsca şeirlər söyləməyə çalışırlar. Onlar dərin düşünsələr, bu qədər ənginlik, incəlik, dərinlik və zənginlikləri olan Türk dilində yazıb, sənətkarlıq nümayiş etdirməyin daha yaxşı olduğunu, şeirlərin daha çox bəyəniləcəyini anlarlar...”

   Bu mütəfəkkirin damarlarında axan qanın “özgürlük analiziüçün, sonda, bütün zamanların “həqiqət araşdırıcısı” kimi tanıdığım Y.E.Bertelsin bir frazasını xatırlatmaq istərdim: “Çin Nəvainin təsəvvüründə Uzaq Şərq olmayıb, Çin Türküstandır, onun qəhrəmanları isə Şərq türkləridir...”

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.12.