«Opera Art» festivalı dəvət edir
Martın 7-dən aprelin 13-dək Moskva Dövlət Konservatoriyasının Böyük
salonunda azərbaycanlı
opera ulduzu Dinarə Əliyevanın bədii rəhbəri olduğu II
«Opera Art» festivalı keçiriləcək.
Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının məzunu, Xalq artisti Xuraman Qasımovanın yetirməsi,
respublikanın Əməkdar
artisti, Moskva Böyük Teatrının
solisti Dinarə Əliyeva illərdir ki, bütün dünyada tanınır, Avropanın ən sanballı opera teatrlarında
çıxış edir.
Festival proqramına
daxil olan beş konsertdə
görkəmli müğənnilər,
dirijorlar, simfonik və xor kollektivləri
məşhur opera partituralarını
ifa etmək üçün bir araya gələcəklər.
Layihə barədə
yayılan məlumatda
deyilir ki, bu festivalı yaratmaqda Dinarə xanımın məqsədi
Moskva klassik musiqisevərlərini dünyanın
müxtəlif guşələrindən
olan dostlarının,
birlikdə çalışdığı
həmkarlarının sənətkarlığı
ilə tanış
etməkdir. Festivalın proqramında məşhur
operaların musiqisini həm fraqment, həm də konsert ifasında tam təqdimatı nəzərdə
tutulub.
Belə ki, «Opera Art» festivalında
teatrlarda seyrək oynanılan iki opera - C.Puççininin «Qaranquş»
(martın 7-də açılış
günü) və C.Verdinin «Trubadur» operaları (aprelin 6-da) konsert formatında təqdim ediləcək.
«Qaranquş»
operasında Maqdanın
partiyasını ifa edən Dinarə Əliyevanın tərəfdaşı
dünyaca ünlü
tenor Çarlz Kastronovo
olacaq. Digər partiyaları isə
Marina Zyatkova və
Alvaro Zambrano ifa edəcək. Yeri gəlmişkən, iki il əvvəl,
Berlində Alman Opera Teatrında «Qaranquş» operasının premyerasında
məhz bu heyət çıxış
etmişdi.
«Trubadur»a
dirijorluq etmək üçün 2015-ci ildə
İsrail Dövlət
Opera Teatrında tamaşaya
qoyulmuş operanın
musiqi rəhbəri, görkəmli dirijor Daniel
Oren dəvət edilib.
Bu tamaşa-konsertdə Dinarə Əliyevanın
(Leonora) tərəfdaşı moskvalıların da yaxşı tanıdığı
türk tenor Murat Karahan
(trubadur Manriko) olacaq.
Martın 16-na təyin edilmiş
kamera konsert proqramında Dinarə Əliyeva pianoçu Lübov Venjikin müşayiəti ilə
rus bəstəkarlarının
romanslarını ifa edəcək.
Martın 23-də xüsusi qala-konsert görkəmli vokal müəllimi Svetlana
Nesterenkoya ithaf edilib. Bu konsertdə pedaqoqun yetirmələri Yekaterina Lyoxina, Olqa Quryakova, Marina Zyatkova, Aleksey Neklyudov, Aleksandr Vinoqradov Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti
ilə öz sənət müəllimlərinə
ehtiramlarını bildirəcəklər.
Festivalın bağlanışı isə daha bir
qala-konset ilə əlamətdar olacaq.
Aprelin
13-də Dinarə Əliyeva
Amerika operasının
gənc ulduzu tenor Stiven Kastello ilə eyni səhnəni
paylaşacaq.
«Opera Art» festivalının proqramından
göründüyü kimi,
hər konsert opera sənəti pərəstişkarlarına
unudulmaz sənət zövqü bəxş edəcək.
G.Mirməmməd
Mədəniyyət.- 2017.-8 fevral.-
S.13.