Tanınmış musiqişünas
və pedaqoqun xatirəsi yad
edildi
Fevralın 9-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə ittifaqın Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas, pedaqoq, Əməkdar müəllim Natiq Vəliyevin anım tədbiri keçirildi.
Əvvəlcə C.Hacıyev adına 3 saylı onbirillik Uşaq musiqi məktəbinin “Renessans” xorunun ifasında Q.F.Hendelin “Ombra mai fu” əsəri səsləndirildi.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Natiq Vəliyevin qayğıkeş müəllim, istedadlı musiqişünas kimi yenilikçi fəaliyyətindən və təşkilatçılıq bacarığından söz açdı.
Qeyd etdi ki, Natiq Vəliyev, həqiqətən, çox işgüzar və öz işinin vurğunu idi, Bəstəkarlar İttifaqının tədbirlərində yaxından iştirak edərdi. Məhz bu keyfiyyətlər onu musiqi ictimaiyyətinə, həmkarlarına və şagirdlərinə sevdirmişdi. Təəssüf ki, belə istedadlı musiqişünas və pedaqoq aramızdan vaxtsız getdi.
Musiqişünas, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə çıxışında N.Vəliyevin həyat yolundan danışdı. Bildirdi ki, o, 1971-ci ildə indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirdikdən sonra M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoru vəzifəsinə işə qəbul edilib. O dövrdə filarmoniyanın direktoru maestro Niyazi idi. Onun özünə və ətrafdakılara qarşı çox tələbkar olması hər kəsə bəllidir. Natiq müəllimin işgüzarlığını, öz işinə vurğunluğunu müşahidə edən Niyazi onu filarmoniyanın baş musiqi redaktoru təyin edir.
Tədbirdə daha sonra bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova və başqaları çıxış edərək Natiq Vəliyevin fəaliyyətindən, insani keyfiyyətlərindən bəhs etdilər. Qeyd olundu ki, Natiq müəllim bacarığı, maarifçilik və təşkilatçılıq istedadı sayəsində paytaxtın musiqi ictimaiyyətinin rəğbət və ehtiramını qazanmışdı.
Çıxışlardan sonra söz musiqiyə verildi. Niyazinin
“Rast”, Qara Qarayevin “Aldonsa”, Tofiq Quliyevin “Laylay”, Azər Dadaşovun “Xatirələr”,
Sergey Raxmaninovun “Vokallar”,
Musa Mirzəyevin “Noktürn”,
Sərdar Fərəcovun
“Elegiya” əsərləri
səsləndirildi.
Tədbirin sonunda Natiq Vəliyevin oğlu Xəluq Vəliyev çıxış edərək
tədbirin təşkilatçılarına
və iştirakçılara
öz minnətdarlığını
bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 10
fevral.- S.3.