“İşığı tutmaq
olmur”
Belçikada azərbaycanlı rəssamın
sərgisi açılıb
Fevralın 5-də Belçikanın Otegem şəhərindəki “Deweer” qalereyasında istedadlı azərbaycanlı rəssam Aida Mahmudova ilk böyük miqyaslı fərdi sərgisini təqdim edib.
Sərgi həvəskar və peşəkar ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Ekspozisiyaya daxil olan və əsasən abstraktlaşdırılmış mənzərələrdən ibarət 20-dən çox əsər rəssamın təcrübəsində yeni olan aydınlıq, konsentrasiya və dolğunluğu ifadə edir. Əsərlər əsas fikri rəssam, kətan və çəkmək üçün istifadə olunan material arasındakı əlaqəyə yönəldir.
2015-ci ildə Bakıdakı Müasir İncəsənət Muzeyində keçirilmiş “Elysium” adlı sərgidəki rəsmlərdən fərqli olaraq, müəllifin bu əsərlərində materiala yanaşma artıq qarşılıqlı müqavimət şəklində deyil, maraq və kəşfetmə hissi ilə ifadə olunur. Rəssam rənglərin kətan üzərində azad hərəkət etməsinə imkan verir və nəticədə yaranan kompozisiyalar orqanik və sərbəst olur. Hər bir əsərdə xəyallarda canlandırılan mənzərələrin və kətan üzərində istifadə olunan materialların arasında sanki bir zərif oyun aşkara çıxarılır.
Bütün tablolarda akril, yapışqan, gümüşü folqa, yağlı boya, kömür, sement və gips kimi çoxlu sayda müxtəlif materiallardan bacarıqla istifadə olunub. Nəticədə, ərsəyə gələn əsərlər xüsusi zaman təəssüratı yaradır və özəl rəngkarlıq texnikası sayəsində yaradılır. Bundan başqa, bu heç də intellektual fəaliyyətin nəticəsi kimi baş vermir, bu, doğru zamanda və lazımi miqdarda yeni, gözlənilməz “inqrediyentlər” əlavə edilmiş düşüncə forması kimi ortaya çıxır.
Bu üsul müəllifin həmin rəsm əsərində əks etdirdiyi özəl və emosional hissləri vurğulayaraq, işığın, rənglərin və materialın oyununu yaradır. Bütün bunlar kətanın emosionallıqla yüklənməsinə, intuitiv və orijinal olmasına səbəb olur.
Sərgi martın 12-dək davam edəcək.
Qeyd edək ki, Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib. 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini bitirib. Bakı, Nyu-York, Sürixdə sərgiləri keçirilib, həmçinin 2013 və 2015-ci illərdə Venesiya Biennalesinin Azərbaycan pavilyonunda, digər qrup sərgilərində nümayiş olunub. “YARAT” Müasir İncəsənət Mərkəzinin təsisçisi və bədii rəhbəridir.
Mədəniyyət.- 2017.- 10
fevral.- S.5.