“Azərbaycanı kəşf et

 

 

 

   Britaniyada nəşr olunan kitab ölkəmizin tarixindən və müasir həyatından bəhs edir

  

   Böyük Britaniyanın “Senate” nəşriyyatının hazırladığı “Azərbaycanı kəşf et” kitabının ikinci buraxılışı işıq üzü görüb. Kitabda Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbiəti və idman sahəsində əldə etdiyi uğurlardan ətraflı bəhs olunur. Layihənin rəhbərləri Lord Devid Evans və Rəfiqə Hüseynzadədir.

   Kitab Prezident İlham Əliyevin müsahibəsi ilə açılır. “Azərbaycan: qlobal səhnədə oynadığı fəal rol” adlı müsahibədə dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyat, sosial və mədəniyyət sahələrində əldə etdiyi uğurlardan, iqtisadiyyatın şaxələndirilməsindən, idmanın ölkəmizin həm daxili inkişafında, həmçinin beynəlxalq mövqeyinin gücləndirilməsində oynadığı roldan ətraflı bəhs edib.

   Vurğulanıb ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi transmilli layihələr isə ölkənin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, qlobal iqtisadisiyasi əlaqələrinin gücləndirilməsində mühüm rol oynayıb. Prezident həmçinin regionların inkişafı üzrə həyata keçirilən dövlət proqramlarından, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında mühüm rolundan, respublikamızın mötəbər beynəlxalq tədbirlərə, o cümlədən ilk Avropa Oyunlarına, Formula-1 yarışlarına uğurla ev sahibliyi etməsindən danışıb.

   Kitabın “Ənənənin müasirliklə qovuşduğu məkan” sərlövhəli bölməsində qeyd olunur ki, əlverişli coğrafi mövqeyi sayəsində Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan Avropanın enerji tələbatının ödənilməsinə töhfə verir. Bölmədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs olunur, erməni işğalçılarının torpaqlarımızı zəbt etdiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır. Həmçinin Odlar yurdunun zəngin mədəni irsindən, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət festivallarından, incəsənət sərgilərindən bəhs edilir.

   Bugünkü Azərbaycanın mənşəyi” adlı bölmədə ölkəmizin qədim tarixindən danışılır, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin 70 ilə yaxın bir müddətdə Sovet İttifaqının tərkibində olduğu dövr barədə ətraflı məlumat verilir. Həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasından əvvəl və sonra respublikaya rəhbərlik etdiyi dövrlərdə gördüyü taleyüklü işlərdən, misilsiz xidmətlərindən danışılır.

   Kitabdakı digər bölmə “Mədəniyyətlərin kəsişməsi” adlanır. Burada Azərbaycan mədəniyyətindən, xüsusən zəngin musiqisindən söz açılır. Həmçinin XXI əsrdə də böyük rəğbətlə qarşılanan qədim Azərbaycan muğamının 2003-cü ildə UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğu diqqətə çatdırılır. Bu bölmədə dünyanın müasir memarlıq incilərindən biri sayılan Heydər Əliyev Mərkəzi, habelə Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Filarmoniyası, Müasir İncəsənət Muzeyi barədə məlumat verilir.

   Avropa üçün ilk” adlı bölmə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunub. Bu bölmədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın müsahibəsi təqdim edilir. Müsahibədə birinci xanım Mehriban Əliyeva ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, bu mötəbər tədbirin ölkəmizin qədim və zəngin mədəni irsinin dünyaya tanıdılmasında oynadığı roldan bəhs edir.

   Azərbaycanın müasir simasından, turizm imkanlarından, milli mətbəxindən, ölkədə yaradılan müasir idman infrastrukturundan da bəhs edən məqalələr çoxsaylı fotoşəkillərlə müşayiət olunur.

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.8.