“Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevirəm”
Mixail Qusman: “Mən tam rus mədəniyyətinin adamıyam, bununla belə milliyyətə görə yəhudi, tarixi yaddaşa görə Azərbaycan vətənpərvəriyəm. Bütün bunların hamısı məndə birləşib”.
Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, jurnalist, bakılı Mixail Qusman “Radio Svoboda”nın “Kult liçnosti” proqramının qonağı olub. O, ailəsi, Bakıda keçirdiyi uşaqlıq və gənclik illəri, öz sənəti və “Formula vlasti” müəllif proqramının qonağı olmuş məşhur adamlar haqqında danışıb.
Mixail Qusman “Formula vlasti” proqramının müəllifi və aparıcısı kimi dövlət və hökumət başçılarından 350-dən çox müsahibə alıb. Aparıcı Leonid Velexovun üç ən yaxşı müsahibənin adını çəkmək barədə xahişinə cavab olaraq, jurnalist Çin lideri Tszyan Tszemin, Səudiyyə Ərəbistanının Kralı Abdulla ilə yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də adını qeyd edib: “Heydər Əliyev. Hətta mənə elə gəlir ki, burada, hər şey aydındır. Ona görə ki, mənim formalaşmağım partiya təşkilatının, respublikanın birinci şəxsi kimi Heydər Əliyevin dövründə olub. O, Sovet Azərbaycanına uzun illər rəhbərlik edib. Mən isə orada komsomol idim. Mən həmişə deyirəm: “L.Brejnevi hər yerdə yaxşı qarşılayırdılar. O, D.Kunayev, V.Şerbitski ilə dostluq edirdi. Lakin o, “Qazaxıstan iri addımlarla irəliləyir” deməyib, “Ukrayna irəli addımlarla irəliləyir” də deməyib. Amma o deyib: “Azərbaycan iri addımlarla irəliləyir”... Azərbaycanın uğurları, nəticələri L.Brejnevi belə sözlər deməyə sövq edib. Bu, mübaliğə deyil.
Heydər Əliyev, əlbəttə, əfsanəvi siyasətçi idi. Mənim nəzərimdə təəccüb doğuracaq zəkaya və fenomenal yaddaşa malik idi. Bu müsahibə 2002-ci ildə olub. Özü də mən ondan yarım saatlığa xahiş etmişdim, lakin biz üç saat danışdıq! Mənə elə gəldi ki, bu, etiraf söhbətidir. O, heç vaxt bu cür böyük müsahibə verməmişdi. Bu, çox gözəl söhbət idi. Onu əbəs yerə “hakimiyyət ustadı” adlandırmayıblar. Fikrimcə, onun siyasi istedadına görə Azərbaycan həddindən artıq kiçik ölkə idi. Elə buna görə də Andropov onu Siyasi Büroya dəvət etdi... Əminəm ki, Andropov bir neçə il yaşasaydı, Heydər Əliyev sovet hökumətinin başçısı ola bilərdi”.
Mixail Qusman müsahibəsində deyib ki, o, hər ad gününü Bakıda qeyd edir. “Mən Bakını, öz doğma şəhərimi sevirəm və hər dəfə imkan düşəndə oraya gedirəm. Orada mənim valideynlərim dəfn edilib. Əgər mən heç olmasa ayda bir dəfə hər hansı bazar günü onların məzarına baş çəkməsəm (çünki bir qayda olaraq, qəbiristanlığa bazar günlərində gedirlər), özümü pis hiss edəcəyəm. Anam çoxdan - 1977-ci ildə vəfat edib. Atam onun yoxluğuna çox tab gətirə bilmədi. Ona görə də mən o vaxtdan çalışıram ki, ayda heç olmasa bir dəfə valideynlərimin məzarı üstünə gedim”, - deyə M.Qusman bildirib.
Jurnalist hər il Azərbaycanın paytaxtında keçirilən Bakı Humanitar Forumundan danışaraq deyib: “Xoşbəxtəm ki, Rusiya və Azərbaycan tərəfindən təsis olunan, indi isə iki prezidentin - Vladimir Putin və İlham Əliyevin himayəsi altında keçən beynəlxalq humanitar foruma bağlılığım var”.
Aparıcı Leonid Velexovun onun özünü qafqazlı, rus və ya yəhudi hesab etməsi barədə sualını Mixail Qusman belə cavablandırıb: “Ömrümün böyük hissəsini boya-başa çatdığım Bakı şəhərində keçirmişəm... Bakılı kimi bir millətin mövcudluğu barədə sözlər əbəs yerə deyilmir. Mən 10 il məktəbdə oxumuşam. Sonra öyrəndim ki, sinfimizdə on bir millətdən uşaqlar təhsil alıblar. Ailəmizin dörd nəsli Pyotr Montin küçəsi 111 ünvanında yaşayıb. Ev indiyədək qalır... 1899-cu ildə tikilmiş üçmərtəbəli binadır. Biz ikinci mərtəbədə yaşayırdıq. Orada doqquz mənzil vardı və altı millətin nümayəndələri yaşayırdılar... Mən bunu yenə də sonralar başa düşdüm. Uşaq vaxtımdan yalnız bütün bayramların - rus Pasxası, müsəlman Novruzu, yəhudi bayramlarının necə qeyd edildiyini xatırlayıram. Həmişə də hamı bir-birinə şirniyyat aparırdı. Bayramlarda ən ləzzətli nə hazırlanırdısa, onu qonşular bir-birinə aparırdılar. Bu şəhərdə indi multikulturalizm adlandırılan mühit var idi. Lakin o zaman bunu xüsusi sözlərlə adlandırmırdılar, Azərbaycan çoxmillətli dövlət idi və burada müxtəlif millətlərdən olan insanların birgə nikahının sayı da çox idi, sadəcə, insanlar bir ailə kimi yaşayırdılar. Bu həqiqətdir, nostalji mifologiya deyil. Bu, əsl həqiqətdir.
Başa düşürsünüz, mən tam rus mədəniyyətinin adamıyam, bununla belə milliyyətə, qana görə yəhudi, tarixi yaddaşa görə Azərbaycan vətənpərvəriyəm. Bütün bunların hamısı məndə birləşib. Mən özümü rus tarixi və xüsusən mədəniyyəti ilə tam eyniləşdirirəm. Mənim qəlbimə yəhudi kökləri yaxındır. Və mən Vətənim Azərbaycanı sonsuz məhəbbətlə sevir, ondan ötrü həyəcan keçirir və onun barəsində düşünürəm”.
Proqramın
aparıcısı Leonid Velexov
həmsöhbətinin sözlərinə qoşularaq
xatırladıb ki, onun
da ailəsi Bakı ilə sıx
bağlıdır: “Mənim nənəm və babam oradandır. Onlar “Şamaxinka”da yaşayıblar. Babam alman,
nənəm isə rus idi. Babam Nobellə birlikdə Bakıya neft çıxarmağa gələn
alman ailələrindən
idi. Mən də Bakını
çox sevirəm.
Bu, tamamilə xüsusi bir şəhərdir”.
Proqramda həmçinin Rusiyanın
dövlət xadimi Mixail Şvıdkoyun Qusmanlar ailəsinin Moskvada Bakı mühitini, Azərbaycan adət-ənənələrini necə qorumaları barədə fikirləri səsləndirilib.
Aparıcının
“Multikulturalizm, gözəl
qadınları (hər
halda bunlar təkcə Bakı şəhərində deyil)
ilə yanaşı, Bakının sirri nədədir?” sualına Mixail Qusman belə
cavab verib: “Mən Bakıya gələndə, xüsusilə
də hava günəşli olanda (belə günlər orada çox olur) şəhərdə
gəzməyi sevirəm.
Bir dəfə şəhərdə
gəzirdim və qarşıdan qızlar gəlirdi. Baxıb gördüm ki, mənim tanış
qızım gəlir.
Yalnız yaxınlaşandan sonra başa düşürəm ki,
o, mənim tanışımın
nəvəsi yerində
olar. Bax bu, çoxlu qanların qarışdığı
bakılı qızın
tipajıdır... Maraqlıdır. Çox-çox əvvəl, hələ
komsomolda işlədiyim
vaxt fikir verdim ki, 1970-ci illərdə müxtəlif
millətlər arasında
ən çox nikah Bakıda olub. Mən özüm yarıpolyak
olan azərbaycanlı
ilə ailə qurdum. Bunlar hamısı qarışıb.
Bu da mühitə
təsir etməyə
bilməzdi. Bu, beynəlxalq münasibətlərə
təsir etməyə
bilməzdi”.
1990-cı ilin
yanvar hadisələrindən
danışan Mixail Qusman
Bakıda və Sumqayıtda baş verənləri
təxribat adlandırıb: “Mən həmin vaxt
artıq Moskvada yaşayırdım. Ona görə də təəssüf ki, mənim təsəvvürüm hər halda bitkin olmayacaq.
Hesab edirəm ki, bunlar böyük və qorxunc təxribatlar idi. Hər
şeydən əvvəl, başa
düşmək lazımdır ki, Sovet İttifaqı... Sovet
xüsusi xidmət orqanları ittifaq respublikalarında baş
verən mərkəzdənqaçma qüvvələrindən
narahat olmuşdular. Bu təkcə Pribaltikada deyil, Azərbaycanda da, Gürcüstanda da,
Qazaxıstanda da baş
vermişdi. Bu, hər
yerdə oldu. Düşünürəm ki, bu ərazilərdə
münaqişələr, savaş yaratmaqla çalışırdılar ki, yerli elita
kömək üçün mərkəzə
müraciət etsin. Axı bunların
arxasında duran adamlar
təsəvvürlərinə gətirmirdilər və hətta
güman etmirdilər ki,
bununla onlar Sovet İttifaqının dağılmasına
kömək edirlər. Onlar bunu başa düşə
və təsəvvür edə bilməzdilər. İndiyədək
nə baş verirsə, oradan
- Sovet İttifaqından qaynaqlanır.
Bunların hamısı təxribat xarakteri
daşıyır və düşünülmüş
şəkildə edilmişdi. Mən, məsələn,
bakılıların tolerantlığına, azərbaycanlıların
tolerantlığına inanıram. Bütün
bunlar cəmiyyətin ən
aşağı təbəqəsinə hesablanmış məqsədyönlü
təxribatlar idi. Əslində adamları
təxribata yönəltmək elə də çətin deyil. Mən deyə bilmərəm ki, bakılılar ermənilərə nifrət
edirlər. Mən bunu bu
gün də hiss etmirəm.
Lakin həmin təxribatların nəticələri,
əlbəttə, gələcək nəsillər üçün nifrət toxumları cücərdib”.
Mədəniyyət.- 2017.- 10
fevral.- S.10.