“Ziyarətçilərin əl işlərimə böyük maraq göstərəcəyini gözləmirdim”

 

 

   Xəbər verdiyimiz kimi, bugünlərdə Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında” mövzulu regional seminar çərçivəsində zərgərlik məmulatlarının satış-sərgisi də təşkil olunmuşdu. Azərbaycan, Dağıstan və Gürcüstan zərgərlərinin əl işlərindən ibarət sərgidə ziyarətçilər həm də daşların gözəlliyini, qeyri-adi naxış və minaçılıq üsulunun sehrini göstərən zərgərlik sənəti nümunələri ilə tanış olmaq imkanı qazandılar.

   Sərgidə diqqətçəkən sənət nümunələri arasında gənc zərgər Füzuli Əlizadənin şəbəkə üslubunda hazırladığı milli suvenirlər də var idi. Tədbir müddətində onun sənət dünyası ilə yaxından tanış olduq.

   Həmsöhbətim sənətin sirlərini atasından öyrəndiyini və altı ildir bu sənətlə məşğul olduğunu bildirir: “Əvvəlcə zərgərliyin qaş bərkitmə növündə özümü sınadım. Sonra şəbəkə sənətinə meyl göstərdim. Çünki uşaqlıqdan bu sənətə böyük marağım vardı”.

   Gənc zərgər ölkəmizdə təşkil olunan müxtəlif sərgilərdə iştirak edib. Azərbaycan Rəssamlar İttifaqı, Xətai Sənət Mərkəzi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgilərdə mükafatlara layiq görülüb. Xalça Muzeyinin sərgisində iştirakı təsadüf nəticəsində gerçəkləşib: “Təqdim etdiyim işlərin seminar iştirakçıları və ziyarətçilər tərəfindən bu qədər maraqla qarşılanacağını təxmin etmirdim. “Muğam üçlüyü”, “Neft buruğukimi suvenirlərə ziyarətçilərin marağı mənim üçün gözlənilməz oldu”.

   Əsərləri haqqında məlumat verən usta qeyd edir ki, təmiz gümüşdən və qızıldan hazırlanan məmulatlar müəyyən zaman tələb edir. “Muğam üçlüyü” - tar, kamanqaval ekspozisiyası 6 aya hazırlanıb. “Neft buruğu” isə 2 ay müddətində ərsəyə gəlib. Ən çətinliklə başa gələn isə kamança olub. Hazırda Qarabağ xalçasını şəbəkə üslubunda hazırlayır və bu işininmaraqla qarşılanacağına əmindir.

   Füzuli zərgərlikdə ən ideal şəbəkənin Azərbaycan şəbəkəsi olduğunu düşünür. Bunu bizim şəbəkələrin digər nümunələrə nəzərən daha incə olması ilə əlaqələndirir. Onun fikrincə, bu sahədə müasir avadanlıqlardan istifadə işdə zaman itkisinin qarşısını ala bilər.

   Həmsöhbətim müasir dövrdə milli ornamentlərə marağı artırmaq üçün bu sahədə yenilikləri vacib hesab edir: “Bu gün şəbəkəni təkmilləşdirmək və müasir tələbata uyğunlaşdırmaq lazımdır. Bu cür yeniliklər sənəti daha da zənginləşdirər”.

   Gənc zərgərin ən böyük arzusu isə Azərbaycan Rəssamlıq Akademiyasında təhsil almaq, şəbəkə üslubunda işlədiyi milli mədəni irs nümunələrimizi xarici sərgilərdə təbliğ etməkdir.

  

   L. Azəri

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.11.