Tarixin dərslərini nəsillərə çatdıran ədib

 

 

 

   XX yüzilliyin əvvəllərində bədnam qonşularımızın xalqımıza qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətinin ağır nəticələrini əks etdirən ədəbi əsərlər böyük tarixi əhəmiyyətə malikdir. Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Cəfər Cabbarlının “1905-ci ildə”, Mirzə Bala Məmmədzadənin “Bakı uğrunda mübarizə”, Əyyub Abbasovun “Zəngəzur” və s. əsərlər bu baxımdan diqqətəlayiq nümunələrdir.

   Bu yazıda tanınmış yazıçı, dramaturq, şair, jurnalist, tərcüməçi Əyyub Abbasovun ömür yolundan söz açacağıq.

   Əyyub Cəbrayıl oğlu Abbasov 1905-ci ildə Zəngəzur qəzasının Şəki kəndində dünyaya göz açıb. İbtidai təhsilini kənd məktəbində alıb. Zəngəzurda baş qaldıran erməni millətçilərinin təqib və təzyiqləri üzündən valideynləri Naxçıvan şəhərinə köçməyə məcbur olur. Əyyub orta təhsilini burada bir nömrəli şəhər orta məktəbində başa vurur. Sonra Naxçıvan Pedaqoji Texnikumunda oxuyur.

   1921-ci ilin noyabrında Naxçıvanda “Şərq qapısı” qəzeti nəşrə başlayır və o, qəzetin fəal əməkdaşlarından biri olur. Bu qəzet eyni zamanda ədəbi mühitin inkişafına da müsbət təsir göstərir, gənc yazarlar qəzetin ətrafında sıx birləşirlər. 1926-cı ildə Naxçıvanda “Qızıl qələm” ədəbiyyat birliyi fəaliyyətə başlayır. Əyyub Abbasov birliyin rəhbəri seçilir.

   Ədəbi birliyin təşkilatçılarından olan, dövrün gənc ədəbi simalarından Müzəffər Nəsirli təşkilatın fəaliyyətinə dair xatirələrində yazır: “...Şəhərin komsomol klubunda Əyyub Abbasovun rəhbərliyi ilə ədəbi gecə keçirirdik. Gecəyə şəhərin xeyli ədəbiyyat həvəskarları toplanmışdı. Diqqətə çatdırılır ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında bu birlik haqqında xəbərlər, ədəbi yazılar verir. Ə.Abbasov, Ə.Kəngərli, Əli Zəbun və digərlərinin şeirləri Bakıda nəşr olunanKomsomol”, “Dan ulduzu”, “Qızıl şəfəq” ədəbi məcmuələrində, “Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “Kəndli” qəzetlərində dərc olunur. Bunlar Naxçıvanda ədəbi həyatın inkişafına geniş yol açırlar”.

   Ə.Abbasov 1928-ci ildə Bakıda Pedaqoji İnstituta qəbul olur. 1931-ci ildə ali məktəbi bitirərək Naxçıvana qayıdır, Pedaqoji texnikumda əmək fəaliyyətinə başlayır. O, eyni zamanda Maarif şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. 1933-cü ildə “Kommunist” qəzeti redaksiyasına işə dəvət olunur. 1934-1937-ci illərdə Leninqrad (Sankt-Peterburq) şəhərində redaktorluq və tərcüməçilik kursunda oxuyur. “Azərnəşr”də şöbə müdiri təyin olunan Ə.Abbasov sonra Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri üzrə Komitədə çalışır. 1943-1947-ci illərdə Azərbaycan KP MK-da təlimatçı, 1947-1948-ci illərdə Bakı Teatr Məktəbinin direktoru, 1949-1957-ci illərdə isə “Uşaqgəncnəşr”də şöbə müdiri vəzifələrində işləyir. Əyyub Abbasov 1957-ci ildə, 52 yaşında vəfat edib.

   Onun “Mübarizə” adlı ilk şeirlər kitabı 1931-ci ildə Naxçıvandakı “Şərq qapısı” mətbəəsində nəşr edilib. O, əyalətdə yazıb-yaratsa da, dövrün görkəmli yazıçı və şairlərindən Mirzə İbrahimov, Əli Vəliyev, Mehdi Hüseyn, Süleyman Rüstəmlə yaradıcılıq əlaqələri saxlayırdı.

   Müəllifin “Dar ağacı” poeması, “Mübarizə” kitabı oxucular tərəfindən maraqla qarşılanır. “Naxçıvan” şeiri dillər əzbərinə çevrilir. “Aqil və Sərvinaz” adlı pyesi 50-ci illərdə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulur. Sərvinaz rolunun ifaçısı, Xalq artisti Firəngiz Şərifova xatirələr kitabında bu tamaşadan da bəhs edib.

   Ə.Abbasovun çadırlar, “Vətən suları” (şeir kitabları), “Nailə” poeması və “Sevincpyesi işıq üzü görüb. Bədii tərcümə ilə də məşğul olan ədib M.AuezovunAbay”, K.Kirienkonun “Alyonkanın məktəbi”, Ə.Nəcminin “Bahar elləri”, L.LicaşvilininKetsxovelli” və s. müəlliflərin əsərlərini Azərbaycan dilinə çevirib.

   Ə.Abbasova geniş şöhrət qazandıran əsəri isə, təbii ki, “Zəngəzur” romanıdır. Birinci cildi 1952-ci ildə, II cildi 1957-ci ildə çap olunan əsər ötən əsrin əvvəllərində Azərbaycanın Zəngəzur mahalında mənfur ermənilərin soydaşlarımızın başına açdığı müsibətlərdən bəhs edir. Roman real həyatı əks etdirir, bu həyat isə tariximizə faciələrlə, qanla, göz yaşları, minlərlə insanın faciəsi kimi yazılıb. Erməni millətçilərinin türklərə nifrəti, intiqam, qisas, başqa xalqlara kin-küdurəti, rus və ingilislərin əl buyruqçularına çevrilməsi, tarixi türk torpaqlarında saxta dənizdən-dənizə Ermənistan dövləti yaratmaq planları, bolşeviklərin də “ümummilli məsələlərdə” daşnaklarla eyni fikirdə olmaları və s. məqamlar əsərdə geniş şəkildə əksini tapıb.

   Prezident Heydər Əliyev imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanla xalqımızın yaşadığı bu faciələrə tarixi-siyasi qiymət verib. Fərmandan sonra “Zəngəzur” romanı Azərbaycan və rus dillərində təkrar nəşr edilib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.15.