“Altaylardan Balkanlara”
Türk dünyası rəsm sərgisi bu dəfə Buxarestdə təşkil edilib
Rumıniyanın paytaxtı Buxarestdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan “Altaylardan Balkanlara” adlı türk dünyası rəsm sərgisi keçirilib. Sərgidə TÜRKSOY-un sənət fonduna daxil olan 33 tablo nümayiş olunub.
Beş gün (1-5 fevral) davam edən sərgi Yunus Əmrə İnstitutu, Buxarest Türk Mədəniyyəti Mərkəzi və Türkiyənin Rumıniyadakı səfirliyinin dəstəyi ilə Buxarestin ən nüfuzlu sənət məkanlarından biri olan ''Cercul Militar National'' sərgi salonunda gerçəkləşib.
Açılış mərasimində TÜRKSOY baş katibinin müavini Fırat Purtaş, Türkiyənin, Azərbaycanın, Qazaxıstanın Rumıniyadakı səfirləri Koray Ertaş, Fərid Abdinbəyov, Daulet Batraşev və Yunus Əmrə İnstitutunun Buxarest Türk Mədəniyyəti Mərkəzinin müdiri Tuna Balkan iştirak ediblər.
Tədbirdə çıxış edən Fırat Purtaş TÜRKSOY olaraq Rumıniyanın paytaxtında - “Şərqi Avropanın Parisi” adlandırılan bu mədəniyyət və sənət şəhərində türk dünyası rəssamlarının bənzərsiz sənət əsərlərini ziyarətçilərə təqdim etməkdən məmnun olduqlarını vurğulayıb.
Səfir Koray Ertaş isə qardaş ölkələrdən diplomat həmkarlarının da qatıldıqları sərginin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, sərgidə türk dünyasından 29 rəssamın əsəri yer alıb: “Belə mədəni tədbirlər Rumıniya xalqı və türk dünyası coğrafiyası arasında daha sıx işbirliyinin qurulmasına vəsilə olacaq”.
Sərginin açılış mərasimindən sonra buxarestli sənətsevərlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət baş müdirliyi sənətçilərinin ifasında konserti dinləyiblər.
Mehparə
Mədəniyyət.- 2017.- 10
fevral.- S.16.