85 yaşlı
musiqi məktəbinin
yubiley konserti
Fevralın
10-da Azərbaycan Dövlət
Filarmoniyasında Bakı
şəhəri Rəşid
Behbudov adına 2 nömrəli onbirillik Uşaq musiqi məktəbinin 85 illiyinə
həsr edilmiş konsert proqramı təqdim olundu.
Əvvəlcə
Mədəniyyət və
Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri
Yaşar Əliyev nazir Əbülfəs Qarayevin məktəbin kollektivinə ünvanlanan
təbrik məktubunu oxudu. Təbrikdə təhsil ocağının
Azərbaycan musiqi mədəniyyətinə verdiyi
töhfələr yüksək
dəyərləndirilir, kollektivin
bundan sonrakı fəaliyyətində yeni-yeni
uğurlar arzulanırdı.
Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış
edərək məzunu
olduğu təhsil ocağının yaranma tarixi və fəaliyyəti haqqında
söz açdı. Bildirdi ki, Azərbaycanda ən qocaman təhsil ocaqlarından olan 2 nömrəli Uşaq musiqi məktəbi 1931-ci ildə
Üzeyir Hacıbəylinin
təşəbbüsü ilə yaradılıb, məktəbin ilk direktoru Fatma Səmədova olub. Sonra təhsil ocağına
Zivər İbrahimova rəhbərlik edib. 1986-cı ildən bu günə kimi məktəb Əməkdar mədəniyyət
işçisi Qəmər
Quliyevanın rəhbərliyi
ilə fəaliyyət
göstərir.
Qeyd olundu ki, təhsil ocağında L.Yeqerova, R.Siroviç, R.Gelman, M.Rudolf və başqa musiqiçi-pedaqoqlar dərs
deyib. İlk illərdə Azərbaycan
Dövlət Filarmoniyasının
binasında yerləşən
məktəb 1940-cı il sentyabrın 1-dən
müstəqil fəaliyyət
göstərib. Ötən illər
ərzində məktəbdə
tanınmış musiqiçilər
nəsli yetişib.
Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə
Eyvazova, əməkdar
incəsənət xadimləri
- musiqişünaslar İmruz
Əfəndiyeva, Həcər
Babayeva, bəstəkarlar
Azər Dadaşov, Gövhər Həsənzadə,
Əməkdar artist Adil
Gəray və başqaları bu təhsil ocağının
yetirmələridir. Həmçinin
dirijor Əyyub Quliyev, əməkdar artistlər Elnur Əhmədov, xanəndə
Fərqanə Qasımova,
pianoçu Nigar Məlikova, skripkaçı
Vadim Sandler də məktəbin tanınan məzunları sırasındadır.
Diqqətə çatdırıldı ki, 1990-cı ildə məktəbə dünya
şöhrətli müğənni,
SSRİ Xalq artisti Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən 2 nömrəli
Uşaq musiqi məktəbi onbirillik tədris müəssisəsinə
çevrilib. Məktəbin şagirdləri respublika və beynəlxalq müsabiqələrdə uğur
qazanırlar. Təhsil ocağının
nəzdində şagirdlərdən
ibarət xalq çalğı alətləri
orkestri, xor kollektivi və skripkaçılar ansamblı
fəaliyyət göstərir.
Sonra səhnə şagirdlərin
ixtiyarına verildi.
Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri ilə eyni səhnəni
bölüşmək şagirdlər
üçün əsl
iftixar hissi olmaqla yanaşı, həm də yüzlərlə tamaşaçı
qarşısında böyük
məsuliyyət idi.
Yubiley konsertinə yüksək səviyyədə hazırlaşan
kollektiv üzərinə
düşən missiyanın
öhdəsindən bacarıqla
gələ bildi.
Şagirdlərdən Nurlan
Mustafazadə, Ceyla Babayeva, Leyla Hüseynli, Leyla Tomayeva, Rauf Nəcəfzadə, Mirəli
Əlizadə, Nazənin
Mustafazadə, Reyhan Abdulcəlilova, İlahə
Nəcəfzadə, Leyla
Məmmədzadə və
məktəbin birləşmiş
xor kollektivinin çıxışları böyük
alqışlarla qarşılandı.
Gecədə A.Rzayev, F.Mendelson, E.Qriq, C.Rossini, T.Quliyev, V.A.Motsart, L.V.Bethoven, V.Monti, K.Qardel və digər bəstəkarların yaradıcılığından
nümunələr səsləndirildi.
Konsert proqramı bir
daha sübut etdi ki, 85 illik
yubileyini qeyd edən təhsil ocağının kollektivi
qarşıya qoyulan məqsədlərə çatmaq
üçün geniş
imkanlara malikdir.
Lalə Azəri
Mədəniyyət.- 2017.- 15
fevral.- S.5.